Cəmiyyət

"Hər birimiz qürurla deyə biləcəyik ki, Azərbaycan bunu bacardı!"

26 May 2015 15:15
Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan gündən-günə inkişaf edir və özünün sürətli dövrünü yaşayır. Ölkənin bütün sahələrində görülən işlər öz uğurlu nəticələrini göstərir və ölkəmiz illərdir beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir". Bunu Trend-ə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə deyib.

Ş.Seyidzadə qeyd edib ki, Azərbaycanın inkişafı, sabitliyi və illərdir beynəlxalq tədbirlərin təşkilində təcrübəsi Bakı-2015 1-ci Avropa Oyunları kimi Avropanın ən əlamətdar tədbirlərindən birinə ev sahibliyi etməsinə əsas yaradır: "Oyunların ölkəmizdə keçirilməsinin əhəmiyyətini bir sıra amillərlə vurğulamaq mümkündür. İlk növbədə anlamaq lazımdır ki, Avropa Oyunları ilk dəfədir təşkil olunur. "İlk"lər isə daim tarixdə qalır. Yəni növbəti Avropa Oyunlarının hansı ölkədə təşkil olunmasından asılı olmayaraq, hər dörd ildən bir keçiriləcək Avropa Oyunlarında məşəl Azərbaycandan aparılacaq, ölkəmiz daim xatırlanacaq və yaddaşlarda qalacaq".

ARGTMŞ sədri vurğulayıb ki, əlbəttə, torpaqlarının 20 faizi işğal altında olan bir ölkənin həqiqətlərinin beynəlxalq aləmə çatdırılması üçün ilk növbədə, ölkənin özü tanınmalıdır.

O bildirib ki, yalnız Oyunlarda iştirak üçün ölkəmizə gələcək idmançılar, onların məşqçiləri, mətbuat nümayəndələri, Avropa Oyunları Təşkilat Komitəsində təmsil olunan ölkələrin sayına nəzər salmaq kifayətdir ki, Oyunların keçirilməsinin Azərbaycanın tanınması və beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində faydası dərk olunsun: "Digər tərəfdən, Oyunların ölkəmizdə təşkili Azərbaycanda müxtəlif idman növlərinin populyarlaşması və onlara marağın artması, eləcə də sağlam həyat tərzinin təbliğinə imkan yaradacaq. Ölkəmizə gələn qonaqlar Azərbaycanın tarixi abidələri, dəyərləri ilə yaxından tanış olacaqlar. Oyunların faydasını ifadə edən bir amil də Avropa Oyunlarının ölkəmizdə könüllülük hərəkatının inkişafına təkan verməsidir. Oyunların təşkili və idarə olunması prosesinə cəlb olunmuş 18 min könüllü xarici təcrübəyə yiyələnəcək və ölkəmizdə keçiriləcək digər beynəlxalq tədbirlərin təşkilində də bu təcrübədən faydalanacaqlar".

Ş.Seyidzadənin sözlərinə görə, əlbəttə, Avropa Oyunları zamanı istifadəyə verilən idman tikililəri və qurğuları, Oyunlar zamanı və sonra əldə olunacaq fayda Azərbaycan xalqına məxsusdur: "İnanıram ki, Oyunların təşkilində peşəkarlıq, xalqımızın qonaqpərvərliyi ilə Bakı-2015 Avropa Oyunları ölkəmizdə yüksək səviyyədə təşkil olunacaq və hər birimiz qürurla deyə biləcəyik: "Azərbaycan bunu bacardı!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.