Cəmiyyət

Elə isə inkar etdiyinizə görə əzabı dadın...

26 May 2015 21:45
Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!'' - deyərdilər. Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara belə buyuracaq: "Bu, (öləndən sonra dirilmək) haqq deyilmi?'' Onlar: "Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)" - deyə cavab verəcəklər. (Allah) buyuracaq: "Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!" (əl-Ənam, 6/29-30). 

İnsanların qəbul etməkdə çətinlik çəkdikləri ən mühüm həqiqət öldükdən sonra dirilmək və onun ardınca başlayacaq axirət həyatıdır. Peyğəmbərlər və ilahi vəhy ən çox bu mövzu ilə əlaqəli əks-reaksiya ilə qarşılaşmış və inkar edilmişlər. Buna görə də Uca Allah müxtəlif dövrlərdə öldükdən sonra diriliş həqiqətini müxtəlif möcüzə və dəlillərlə isbat edir. Təsəvvür edirsinizmi, bu mövzu ilə əlaqəli açıq-aydın möcüzələr yaşanır və hər şeyi gözləri ilə görən nəsibsizlər yenə də inkar yoluna davam edirlər.

Yuxarıdakı ayə cahiliyyə dövrü ərəblərinin ümumilikdə axirətə inanmadıqlarını göstərir. Həmçinin bu ayədə müşriklərin, ümumi mənada da inkar edənlərin xüsusiyyətlərindən birinə işarə edilir. Axirət həyatını inkar etmək şirkdən, yəni Allahı inkar etməkdən və ya ona ortaq qoşmaqdan sonra ən böyük günah sayılır. Çünki Qurani-Kərimdə tez-tez "Allah və axirət gününə iman" bir yerdə zikr olunaraq, bu inancın əhəmiyyəti və axirəti inkar etməyin küfrün asas əlamətlərindən biri olduğu göstərilir. Onu da vurğulayaq ki, axirətə inanmaq imanın şərtlərindən biridir və o olmazsa, insanın imanı da olmaz. Yəni axirətə inanmayan heç Allaha da iman etmiş sayılmaz. Çünki "Allaha inandım'' deyən birisi axirətə inanmırsa, beləsinin Allaha inanması da doğru deyil və ya onun inancı son dərəcə qüsurludur, naqisdir.

Nüfuzlu müşriklərdən biri əlində sümük parçası ilə sevgili Peyğəmbərimizin yanına gəlir və əlindəki sümüyü parçalayıb, "belə parça-parça olduqdan sonra Allah bunu dirildəcək, eləmi?''- deyir. Allahın Rəsulu da "Bəli, hələ desən, səni də öldürəcək, sonra dirildəcək və cəhənnəmə atacaq'', - cavabını verir.

Müqəddəs Kitabımızda bu hadisə belə qiymətləndirilir:

"Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək, Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!' - deyə, hələ bizə bir məsəl də çəkdi. De ki: "Onları ilk dəfə kim yoxdan var etdisə, O da dirildəcəkdir. O hər bir məxluqu çox gözəl tanıyandır! O yaradan ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız". Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur! Bir şeyi istədiyi zaman Onun buyurduğu ona ancaq: "Ol!" deməkdir. O da dərhal olar. Hər şeyin hökmü (ixtiyarı) qüdrət əlində olan Allah pakdır, müqəddəsdir. Siz Onun hüzuruna qaytarılacaqsınız!" (Yasin, 36/77-83).

Müasir dövrdə də "görmədiyimə inanmaram" və "axirətə gedib-gələn varmı?" kimi sözlərlə axirət həyatının inkar edildiyini görürük. Əslində yaşadığımız bu həyat axirətin varlığına dəlil olaraq yetər. Rəbbimiz bizi yoxluğun qaranlıqlarından çıxarıb, işıqlı bir aləmdə həyat dediyimiz nemətə qovuşdurduğuna görə öldükdən sonra eyni prosesin yenidən təkrar olması necə imkansız ola bilər? Üstəlik, təkrar diriltmək birincisinə görə daha asan deyilmi? Ayrıca, bir yerdən və yaxud bir şeydən xəbər vermək üçün o yerə getmək və yaxud o şeyi mütləq gözümüzlə görməyimiz də vacib deyil. Astronomiya elmi bizə ulduzlardan, samanyolundan və qalaktikalardan danışır. Kosmosda hələ də işığı bizə çatmayan neçə-neçə ulduzlar var. Bəs oralara kim gedib-gəlib?

Əsrimizdə insan ağlı hər nə qədər mahiyyəti və ölçüləri başqa olan bu aləmi həqiqi mənada dərk etməkdə aciz olsa da, varlığı saysız dəlillərlə isbat edilən axirəti mümkün hesab edir. Əqli cəhətdən mümkün olan bir şeyin varlığı da xəbər yolu ilə gələr. Bütün peyğəmbərlər və kitablar axirətin varlığını və insanın təkrar dirilərək bu dünya həyatında etdiklərinə görə mühakimə olunacağını xəbər vermişdir. Üstəlik, axirətin olmaması zalımların zülm etməsinə sərbəstlik vermək deməkdir. Bəs zülmə məruz qalanların haqqını kim ödəyəcək? Haqq- hüquq tanımayan, öldürməkdən zövq alan və etdiklərinin cəzasını çəkmədən ölənlərin etdikləri əvəzsizmi qalacaq? Elə isə axirət vardır və olmalıdır.

Axirəti inkar edənlər axirətdə Allahın hüzuruna gətiriləcək, Allah onlarla danışacaq, onlardan suallar soruşacaq və cavablar alacaq. Bu dünya həyatından başqa, həyatın varlığını qəbul etməyənlər orada axirət həyatının həqiqət olduğunu yaşayaraq görəcəklər. Nəticədə Rəbbimiz onlara belə buyuracaq:

"Elə isə inkar etdiyinizə görə əzabı dadın". 
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.