Cəmiyyət

"Məni qaçırdanda bir qızı vardı, ikinci uşağı da gözləyirdilər..." - ARAŞDIRMA

25 May 2015 23:56
3 Şərh     Baxış: 7 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mənim 68 yaşım var. Həyat yoldaşım 18 il əvvəl dünyasını dəyişib. 14 yaşında qaçırmışdı məni. 9 övladımız dünyaya gəldi.  O zamanlar mən sevgi nədir bilmirdim. Gözümü açıb, elə onu görmüşdüm", - deyir Firəngiz xala.

Bakı kəndlərinin birində nəvəsi ilə yaşayan Firəngiz xalanı həyat yoldaşı məktəbə gedəndə görübmüş. Özündən 12 yaş böyük olan Oqtay kişi qıza sevgi məktubları da yazırmış. Sonra bir gün dərsdən gələndə qızı qaçırıb, Mərdəkan kəndinə gətirir. Bir müddət burada yaşayandan sonra gənc ailə Binədə torpaq alıb, ev tikir. Bu evlilikdən 9 övladları dünyaya gəlir. Firəngiz xala deyir ki, oğlu birinci sinfə gedəndə həyat yoldaşı ilə rəsmi nikaha daxil olub: "Oğlumun 9 yaşı var idi. Məktəbə qoymaq istəyirdik. Sənədlərini düzəltmək üçün nikah kəsdirdik. Yoldaşımda xərçəng xəstəliyi tapılana qədər xoşbəxt yaşadıq. Bu illər ərzində bir dəfə də olsun məni nə döyüb, nə söyüb, nə də incidib".
Bu, Azərbaycanda və demək olar ki, bütün Şərq dünyasında artıq adət halını almış qaçırılma yolu ilə ailə həyatı qurmuş bir qadının evlilik hekayəsidi. Qız qaçırılma yolu ilə ailə quranlar indi də var. Doğrudur, çoxları hesab edir ki, əvvəllər qaçırılma ilə qurulan ailələr daha möhkəm olurdu. Ər arvadını, arvad ərini sözündən çıxıb ailə qurduqları adamların qarşısında boynubükük etmirdi. İndi isə toy və rəsmi nikahla qurulan ailələr belə, 6 aya - 3 ilə dağılırsa, qaçırılma ilə qurulan ailələr daha tez bitir. Bunu hər gün efirlərdə, saytlarda yayılan xəbərlərdən də görmək mümkündür.
22 yaşlı Aygün xanım danışır ki, 5 ayın gəlini olub: "İki il öncə kəndimizə qonaq gəlmiş Elçin adlı bir oğlan məni qaçırdı. Elçin başqa rayondan idi. Deyirdi subaydı, məni sevir. Məni qaçırtmaq istəyirdi, mən isə toyla, nişanla ailə qurmaq istəyirdim. Bir gün işdən gələndə qarşımda bir "07" dayandı. İki nəfər qolumu burub, zorla məni maşına saldı. Sükanın arxasında Elçin idi. Məni öz rayonlarına, Beyləqana apardı. Gördüyüm mənzərədən dəhşətə gəlmişdim. Elçin ailəli idi. Bir qızı vardı, həyat yoldaşı ikinci uşağa hamilə idi".
Aygün danışır ki, getdiyi ilk gündən Elçinin ailəsi onunla yaxşı davranmayıb. Ona evdə qulluqçu kimi yanaşıblar. Elçin isə "mənim həyatım budur, yaşamırsan çıx get", - deyirmiş. Bir gün başına gələnlərə dözə bilməyən Aygün evdən qaçır və bətnindəki körpəsi ilə Bakıya gəlir. Aygün deyir ki, o gündən Elçin bir dəfə də olsun nə onunla, nə də körpəsi ilə maraqlanıb. Kafelərdə qab yuyan Aygün elə kafelərdə də yaşayır. Valideynləri isə onu "qaçmış qız" olduğu üçün qəbul etmək istəmir.
"Burada pis heç nə yoxdur..."
AMEA Folklor İnstitutunun elmi işçisi, folklorşünas Aynur Qəzənfərqızı deyir ki, qoşulub qaçma ilə qurulmuş ailələrdə, adətən, kişi məsuliyyətini daha yaxşı anlayır: "O başa düşür ki, mən bu qızı atasının, anasının, qardaşının əlindən alıb gətirdimsə, deməli, ona elə davranmalıyam ki, mənimlə qaçdığına görə heç vaxt peşman olmasın. Qaçan qız isə düşünür ki, əgər mən doğmalarıma rəğmən bu insana qoşulub qaçmışamsa, ailəm daha sağlam olmalıdır ki, bu hərəkətimə görə məni haqsız bilməsinlər".
A.Qəzənfərqızı bu məsələdə də istisnaların mövcudluğunu etiraf edir. O hesab edir ki, qaçan qızların bədbəxt olma ehtimalı da böyükdür. Yəni bu məsələdə fərdilik özünü göstərir.
Folklorşünas bildirir ki, qaçırılma ailələrdən hər iki tərəfin, ya da bir tərəfin razılığı olmayanda baş verir. Onun fikrincə, Qərb ölkələrində qız qaçırmaya yaxşı yanaşmırlar. Bu ölkələrdə gənclər valideyn razılığı olmadan evlənsələr də, qız qaçırılma psixoloji çatışmazlıq kimi dəyərləndirilir. Səbəb isə qız qaçıranların çox zaman manyak, psixoloji problemli insanlar olmasındadır. Azərbaycanda isə kişilər sevgililərini çox sevdikləri, bir ömür yaşamaq istədikləri üçün qaçırırlar. Sevgi nəticəsində baş tutan qız qaçırma ilə qurulan ailələr çox hallarda xoşbəxt olur: "Ümid edirəm ki, çox qədim tarixi olan qız qaçırma da bir çox adətlərimiz kimi, Qərbin təsirilə sıradan çıxmaz. Hesab edirəm ki, gənclər bir-birini itirməmək, möhkəm ailə qurmaq üçün qoşulub qaçırsa, burada pis heç nə yoxdur. Bu məsələnin digər tərəflərini isə qanunlar daha yaxşı izah edir".
Qız qaçırma hadisəsinin diqqət çəkən başqa bir tərəfi də var. Bir çoxları bu hadisəni qədim tarixi olduğuna əsaslanaraq "feodal dövrünün qalığı" kimi qiymətləndirsələr də, əslində hazırkı dövrdə vəziyyət əksinə dəyişib. Belə ki, "valideyn razılığı, xeyir-duası" kimi ənənəvi mental normalara qarşı çıxaraq, sevgini və birgə yaşamağı dəyərləndirən gənclərimizin belə addımı təqdirə layiqdir. Əlbəttə, söhbət normal ağılla qəbul olunmuş qərardan gedir.
"Belə evliliklər çox az davam edir"
Psixoloq Aynur Əlibəylinin fikrincə, "qaçmış qız" ifadəsi hardasa 5 il əvvəl üçün daha ağır status idi. Zaman keçdikcə hər şey adiləşdiyi kimi, bu da adiləşdi. İndi çox az ailələr var ki, qaçırılmış qızlarına sahib çıxmır. Müsahibimiz bildirir ki, çox zaman qız qaçırıldıqdan sonra başına gələnlə razılaşıb, ailə həyatına davam edir. Bəzən isə  taleyinə boyun əyməyib, ya atası evinə qayıdır, ya da yaşadığı mühitdən tamamilə uzaqlaşır. Psixoloqun fikrincə, qaçırılma artıq adət halından çıxaraq həyat tərzinə çevrilib. Kimin kimdən xoşu gəlirsə, götürüb aparır. Adını da qoyur ki, evlənmək üçün qaçırmışam: "Amma təəssüf ki, bu evliliklər çox az davam edir. Ya bir il, ya beş ay. Qaçırılma yolu ilə ailə qurub xoşbəxt olan qadınlar da çox deyil. Düşünün, xoşunuza gəlməyən, çirkin hesab etdiyiniz, ən ağır şəkildə desək, toxunmağa diksindiyiniz biri sizi qaçırır və siz bütün həyatınızı onunla keçirməlisiniz. Nə edə bilərsiniz? Əgər bir də bu insanın ailəsi sizi qəbul etmirsə. Hələ üstəlik evlidirsə..."
Psixoloq deyir ki, belə travma yaşayan qadın çox nadir hallarda sonradan başqa biri ilə xoşbəxt ola bilir. Belə qadınların həyata, insanlara, xüsusən də kişilərə inamı olmadığı üçün yenidən ailə qurmaq onlara yuxu kimi görünür: "Əgər qaçıb peşman olan qadının uşağı varsa, həyatı daha çətin olur. O, həm uşağını dolandırmalı, həm də özü yaşamalıdır. Belə qadınlar daha tez aldanır. Çünki məsum olurlar, inanmaq istəyirlər. Elə çox zaman da belə qadınlar pis yola düşür və ya insan alverinin qurbanına çevrilirlər".
A.Əlibəyli bildirir ki, indi cəmiyyət arasında qaçırılmış qıza əvvəlki kimi pis baxmırlar: "Əvvəlki dövrlərdə qaçırılmış qız geri qayıda bilməzdi, mütləq ömrünü o ailədə yaşamalı idi. İndi isə özünüz də şahidsiniz ki, qaçırılmış qızlar valideynlər tərəfindən geri qaytarılır, qaçıranlar isə cəzalarını çəkirlər".
Bəs oğlanları qızı qaçırmağa nə vadar edir? Psixoloq bunun bir neçə səbəbinin olduğunu bildirdi. "İlk amil qızın razı olmamasıdır. Qız sevmədiyi insanla münasibət saxlamaq istəmir. Kişi eqosu isə bunu özünə sığışdıra bilmir. İkinci səbəb valideynlərin narazılığıdır. Qızın və ya oğlanın valideynləri narazı olduğu halda yeganə çarə qoşulub qaçmaq olur. Qaçırılmaya, qızın və ya oğlanın ailəsinin maddi imkanlarının aşağı və ya yüksək olması da səbəb ola bilər".
Müsahibimiz bildirir ki, əvvəllər qız qaçırma ailə qurmaqla nəticələnsə də, indi adam oğurluğu sayıldığı üçün azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir.   
Qanun nə deyir?
Faustus Hüquqi Xidmətlər Mərkəzinin direktoru, hüquqşünas Vasif Rzayevin sözlərinə görə, adam oğurluğu cinayət əməli İnsan hüquq və azadlıqları haqqında 1948-ci il Ümumdünya İnsan hüquqları Bəyannaməsinə Azərbaycan Respublikasının qoşulması ilə əlaqədar AR Cinayət Məcəlləsinə daxil edilib: "Adam oğurluğu dedikdə, zərərçəkmiş şəxsin iradəsinə zidd və ya iradəsindən kənar surətdə onu daimi və ya müvəqqəti yaşadığı, yaxud faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb saxlama başa düşülür. Bu cinayət müxtəlif motivlərlə törədilə bilər: qisas, tamah, qısqanclıq, xuliqanlıq və s".
Qız qaçırma hadisələrinin əksəriyyətində qızın razılığı və iradəsi olur ki, bu da birbaşa adam oğurluğu cinayət əməlini istisna edir. Sadəcə, qız qaçırma halları tərəflərin valideynlərinin razılığı olmadığı hallarda baş verdiyi üçün valideynlər dərhal bu barədə hüquq-mühafizə orqanlarına məlumat verirlər və qaçıran tərəfin cinayət məsuliyyətinə cəlb edilməsini prinsip olaraq tələb edirlər, özləri də bunun yalan olduğunu bilmələrinə baxmayaraq, bu əməli adam oğurluğu kimi qiymətləndirirlər. Halbuki təcrübə göstərir ki, əksər qız qaçırma faktları qızın razılığı və iradəsi ilə baş verir: "Nəticə etibarı ilə qeyd edim ki, qızın öz razılığı olduğu təqdirdə onun qaçırılması adam oğurluğu cinayət tərkibini yaratmır. 16 yaşı tamam olmuş qızın öz razılığı olduğu təqdirdə qız qaçırma olayı heç bir məsuliyyətə səbəb olmur. Məlumat üçün bildirim ki, AR Cinayət Məcəlləsinin 152-ci maddəsinə əsasən yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur.
Bu baxımdan qaçırılan qız az yaşlı olarsa və qaçıran şəxs qaçırılan qızın razılığının olub-olmamasından asılı olmayaraq, Cinayət Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri törədərsə, cinayət məsuliyyətinə cəlb olunacaq. Onu da qeyd edim ki, qız öz razılığı ilə qaçıbsa və sonra da heç nə olmadan geri qayıdıbsa, burda heç bir məsuliyyətdən söz gedə bilməz".
Beləliklə, bəzilərinin "el adəti", bəzilərinin "köhnəlik qalığı", bəzilərinin "zorakılıq", bəzilərinin isə "sevənlərin son sığınacağı" adlandırdığı qız qaçırma olayı barədə cəmiyyətimizdə hələ də birmənalı rəy mövcud deyil. Görünür, bir çox başqa stereotiplər kimi, bu məsələnin də ictimai şüurda öz əsl qiymətini alması üçün zaman lazım olacaq...

lent.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.