Cəmiyyət

"AMAY Abdulla": "Sizi mənim həbsim, məni isə pul maraqlandırır"

25 May 2015 16:43
0 Şərh     Baxış: 1 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AMAY" ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi QurbanovNadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə "Texnikabank"dan və "Birlikbank"dan götürülən kreditlər üzrə şahidlər dindirildi.

Şahid qismində ifadə verən Şücaət Məmmədov bildirdi ki, onun adına "Köhnə Qala" firması təsis olunub, təqsirləndirilənElşən Novruzovun təklifi ilə "Texnikabank"dan kredit götürüb və götürülən məbləğ "AMAY"ın tikintisinə sərf olunub.

"Birlikbank"ın kredit şöbəsinin mütəxəssisi Dilarə Hüseynova təqsirləndirilən şəxsləri tanımadığını, onların adlarını eşitdiyini, bankda üç ay işlədiyini, verilmiş kreditlərlə bağlı məlumatı olmadığını dedi.

"AMAY" şirkətində mühafizəçi işləyən Cəfər Məhərrəmov təqsirləndrilən Mehman Məmmədxanlının təklifi ilə bankdan 1 milyon məbləğində pul götürdüyünü, həmin pulların "AMAY"ın tikintisinə sərf olunduğunu bildirdi.

Dövlət ittihamçısını sullarını cavablandıran şahid pulu Mehman Məmmədxanlıya verdiyini açıqladı.

A.Abdullayev şahidin dediklərinə bu cür reaksiya verdi: "De ki, biz aşağı rəqəmlərlə işləmirik, de ki, pulu bağlamışıq, nə istəyirsiniz?"

"Birlikbank"ın kredit şöbəsinin müdiri İlqar Muradov şahid qismində ifadə verərkən istintaqa veridiyi ifadəsini təsdiq etdiyini bildirdi: "Müştəriyə 10 min manatdan artıq kredit vermirdik. Ondan yuxarı məbləği konkret tapşırıq əsasında verirdik".

Dövlət ittihamçısı Fərid Nağıyev şahiddən kimin tapşırığı əsasında verdiklərini soruşdu.

A.Abdullayev yerindən replika verdi:

- Sizə tapşırıblar məni həbs edin, etmisiniz, eləcə də tapşırıblar kredit verin, veriblər. Sizə tapşırılıb mənə iş verəsiniz?

Hakim:

-Xeyr.

A.Abdullayev:

-Tapşıracaqlar...

Şahid İ.Muradovun ibtidai istintaqa verdiyi ifadəsi elan olundu. Şahid ifadəsində göstərib ki, "Birlikbank"ın müdiri Səriyyə Səmədovanın göstərişi ilə sənədlərə imza atıb, onun tapşırığını icra edib (Qeyd edək ki, İlqar Muradov və Elşən Novruzov 2011-ci ildə həbs olunublar. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib-red).

A.Abdullayev qısa çıxış etdi: "Burada yalan danışan yoxdur. Bu işə görə günahsız bir insanlara iş vermisiz. Günah məndədir ki, bu işi Avropa Məhkəməsinə vermədim, indi təzminat almışdım".

Şahid qismində məhkəmədə dindirilən Xanbaba Qayıtmazov 2006-cı ildə "Birlikbank"ın Qusar şöbəsindən kredit götürdüyünü, krediti qaytardığını bildirdi.

Şahid Zahid Kərimov da eyni məzmunlu ifadə verdi. O, 2007-ci ildə "Birlikbank"dan kredit götürdüyünü və qaytardığını göstərdi.

"Birlikbank"dan kredit götürülən şəxslərin məhkəməyə çağırılıb şahid qismində dindirilməsi A.Abdullayevin vəkillərinin etirazına səbəb oldu.

Vəkil O.Kazımov: "Bu şahidlərin "AMAY"ın işinə nə aidiyyəti var axı? Bunların dindirilməsinə nə ehtiyac var?"

"Birlikbank"ın ləğvetmə komissiyasının üzvü olmuş Abbasəli Qurbanov və Beynəlxalq Bankın işçisi Həbib Qafarov şahid qismində ifadə verdilər.

"Birlikbank"dan kredit götürən şəxslər pulların qaytarılmasında gecikmələr olduğu üçün cərimə edildiklərini dedilər. Bu məsələyə aydınlıq gətirən A.Abdullayev bankın 2011-ci ildə lisenziyası ləğv edilənə qədər fermerlərin cərimə olunmalarına imkan vermədiyini, ödəmə müddətinin uzadıldığını bildirdi. Onun sözlərinə görə, cərimələr və fermerlərin borclarının əmlaka yönləndirilməsi bankın lisenziyası ləğv edildikdən, Mərkəzi Bank "Bilrikbank"a inzibatçı təyin etdikdən sonra baş verib.

A.Abdullayev bunu da qeyd etdi ki, "Birlikbank" fəaliyyət göstərdiyi dövrdə fonda ödəmə kredtilərin vaxtı çatmadığı üçün cərimələrə imkan verməyib.

A.Abdullayev "Banklar haqqında" qanuna isnad edərək bankların gəlirilərinin öncə bankdaxili xərclərə, daha sonra dövlət öhdəliklərini yerinə yetirməyə, bundan sonra təminatlı kreditlərin ödənişinə yönəldilməli olduğunu dedi: "Qanunda deyilir ki, verilən kreditlərin geri qayıtması öncə bankdaxili xərclər və dövlət qarşısındakı öhdəliklər dayanır. 2011-ci ildə lisenziya alınıb. Sahibkarlığa Milli Kömək Fondu ilə "Birlikbank" arasındakı kreditlərin vaxtı bitməmişdi. Fond müştəridən tələb etmir, bankdan tələb edir. Mənə bank tərəfindən verilən vəsait 4 faiz idi. Vəsaitin vaxtı bitməyibsə, niyə 4 faizi qaytarmalı idim? Sizi maraqlandıran məni tutmaqdır. Məni də maraqlandıran maliyyə maraqlarıdır..."

Hakim isə cavabında dövlət ittihamçısının marağının ittihamı müdafiə etməkdən ibarət olduğunu bildirdi.

Beynəlxalq Bankın işçisi H.Qafarov ifadəsində Beynəlxalq Bankdan "AMAY"-a  57 milyon 358 min manat kredit verildiyini açıqladı.

Dövlət ittihamçısı şahiddən kreditləri Əsgər Budaqov, Əmirağa Əliyev Rəşad Süleymanova (hər üç şahid ötən məhkəmələrdə şahid qismində dindirilib-red.) verilib-verilmədiyini soruşdu. Şahid şəxsiyyət vəsiqəsi olmadan heç kimi qəbul etmədiklərini bildirdi.

Dövlət ittihamçısı zalda əyləşən Əsgər Budaqova müraciət etdi:

- Siz 9 milyon manat məbləği kassadan götürmüsünüzmü?

Ə.Budaqov:

- İmza atmışam, amma pul götürməmişəm.

Dövlət ittihamçısı eyni sualı zalda əyləşən Əmirağa Əliyevə və Rəşad Süleymanova da ünvanladı. Hər iki şəxs sənədlərə imza atsalar da, bankdan pul götürmədiklərini dedilər.

Ə.Budaqov isə bu iş üzrə zərərçəkmiş olduğunu bildirdi: "Texnikabank" və Beynəlxalq Bank həm əmlakımızı, həm də dövlətin pulunu mənimsəyiblər, mən zərərçəkmişəm".

A.Abdullayev qısa çıxış etdi: "Həmin pulları götürüb aparmaq belə mümkün deyil. "Texnikabank"dan azad olunan girovlar Beynəlxalq Banka keçib".

Bundan sonra vəkil Osman Kazımov A.Abdullayevin barəsindəki cinayət işinin icraatına xitam verilməsi ilə bağlı vəsatət qaldırdı: "Abdulla Abdullayevin həbsdə saxlanılması qanunsuzdur. Mən həqiqəti deyirəm. Bu iş Avropa Məhkəməsinə gedəcək. İstəmirəm orada yazaq ki, bu pul buna görə götürülüb. Bunu yazmaq istəmirik. Bunu yazmağa niyə bizi məcbur eləyirsiniz? Bu, çox ciddi məsələdir. Biz yazıb göstərəcəyik ki, Abdulla Abdullayevi məhz bu məsələyə görə tutublar".

Hakim vəsatətin sabah müzakirə olunacağını məhkəmə iştirakçılarının nəzərinə çatdırdı.

Məhkəmə prosesi mayın 26-a kimi təxirə salındı.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan "Birlikbank" ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu "A.M.A.Y" MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.