Cəmiyyət

Mikayıl Cabbarov 12 illik təhsil sisteminə keçiddən danışdı

25 May 2015 10:45
Baxış: 1 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"12 illik təhsil sisteminə keçidə mexaniki bir dəyişiklik kimi baxılmamaldır. Bu, çox mühüm bir məsələdir və ciddi müzakirələrin aparılmasını tələb edir".

Trend-in məlumatına görə, bunu bu gün Asiya İnkişaf bankı (AİB) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə "12 illik Təhsil sistemini dəstəkləyən İnnovasiya Strategiyası" mövzusunda keçirilən regional forumda Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, Azərbaycan hökuməti yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını və təhsili bütün əhaliyə əlçatan etməklə ölkənin təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasını planlaşdırır.

M.Cabbarov xatırladıb ki, 2013-cü ildə ilk dəfə olaraq, Azərbaycan prezidenti İlham Әliyevin sərəncamı ilə 12 illik təhsil sisteminə keçidin də yer aldığı "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası" təsdiqlənib. Həmin strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı bu ilin yanvar ayında təsdiqlənib: "Dayanıqlılıq, davamlılıq, inkişafın bu cür davam etməsi insan kapitalının keyfiyyətindən asılıdır. İstənilən ölkə bu insan kapitalına malikdir, istənilən sahədə insan kapitalı vasitəsilə uğurlar əldə etmək mümkün olur. Bu missiyanın əsas yolları isə təhsildir. Təhsil ənənəvi bir sahədir. Bu sistem dəyərlərə, biliklərin, bacarıqların nəsildən-nəslə ötürülməsinə əsaslanır. Azərbaycan bir sosial iqtisadi sitemdən digərinə keçibsə, bu, təhsilə yeni baxışın olmasını tələb edir".

Konfransda cıxış edən Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Dövlət İdarəçiliyi, Maliyyə və Ticarət sektorunun direktoru Betty Uilkinson deyib ki, bazar iqtisadiyyatı üçün daha yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək məqsədilə hazırda yenidən qurulan ölkənin təhsil sistemi təhlil olunacaq: "Konfrans regionda təhsil sistemlərinin yaxşılaşdırılması vasitəsilə insan resurslarının inkişaf etdirilməsi mövzusunda regional dialoqun aparılmasına təkan verəcək".

Birləşmiş Әrəb Әmirliklərinin Elm və İnsan İnkişafı Komitəsinin Direktorlar Şurasının sədri Abdulla əl-Kərəm isə ölkəsinin təcrübəsi barədə danısıb. O bildirib ki, 2020-ci ilə kimi Dubayda özəl məktəblərin sayının artırılması nəzərdə tutulur. Dubayın təhsil sistemində 16 fərqli kurrikulum keçirilir. Dubayda 200 mindən çox şagird var, onların 90 faizi özəl məktəblərdə oxuyur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.