Cəmiyyət

Bukovski və mən

25 May 2015 10:07
0 Şərh     Baxış: 1 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mən Bukovskini düşünürəm, əsl adı Henrix Karl Bukovski olan amerikan şairi Çarlz Bukovskini...

Yazılarında cəmiyyətə uyğunlaşa bilməyən insanları, depressiyanı və bogema həyat tərzini qələmə alan Bukovski yazmağa başladığı gündən yazılarını müxtəlif jurnallara göndərsə də, çap olunmur, yazıları geri qaytarılırdı. 

Bukovski onların alışdığı üslubda yazmırdı və naşirlər onu tanımırdılar.
İndi bütün dünyada populyar olan Bukovski çap olunmaq, özünü təsdiq etmək üçün illərlə gözləməyə məhkum edilmişdi. Bəlkə də, yaradıcılığının ilk dönəmində internet, sosial şəbəkələr  olsaydı, Bukovski məhşurluğun dadını gəncliyində çıxara bilərdi. Amma yazıları çap olunmayan yazar Amerikanı dolaşıb müxtəlif işlərdə çalışır, aclıqla mübarizə aparır, fahişələrlə vaxt keçirir və daima içirdi...
Amerikanın ən populyar əyyaşına çevrilənə qədər həyatdan almadığı zərbə qalmamışdı...
Böyük əksəriyyət düşünür ki, o öz həyatını, yaşadıqlarını yazıb, yəni həddindən artıq bogema həyat yaşayıb və bunu qələmə alıb. Bukovskinin yazdıqlarının təxəyyül məhsulu olduğunu düşünənlər də az deyil. Bu barədə çox düşünmüşəm. Mənim qənaətimə görə, Bukovskinin yaratdığı Bukovski obrazı kifayət qədər şişirdilmiş obrazdır.
İstənilən halda, əyyaş Bukovski özünə məxsus dili, üslubu və bütövlükdə yaradıcılığı ilə amerikan ədəbiyyatına möhürünü vurmuş imzalardandır.
Bukovskidən bu qədər bəhs etməyim, onu xatırlamağım əbəs deyil. 
Yaradıcı insanlar haqqında yaradılan miflər bəzən əndazəsini aşır. Xüsusən də bizim mühitimizdə, bizim cəmiyyətimizdə bu həddindən artıq ürəkbulandırıcı formadadır. Nədənsə yaradıcı insanların yazdıqları, yaratdıqları yox, şəxsi həyatı daha çox diqqət mərkəzindədir. Biz hər gün içən, həyatdan necə lazımdır zövq alan insanları "yeyib-içən oğlan" adlandırıb, ara-sıra dost məclislərində badə qaldıran şairə "alkaş" damğasını çox asanlıqla vururuq. Niyə? Çünki biz səmimi-qəlbdən şairin alkaş olmasını arzulayırıq. Bu bir insanı dışlamağın, küncə sıxışdırmağın sınanmış metodudur.
Bu, şairi bivec və yararsız adam kimi təqdim etməyin ən asan yoludur. 
Bizə zorla Bukovski həyatı yaşadırlar...

Bukovski tanınmadığı vaxtlarda heç kəsin diqqətini çəkməyən "yeyib-içən oğlan", tanınandan sonra isə cəmiyyətin sevdiyi alkaş idi. Amma Amerika cəmiyyəti onu dışlamırdı. Amerikalılar onu şeir gecələrinə dəvət edir, onunla görüşlər keçirir,  ona yaşamaq üçün hər cür dəstəyi verirdilər. Onlar öz alkaşlarını sevir və qoruyurdular. 
Sevilmədiyimiz, dışlandığımız bu cəmiyyətdə tənhalığa, təkliyə məhkumuq. Bizim ailəmiz, bizim övladlarımız, bizim qadınlarımız bu damğaya laqeyd qala bilmirlər. 
Müxtəlif dostlarım, yaxınlarım, hətta ailə üzvlərim məni içki düşgünü hesab edirlər. İzah edə bilmirəm ki, mən də sizin kimi, sizin tanıdığınız "yeyib-içən oğlanlar" kimi içirəm.  
Nəyə əsasən düşünürsünüz ki, mən sabahdan-axşamacan içki şüşəsiylə vaxt keçirirəm?
Mən sadəcə xoşbəxt deyiləm, adamlar! 
Mən alkaş deyiləm, dostlar... vallah, billah alkaş deyiləm...
...Bukovski də xoşbəxt deyildi. Onun da depressiyaları bitmirdi. O da tənha idi.
Amma Amerika cəmiyyəti ona yaşamaq şansı vermişdi.
Mən yaşamaqdan danışıram, normal insan kimi yaşamaqdan.
Alkaş damğasıyla ümidlərimizi məhv etməyin, gələcəyimizi sual altında qoymağın nə mənası var?
Mən Bukovskini düşünürəm, Amerikanın ən populyar və sevilən alkaşını. 73 yaşında ölüb.
Və siz hələ də düşünürsünüz ki, o, alkaş idi?

Cəlil Cavanşir

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.