Cəmiyyət

"Guardian"ın böyük yalanı

23 May 2015 14:08
Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın "Guardian" qəzeti növbəti dəfə Azərbaycan haqda qərəzli yazı yayımlayıb. Məsələdən bixəbər şəxslər üçün deyək ki, bu mətbu orqanın ənənəvi istiqamətlərindən biri də ölkəmiz haqda neqativ məlumatlar paylaşmaqdır. Elə bircə dəfə saytlarına göz atmaq kifayət edir ki, onların ölkəmizə qarşı qərəzli münasibətdə olduğunu müşahidə edəsən. Azərbaycanda müxtəlif cür hadisələr baş verir. Amma onlar yaxşı olan heç nəyi görmürlər. Yəni, ölkədə olan müsbət heç nə onların marağında deyil və bunu tirajlamağa ehtiyac görmürlər. Amma nə badə, bir balaca neqativ hadisə baş versin. Belə məlumatları bir qədər də özlərinə, yəni, maraqlarına, siyasətlərinə uyğunlaşdırıb dərhal xəbər hazırlayırlar. Fikir versəniz görərsiniz ki, əsasən ölkədə keçirilmiş icazəsiz aksiya və mitinqlər haqda məlumatlar paylaşırlar və bu məqamdan ölkəmiz əleyhinə yararlanmağa çalışırlar. Halbuki dünyanın istənilən dövlətinin konstitusiyasında icazəsiz aksiyalar nəinki qadağan olunur, hətta buna cəhd edənlərə qarşı cinayət işi açılır. Ən pisi isə odur ki, "Guardian" təkcə haqqımızda mənfi məlumatlar paylaşıb imicimizə xələl gətirməklə kifayətlənmir. Bu qəzet ölkəmizin ərazi bütövlüyünə də kölgə salmağa çalışır. Haqqında danışdığımız mətbu orqan elə bu ilin əvvəlində bir məqalə yayımlayıb. Orada 2015-ci ilin ən görməli yerlərinin siyahısı verilib və siyahıya Dağlıq Qarabağın da adı salınıb. Sevinməyə tələsməyin. Çünki yazıda Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi deyil, ayrıca müstəqil respublika kimi göstərilib: "1991-ci ildə müstəqilliyini elan edən Dağlıq Qarabağ Ermənistan və Azərbaycan sərhədində yerləşir". Məqalədə səfərin İngiltərə səfirliyinin dəstəyi ilə həyata keçirildiyi də qeyd olunub. Bundan sonra rəsmi Bakı Xarici İşlər Nazirliyi səviyyəsində məsələyə münasibət bildirib və qəzetə məktub göndərib.

İndi isə bu qəzet ölkəmiz əleyhinə İlk Avropa Oyunları mövzusundan istifadə etməyə cəhd edir. Xatırlayırsınızsa, bir müddət əvvəl də bu yarışların əsil Avropa Oyunları olmadığı kimi sərsəm iddialar səsləndirilirdi. Təşkilatçıların rəsmi qaydada məsələyə münasibət bildirib belə məlumatların yalan olduğunu açıqlamalarından sonra bu cür yalanların yayılması nisbətən səngimişdi. İndi "Guardian" yenidən həmin mövzuya qayıdılıb, amma bir qədər fərqli formada. Belə ki, yarışları və Azərbaycanı nüfuzdan salmağa çalışan qüvvələr indi də guya Avropa ölkələrinin yarışlara ikinci dərəcəli idmançılarla qatılacaqlarını iddia edirlər. Belə ki, qəzetin ölkəmiz əleyhinə hazırladığı sonuncu yazıda müxtəlif qərəzli və həqiqəti əks etdirməyən məlumatlarla yanaşı, başqa ölkələrin adından da yalan məlumatlar verilir, onların Avropa Oyunlarına qeyri-ciddi yanaşdıqları bildirilir. Halbuki bunu yalnız dünyadan xəbərsizlər yaza bilər. Çünki artıq xeyli sayda ölkə Azərbaycana göndərəcəkləri komandaların tərkibini açıqlayıblar və idmançıların sayının kifayət qədər çox olduğu, onların ölkələrinin ən güclüləri olduğu da göz qabağındadır. Elə idmançıların sayının özü, bu yarışlara olan marağın hansı səviyyədə olduğunu göstərir. Şübhə yoxdur ki, medallar uğrunda ciddi mübarizə olacaq. Əgər belə olmasaydı, xarici dövlətlər yarışlarda çox az sayda idmançı ilə təmsil olunardılar. Bundan əlavə, ölkəmizə gələn və İlk Avropa Oyunlarında iştirak etmək istəyən idmançılar arasında gənc və yeniyetmələrlə yanaşı, kifayət qədər peşəkar və titullu şəxslər də var. Bir neçə kiçik xatırlatma edək.
İlk Avropa Oyunlarında iştirak edəcək məşhur idmançılardan biri irlandiyalı boksçu xanım Keti Teylordur. Yarışların beynəlxalq idman elçisi seçilən bu xanım "London-2012" Olimpiya Oyunlarında qızıl medal qazanıb. Bundan əlavə, K.Teylor 60 kiloqram çəki dərəcəsində İrlandiya və dünya çempionudur. O, həmçinin qadın boksu tarixində ən çox medal qazanan idmançı hesab olunur və indiyə qədər 17 qızıl medal qazanıb. Boksçu açıqlamasında Bakıda yarışacağı günü səbirsizliklə gözlədiyini bildirib.

Ümumilikdə isə İrlandiya "Bakı-2015"ə 36 idmançı ilə gəlir və Olimpiya Oyunlarında təcrübəsi olan digər irlandiyalı idmançı 44 yaşlı atıcı Derek Börnettdir. O, 2000-ci ildə son dörd Olimpiya Oyunlarında atıcılığın səngər stendi fəndi üzrə yarışlarda iştirak edib.

Qeyd edək ki, Belçikalı cüdoçu Şarlin van Snik birinci Avropa Oyunlarına görə "World Masters" beynəlxalq turnirindən imtina edib. "London-2012" Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bildirib ki, Bakıda təşkil olunacaq Birinci Avropa Oyunlarında yüksək nəticə əldə etmək üçün "World Masters" beynəlxalq turnirinə qatılmayacaq. O, tarixdə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarına ciddi hazırlaşıram və medalçılar sırasında yer almaq üçün mübarizə aparacaq.
Ölkəmizə gələcək Türkiyə komandasının üzvü Taha Akgül haqda məlumat verək. O, sərbəst güləş üzrə 120 kq çəki arasında həm Avropa, həm də dünya çempionudur. Taha qitə üzrə öz ilk nailiyyətini 2012-ci ildə Belqrad, Serbiyada keçirilən Avropa Güləş Çempionatında əldə edib.

Maya Vloşçovska polşalı velosiped idmançısıdır. Pekin 2008 Yay Olimpiya Oyunlarında gümüş medal və 2010-cu ildə isə dünya çempionu titulunu qazanıb.

Ceyd Böyük Britaniyanın taekvondo üzrə ilk qızıl medal əldə edən idmançısıdır.

Rene Holten Poulsen avarçəkmə üzrə böyük nailiyyətlər əldə etmiş danimarkalıdır.

Bütün bunlar hələ Bakıya gələcək tanınmış idmançıların az bir qismidir. Ona görə də "Guardian"ın belə bir yazı hazırlaması, qərəzli münasibət sərgiləməsi əslində çox təəccüblüdür. Amma bir tərəfdən də buna təəccüblənmək lazım deyil. Bu onların qərəzli yanaşmalarının növbəti seriyasıdır....

Kaspi.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.