Cəmiyyət

Həyasızlığı yaymaq istəyənlər kimlərdir?

23 May 2015 20:20
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Möminlər arasında həyasızlığı yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. Ancaq Allah bilir, siz bilməzsiniz!" (ən-Nur, 24/19) 

Cəmiyyətdə həyasızlığın, əxlaqsızlığın, mənfi halların yayılmasını istəyənlər|o cəmiyyətə qarşı ən höyük hörmətsizlik edirlar. Yuxarıda qeyd olunan ayə də bunu açıq şəkildə göstərir.

Bir insanın işlədiyi günah, ayıb va yaxud qüsurların başqaları tərəfindən meydana çıxarılmaması (cəmiyyət həyatında sıxıntıya səbəb olmadığı müddətcə) dinimiz tərəfindən məsləhət görüldüyü halda, insanların özlərinin, ya da başqalarının ayıb və qüsurlarını utanıb-çəkinmədən və laqeydcəsinə cəmiyyətə çatdırmaları da doğru hesab edilməmişdir. Belə ki, Peyğəmbərimiz (s.ə.s.) "İşlədiyi günahları aşkara çıxaranlar xaric, ümmətimin tamamı bağışlanmışdır. Bir adam gecə pis bir əməl törədərsə və Allah onun o əməlini örtdüyü halda, səhər oyanıb "Ey filankəs! Mən dünən gecə belə-belə işlər gördüm" deyərsə, bu, aşkar işlənmiş günahlardan sayılar" (Buxari, "Ədəb", 60; Müslim, "Zühd", 52) buyurur.

Günah iş görmək, qüsur və xəta etmək, istənilməyən, arzu olunmayan və sahibinə heç bir faydası olmayan, sadəcə, onun pis görünməsinə və səviyyəsiz sayılmasına səbəb olan bir haldır. Vəziyyət belə olduğu halda, gizli işlənən və Allahdan başqa kimsənin bilmədiyi, bir mənada Allahın da örtdüyü bir günahı fəzilət hesab edirmiş kimi həyasızcasına aşkara çıxarmaq, başqalarına söyləyərkən də xəcalət hissi yaşamamaq dini cəhətdən xoş qarşılanmamışdır, hətta belə davranışları olan insanların Allah-Təala tərəfindən bağışlanmayacağı da bildirilmişdir. Belə bir ağır mənəvi cəzanın təyin olunmasının məqsədi odur ki, işlənilən günahın cəmiyyətdə yayılmasının, onun normal bir davranış kimi qəbul edilməsinin qarşısı alınsın. İslam alimləri də bu məsələni təkidlə vurğulamışlar ki, ayıb sayılan davranış və rəftarın hamının gözü önündə sərgilənməsi həmin davranış və rəftarı gizlində yerinə yetirilməsi ilə müqayisədə daha ağır hesab olunur. Onlar həmçinin insanın öz ayıblarını başqalarından gizlətməsinin və cəmiyyətin də bu cür davranışlara həssaslıqla yanaşmasının əhəmiyyətini qeyd etmişlər. Belə ki, İslam əxlaqına görə, kimlərdənsə qınaq eşitmək və ya başqa bir təzyiqə məruz qalmaq qorxusu ilə pis əməllərdən çəkinmək insana fəzilət gətirməz. Çünki heç bir ayıb Allahdan gizli qalmaz. "Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız (fərqi yoxdur), Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa (hamısını) bilir. Allah hər şeyə qadirdir" (Ali-İmran, 3/29) ayəsi bu məsələni ifadə edir. Yəni həqiqi qorxu Allahdan qorxmaqdır. Bir insan Allahı düşünmürsə, əlini günaha uzadarkən Allah qorxusu ilə geri çəkilmirsə, insanların tənəsindən, qınağından çəkinməsinin ona bir faydası olmaz.

Heç bir ayıb əməl və yaxud günah Allaha gizli qalmayacağı üçün insan, ilk növbədə, Uca Mövladan həya etməli və mümkün olduğu qədər öz qüsurlarını düzəltməlidir. Günah və qüsurlarını başqalarına danışanlar törətdikləri günah əməllər bir tərəfə, üstəlik, Allaha, Rəsuluna və möminlərə əhəmiyyət verməmiş, pis əməllərini xeyir işlər, günahlarını savab, səviyyəsiz davranışlarını fəzilət hesab etmiş olurlar. Bu isə ən azı işlədikləri günahın səviyyəsində bir saymazyanalıqdır. Halbuki günah iş görən bir insanın, heç olmasa öz günahını gizlətməsi o insanı alçaldılmaqdan qoruyur. Ayıb və qüsurların aşkara çıxarılması bu cür davranışları yerinə yetirənlərdə həya hissinin tədricən yox olmasına səbəb olur. Lakin belə davranışların örtülməsi o əməllərin sahiblərinin gördükləri şəfqət və mərhəmət qarşısında özlərini yenidən nizam-intizama salmaları üçün mühüm bir faktordur.

Bir insanın öz ayıb və qüsurlarını, günah və üsyanını ifşa etməsi ictimai səviyyədə namussuzluğun və həyasızlığın yayılmasına zəmin hazırlayacağına görə dinimizdə qadağan olunmuşdur. Eyni dərəcədə əhəmiyyətli şəkildə başqa insanların ayıb və qüsurlarının araşdırılması, onların gizli hal və şəxsi həyatlarının aşkara çıxarılması da qadağan olunmuşdur. Lakin bunu diqqətə almaq lazımdır ki, bir insanın başqalarının çətin vəziyyətə düşməsinə səbəb olan xəta və qüsurlarının gizlədilməsinə dinimiz icazə vermir. Ayıbların araşdırılıb ortaya tökülməsinin isə insanları bir-birinə düşmən etməkdən, aralarında kin və düşmənçilik toxumları əkməkdən, pis davranışların yayılmasından başqa bir şeyə faydası yoxdur. İnsanların gizli qalmış qüsurlarını aşkara çıxarmaq, hamıya eşitdirmək, onların utanma hissinin yox olmasına, ictimai nəzarətin azalmasına və beləliklə, əxlaqsızlığın sürətlə yayılmasına səbəb olur. Peyğəmbərimiz və səhabələri heç kimin aybını araşdırmamış və araşdıranları da qəti şəkildə qınamışlar. Peyğəmbərimizin: "Din qardaşını bir günahına görə günahlandıran insan o günahı özü də işləmədiyi müddətcə ölməz" (Tirmizi, "Sifatul-Qiyamə" 53)/" xəbərdarlığını da heç bir zaman unutmamalıyıq.

Nəticə olaraq, demək olar ki, hər bir kəsin günahı və qüsuru ola bilər. İşlənən günahların cəmiyyətdə aşkara çıxarılması, onların normal bir rəftar və yaxud davranış kimi təqdim edilməsi insanların dindarlıq təsəvvürlərinin zəifləməsinə, günahlara qarşı əks-reaksiya göstərmələrinə maneçilik törədər. Beləliklə, cəmiyyətdə yaxşılıqlar, gözəl davranışlar, savablar, fəzilətlər başa salınmalıdır ki, başqa insanlar da bu cür davranışlara üz tutsunlar. Həmçinin boş, faydasız, insanların dindarlığını zəiflədəcək günahları və həyasızlığı adi, əhəmiyyətsiz ünsür kimi göstərən söz və davranışlardan da uzaq olmaq lazımdır.
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.