Cəmiyyət

Din istismarçıları: min ilin sənətindən niyə xilas ola bilmirik?

23 May 2015 21:35
0 Şərh     Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az musavat.com-a istinadən Kənan Rövşənoğlunun yazısını təqdim edir:

Əslində bu yazının mövzusu mart ayında Əfqanıstanın paytaxtı Kabildə küçədə bir dəstə cahil insan tərəfindən "Quranı yandırdı" iddiası ilə linç edilib öldürülən Fərhunda adlı qadının faciəsi idi. Çünki dünən məlum oldu ki, Əfqanıstan məhkəməsi həmin linç hadisəsi zamanı seyrçi qalan polis əməkdaşlarına həbs cəzası çıxarıb. Bundan əvvəl isə Fərhundaya iftira ataraq, onu hədəfə çıxaran və daha sonra öldürən 4 nəfər barəsində edam qərarı verilib.

Ancaq yazını başlayanda facebookda gözümə bir başlıq sataşdı. Saytlardan biri ötən gün Bakıda yanan binada Quranın salamat çıxmasını yazmışdı. Ənənəvi mövzudur, zaman-zaman yanan evlərdə müqəddəs kitabın salamat qalmasını xəbərə çevirib bununla İP toplayanlar olub. İndi də görünür ki, kimlərsə bunu yenidən mövzu edib.

Ancaq indiki vaxtda - insanlar acıları ilə üz-üzə qaldığı vaxtda belə bir xəbəri (doğru olub olmadığı hələ bəlli deyil) dövriyyəyə buraxmaq hər bir halda, xoş niyyətli sayılmaz. Bunu xəbərə verilən şərhlər da təsdiqləyirdi. Bir çoxları sanki Quran günahkar imiş kimi qəzəbini müqəddəs kitabın üstünə tökürdülər. Halbuki, məsələdə günahlandırılacaq sonuncu ünvan kitab idi, yenə də həmişə olduğu kimi, əsl günahkarlar kənarda qaldı...

Hər iki hadisə - Əfqanıstanda "Quran yandırdı" deyib günahsız qadını linç etmək və Bakıda 15 insanın öldüyü faciədə "Quran yanmadı" deyib xəbər yaymaq - din, Quran istismarçılığıdır. Yeri gəlmişkən, sonradan rəsmən elan olundu ki, Fərhunda ümumiyyətlə, Quranı yandırmayıbmış. İlahiyyat təhsili olan bu fəal qadın sadəcə, Əfqanıstanda dəbdə olan "dua yazmaq" (bu da bir formada Quran istismarçılığıdır) adətlərinə qarşı mübarizə aparıb.

Bu adətlər Azərbaycanda da geniş yayılıb. O da məlum olub ki, əfqan qadınına qarşı "Quran yandırdı" iftirası atan və bununla da onun döyülərək öldürülməsi və cəsədinin yandırılmasına bais olan şəxs özü də dua yazan olub. Bu hadisə o qədər amansız və ədalətsiz olub ki, hətta radikal İslam tərəfdarı "Taliban" da bəyanat yayaraq Fərhundanın qətlini pisləyib və qatilləri cəzalandıracağını bəyan edib.

Kabildə Quranın yandırıldığı, Bakıda isə Quranın yanmadığı xəbərləri hər ikisi mahiyyətcə eynidir, yəni hər iki halda müsəlmanların müqəddəs kitabı adına istismar var və son nəticədə zərbə İslam dininə dəyir. Amma bu hadisələr yeni deyil. Hicrətin 37-38-ci illərində (miladi təqvimlə 657-ci il) 4-cü xəlifə İmam Əlinin (ə) ordusu ilə qiyam qaldırmış Dəməşq valisi Müaviyənin tərəfdarları arasında baş verən Siffeyn müharibəsi zamanı məğlub olan vali Müaviyənin tərəfdarları nizələrə Quran vərəqləri keçirərək məğlubiyyətdən xilas olmuşdular.

Bu, dünyada ilk və ən bariz Quran istismarçılığıdır. Ancaq ötən 14 əsrdə və günü bu gün də müxtəlif formada din istismarçıları hələ var. Sui-istifadəçilər hər yerdə təhlükədir. Amma işin əsasında din, müqəddəs hisslər dayananda təhlükə riski daha da böyüyür. Əfqanıstanda Fərhunda ölsə də, onun ölümü Əfqanıstanda bir hərəkətlilik yaratdı. İnsanlar küçələrə çıxaraq etiraz aksiyası keçirdilər, din istismarçılarını lənətlədilər. Nəticə o oldu ki, 4 cani edama məhkum olundu, hadisə zamanı məsuliyyətsizlik edən onlarla polis isə məsuliyyətə cəlb edildi. Hətta linçə haqq qazandıran Kabil polisinin sözçüsü işindən qovuldu.

Amma bu tendensiya yalnız Əfqanıstanda və ya Azərbaycandadırmı? Dünyadakı müsəlman ölkələrinin bir çoxunda din istismarçılarına rast gəlmək olur. İslam adı ilə terror törədib, insan qanı üzərindən özlərinə hakimiyyət yaradanlardan tutmuş, gündəlik dolanışığı üçün, necə deyərlər başını saxlamaq üçün dindən sui-istifadə edənlərə qədər, minlərlə, on minlərlə insan dünyaya səpələnərək din adından insanları, onların inanclarını, duyğularını istismar edir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.