"Bu məsələdə önəmli olan hər iki tərəfi gözdən salmaqla yox, hansının daha peşəkar olduğunu və ya reklam bazarı uğrunda mübarizəni ön plana çıxarmaqla yox, sonuncu yanğın hadisəsindən diqqəti yayındırmaqla yox, bilavasitə baş verənlər barədə xəbər verməklə məşğul olmalıdırlar".
Bu sözləri Milli.Az-a media üzrə ekspert Zeynal Məmmədli ANS və ATV telekanalları arasında başlanmış savaşa münasibət bildirərkən deyib.
"Ayrı-ayrı jurnalistlərin bir-birlərinə münasibətləri önəmli deyil. Jurnalistlər üçün önəmli olan bir şey var - diqqəti əsas məsələdən yayındırmayaq. Televiziyalar arasındakı bu atışmalar ilk dəfə baş verir və ya əvvəllər də olduğu önəmli deyil. Bunu gündəmə gətirib problemi arxa plana keçirmək olmaz. Bütün bunlar bəlkə ona görədir ki, problem arxaya atılsın? Bunu düşünmək lazımdır. Sanki, mövzunu başqa mövzu ilə əvəzləmək təsəvvürü yaranır. Mən demirəm ki, bunu bilərəkdən edirlər. Bilərəkdən və ya bilməyərəkdən bu nəticə ortaya çıxır", - o əlavə edib.
Məmmədli hesab edir ki, iki televiziyanın rəqabəti təbiidir, lakin bu rəqabətin jurnalistlər arasında müstəviyə keçməsi biabırçılıqdır.
"Televiziyalar arasında, jurnalistlər arasında rəqabət bu şəkildə gedə bilməz. Ən əsası, bütün bunlar əsas məsələdən diqqəti yayındıra bilməz", - o əlavə edib.
Xatırladaq ki, bir neçə gün öncə Bakıda baş verən yanğınla bağlı ATV telekanalının aparıcısı Mətanət Əliverdiyevanın, "kino idi, külək idi, əsdi keçdi" cəmiyyətdə böyük rezonansa səbəb olmuşdu. ANS telekanalının əməkdaşı Ləman Ələşrəfqızının hazırladığı tənqidi süjet ATV telekanalında müharibə elanı kimi qarşılanıb.
Onu da bildirək ki, mayın 19-da Bakının Azadlıq prospektindəki yaşayış binasında 15 nəfərin ölümü, 65 nəfərin xəsarəti ilə nəticələnən dəhşətli yanğın baş verib. Binanın yanan fasadının poliuretan maddəsindən olduğu deyilir. Fasadları istehsal edən "Global Construction" şirkətinin rəhbəri artıq həbs edilib.
Teymur Hacıyev
Milli.Az