Cəmiyyət

Ekspertdən təklif: hüquqlarımızı belə qoruyaq

21 May 2015 23:40
0 Şərh     Baxış: 1 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yaxınlarda "Saxtalaşdırma ictimaiyyəti narahat edən problemlərdən birinə çevrilib" adlı yazı dərc olunmuşdu. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məlumatında qeyd olunurdu ki, geyim əşyaları, ərzaq məhsulları aldığımız zaman aldadılmaqdan heç birimiz sığortalanmamışıq. O da qeyd olunurdu ki, bəzi sahibkarlıq subyektləri tərəfindən bazara saxtalaşdırılmış və keyfiyyətsiz mallar çıxarılır və bununla da istehlakçıların hüquqları pozulur. Azərbaycanda saxta məhsul istehsalı və satışı ilə məşğul olanlarla ən çox mübarizə aparanlardan biri də Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdur. Mövzu ilə bağlı müsahibə verən Eyyub Hüseynov dedi ki, saxtalaşdırma ilə bağlı bəzi məsələlər var ki, hətta dünyada belə həll edilə bilmir: "Məsələn, son illərdə dünyada saxta dərman istehsalında böyük artım müşahidə edilir. Bu işlə məşğul olanların dərman paketlərinin surətini eyni ilə çıxara bilən yeni üsullardan istifadə etmələri insanların həyatının təhlükədə olması riskini artırır. Orijinal dərmanı saxtadan ayırmaq çox çətin və hətta bəzən mümkünsüz olur". 

Saxta dərman dövriyyəsindən gələn gəlir...

Həmsöhbətimizin sözlərinə görə, hazırda dünyada Hindistan, Çin, Rusiya, Ukrayna, Braziliya, Çili, Nigeriyada saxta preparatlar istehsal edildiyi bildirilir: "Dünyada saxta dərman dövriyyəsindən gələn gəlir təxminən 60 milyard dollar təşkil edir. Dünyada dərman bazarının müəyyən hissəsini saxta dərmanlar təşkil edir".

"Şübhəsiz ki, Azərbaycanda saxta məhsul istehsalı və satışı ilə bağlı müəyyən işlər görülüb. Saxtalaşdırma, ümumiyyətlə, dünyada ümumi problemlərdən biridir. Məsələn, dünyada təyyarələrin ehtiyat hissələrinin 3 faizi saxtadır. Bundan başqa, dünyada dərman bazarında 40 faizdən 60 faizə qədər saxta dərman dövriyyədədir. Azərbaycanda da saxta dərmanların satışı realdır. Bunun müxtəlif səbəbləri var, mən uzun analiz vermək istəmirəm. Azərbaycanda saxtalaşdırmaya qarşı mübarizə aparılır. Lakin problem həll olunmur. Ümumi tendensiya isə müsbətə doğru gedir",-deyə müsahibimiz qeyd etdi.

"Nə qədər ki, ucuz mala istehlakçı tələbatı var, bu cür məhsullar istehsal ediləcək"

Həmsöhbətimiz dedi ki, Çin kimi böyük dövlətdə saxta malların istehsalı leqallaşdığı halda, Hindistanda saxta dərmanların istehsalının leqallaşdığı vəziyyətdə dünya bazarını bu məhsullardan xilas etmək çətin görünür: "Bir daha qeyd edirəm, Azərbaycanda ümumi tendensiya müsbətə doğru gedir. Onu da qeyd edim ki, nə qədər ucuz mala istehlakçı tələbatı var, bu cür məhsullar istehsal ediləcək, bazara təklif olunacaqdır. Bazar öz aksiomu ilə işləyir və administrativ yollar bazara çox da ciddi təsir edə bilməz. İstehlakçı tələbatı varsa, mütləq və mütləq bu cür məhsullar istehsal ediləcək, bazara təklif olunacaqdır. Saxta mala tələbat var, ucuz mala tələbat var. Ona görə də təklif meydana çıxır".

Qeyd edək ki, hər il yay mövsümündə istehlakçıların sərinləşdirici içki və dondurma məhsullarına tələbatı artır. Hər il həmin ərəfədə keyfiyyətsiz məhsul istehsalı bu sahədə də müşahidə olunur. Bunu nəzərə alaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həmin əmtəə bazarlarında nəzarət tədbirlərini gücləndirir: "Aparılan nəzarət tədbirləri zamanı sərinləşdirici içki və dondurma məhsullarının istehsalı və satışını həyata keçirən təsərrüfat subyektləri tərəfindən qanun pozuntusuna yol verildiyi aşkar olunduğu təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görülür. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz sərinləşdirici içki və dondurma məhsullarının satışı halları ilə rastlaşdıqda, 012-498-15-01 və 012-498-15-04 nömrəli telefonlarla məlumat vermələri xahiş olunur".

"Prezidentə, Baş Nazirə tabe olan bir qurum da ola bilər"

Azad İstehlakçılar Birliyinin sədrinin sözlərinə görə, saxta məhsullarla mübarizədə ən önəmli faktorlardan biri də istehlakçıların maarifləndirilməsidir: "İstehlakçı saxta mala tələbat yaratmamalıdır. İstehlakçı yerin altında olan bir şeyə tələbat yaradarsa, onu da çıxarıb verəcəklər. İstehlakçı hüquqları, biliklərinin əsasları orta məktəblərdə tədris olunmalıdır. Rusiyada olduğu kimi, bizdə də bu mövzularda olimpiadalar keçirilməlidir".

Eyyub Hüseynov bir maraqlı məqama da toxundu: "Dövlətin effektli istehlakçı hüquqlarını qoruyan mexanizmi olmalıdır. Bildiyiniz kimi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti İqtisadi İnkişaf Nazirliyinin tabeliyindədir. Məlumunuz olduğu kimi, bu nazirliyin işi isə birbaşa biznesin inkişafıdır. Bu xidmət bu nazirliyin tərkibində necə istehlakçıların hüquqlarını qoruyan bir qurum ola bilər? Mənim fikrimcə, istehlakçı hüquqlarının qorunması ilə bağlı son dərəcə əlahiddə hüquqlara malik, müstəqil bir qurum olmalıdır. Bu, Prezidentə, Baş Nazirə tabe olan bir qurum da ola bilər. Bundan başqa, qanunvericilik bazası kökündən dəyişməlidir. İkincisi isə, bir daha deyirəm, güclü istehlakçı maarifçiliyi aparılmalıdır".

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.