Cəmiyyət

"Oğluma deyin, ölməyəcəyəm..." - Dəhşət dolu anlar - FOTO

20 May 2015 14:26
6 Şərh     Baxış: 27 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gəlin siyahıya baxın. Binada yanan 34 nəfər bizim xəstəxanda yatır. Baxın siyahıya! Kimdir sizin yaxınınız? Neçə yaşı var? Ölüb, yoxsa yaşayır? Ağır dərddir. Adı siyahıda yoxdursa, xəstəxananın arxasında morqumuz var. Gedin yaxınlarınızı orada axtarın".

Bu ifadələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin həkimlərinin dilindən düşmürdü. Xəstəxananın qarşısında toplanmış insanlar gözü yaşlı halda bir qapının önündə gözləyirdilər. Qapının isə nə dəstəyi var idi, nə də ki dili!

Çünki o qapı binada yananlar üçün açılır, ürəyi yananlar üçün qapanırdı. Xəstədən başqa içəri heç kəs girə bilməzdi. Amma o qapı bizim üzümüzə də açıldı.
İçəri girdik və "insanlıq dramı"nın yaşandığı palatkalara baş çəkdik. Şəffaf şüşələr arxasından üzü qırışlı, əlləri sarğılı, öskürəkdən boğulan, hıçqıraraq ağlayan, yorğanın altında gizlənən insan gözləri boyalanırdı.

Xəstəxanada bizi əllərində ağ vərəqlər olan həkimlər qarşıladılar. Bu vərəqlər hadisə zamanı xəsarət alan və ölən insanların siyahısı idi:

"Siyahıda 34 xəstə var. Onların bəziləri çox ağır vəziyyətdədir, bəziləri isə tüstüdən boğulublar. 14 xəstəyə ambulator müalicə təyin edilib və evlərinə buraxılıblar. Digərləri isə hazırda burada yatır. Xəstələr içərisində azyaşlıların sayı çoxdur. Dəhşətdir".

Yanıq xəsarətləri alan xəstələri bunlar idi:

Yəhyayeva Lalə Murad qızı,
Şahverdiyev Xətai Akif oğlu,
Ruslan Vəliullah oğlu,
Abdullayeva Sədaqət Məsim qızı,
Hüseynli Əsəd Üzeyir oğlu,
Həsənov Murad Mahmud oğlu,
Cəfərzadə Zeynəb Anar qızı,
Cəfərova Aynurə Nail qızı,
Hidayətova Eyzangül Əli qızı,
Hidayətov İlkin Nicat oğlu,
Yəhyayev Nigar Mail qızı,
Yəhyayev Elmira Əliağa qızı,
Məsimli Mehdi Mais oğlu,
Səfərov Turan Tural oğlu,
Abdullayev Ucal Mahmud oğlu,
Ələkbərova Rəhimə Yusif qızı,
Həsənova Sevinc Rafiq qızı,
Yəhyayev Sevil Murad qızı,
Həmidli Samirə Telman qızı və başqaları...

Palatalara yaxınlaşıb xəstələrlə ünsiyyətdə olduq. Onlar yanğının dəhşətindən söhbət açdılar:

"İşə gedəcəkdim. Birdən səs-küy eşitdik. Kimsə qışqırırdı: `yanğın, yanğın...` Qapını açdıq. Divarlar da yanırdı. Tüstüdən kor olmuşduq. Millət balkonlara çıxmışdı. Düşməyə yol tapa bilmirdik. Uşaqlarım da yanımda idi. Maskalı yanğın söndürənlər bizi alovların, tüstünün içindən xilas edib çıxardılar. Allah qorudu bizi`.

Digər bir xəstə azyaşlı oğlan uşağı idi. Təxminən 8-9 yaşı olardı. Öskürəkdən danışa bilmirdi. Bir söz təkrarlayırdı: `Anam hanı, anam hanı? Onu tapın`.

Xəstəxana şüşələri arxasından hisdən qaralan sifəti ilə boylanan digər xəstələrlərdən biri isə bir qadın idi.

Tüstüdən üzü qapqara olan qadın əli ilə bizə nəsə demək istəyirdi: `oğlum bayırdadır, ona deyin ki, narahat olmasın, ölməyəcəm. Allah bizi qorudu`.

Bütün palatalar xəstələrlə dolu idi. Bəlkə də Toksikologiya Şöbəsi fəaliyyəti ərzində heç vaxt bu qədər xəstəyə məskən olmamışdı. Hər xəstənin başı üzərində bir həkim dururdu. Balaca palatalarda 5-6 xəstə yatırdı.

Birdən həkimlər dəhlizdə toplaşdılar. Nəsə olmuşdu? Bəziləri ağlamağa başladılar. Yaxınlaşdıq onlara. Eşitdiyimiz sözlər bizi də kövrəltdi. Əsl faciə həkimlərdən birinin başına gəlmişdi:

`Bizim şöbəmizdə İnci adlı bir həkim çalışır. Onun ailə üzvləri, bacısı, qardaşı da həmin binada yaşayırdılar. İnci həkim səhər-səhər işə gəlmişdi. Xəbəri eşidib evə qayıtdı. O, doğmalarının meyidini morqda tapıb. Bu çox dəhşətdir, faciədir`.

Palataların önündə polislər də keşik çəkirdilər. Bu şöbədə öz doğmasını axtaran insanlara iki cavab verilidi: Ya bu siyahıda adı var, ya da ki, xəsətəxananın arxasında morq var, gedin ora!

Yenə üz tutduq dəstəyi olmayan qapıya. İtələyib bayıra çıxdıq. Bayırda isə həyəcan-təlaş və gözü yaşlı insanlar toplaşmışdılar. Onlar yaxşı bir xəbər gözləyirdi. Yanğından danışırdılar, bəzən kimlərinsə üzünə nalayiq söz deyirdirlər.

Xəstələrin yaxınları ilə də həmsöhbət olmağa çalışdıq:

`Qızım Sevincin iki uşağı var. Yanğın baş verən zaman o evdə uşaqları ilə qalıb və bayıra çıxa bilməyib. Qızım uşaqları da götürüb binanın damına çıxıb. Helikopter gəlib qızımı və uşaqlarını xilas edib`.

`Bir ay öncədən binanın üzünə örtük çəkirdilər. Həmişə fəhlələrə deyirdim ki, çəkməsinlər o zəhirmarı binanın daşlarına. Axırı da bu oldu. Həyat yoldaşım indi ölüm-dirim mübarizəsi aparır. Allah həmin örtükləri binamızın üzünə çəkənlərin bəlasını versin`.

`6 yaşlı balam içəridə qalmışdı. Allah onu qorudu. Bir də gördüm ki, balam yanğınsöndürənlərin qucağındadır. Allah yanğın söndürənlərimizə cansağlığı versin. Onlara bütün ömrüm boyu minnətdaram.
Biz rayondan qonaq gəlmişdik. Nə bilərdik, başımıza bu işlər gələcək. Allah saxladı bizi. Ömrüm boyu bu şəhərə, binalara nifrət etmişəm. Binalar adamın sonunu gətirir. Kaş kənddə qalaydıq. Qızım yazıq. İndi içəridədir. Şükür Allaha, nəvələrimizə heç nə olmayıb`.

Rayondan qonaq gələn gözüyaşlı ananın yanında bir körpə qız uşağı var idi. Həmin qızcığaz isə xəstəxanın yarı-açıq pəncərəsindən içəri boylanıb, anasını axtarırdı. İçəridən isə bir pıçıltı gəlirdi: `Qızım su içirəm, narahat olma, sabah gələcəm`.

- Səhər-səhər axsayan bir hündürboy kişi bura gəlmişdi. Qızını axtarırdı. Bütün otaqlara baxırdı. Həkimlərdən tək-tək qızını soruşdu. Amma onun qızının adı və soyadı siyahıda yox idi. Həkimlərimiz morqa zəng vurdular. Oradan isə bildirdilər ki, 5 yaşlı bir uşağın meyidini ora gətiriblər. Ata qızının ölüm xəbərini eşidib dəli olmuşdu, xəstəxananı dağıdırdı. Polislər onu güclə bayıra çıxardılar.

Dəstəyi olmayan qapıdan `morq` cavabı alan insanlar isə başıalovlu xəstəxananın arxa hissəsində yerləşən sözügedən məkana gedirdilər. Biz də getdik ora. Bayırda bizi polislər qarşıladılar. İçəri də isə soyuq otaqlar və qəribə qoxu. Bir otaqdan səs gəlirdi. Yanğından danışırdılar. İçəri girdik. Orada iki həkim və meyitlərə nəzarət edən zəhmli bir şəxs var idi.

Həkimlər məlum hadisə zamanı ölən xəstələrdən danışmağa başladılar:

`İndi Respublikanski xəstəxana, 5 saylı və Binəqədidəki xəstəxanaların morqları ilə əlaqə saxlamışıq. Yanğın zamanı həmin morqlara 17 meyit gətirilib. Biz özümüz də həmin xəstəxanalarda idik. Meyitlərin çoxu ailələrinə təhvil verilib. 5 saylı xəstəxanada 16 yaşlı Eyvazov adlı bir oğlanın meyidi qalıb, onu gəlib aparan olmayıb. Bizim xəstəxananın travmatologiya söbəsində isə iki ağır vəziyyətdə yaşlı xəstələr yatır. Çox dəhşətli bir hadisə idi. Biz də ora getmişdik.

Yanğınsöndürənlərə halal olsun. Çox yaxşı işləyirdilər. 14-ə yaxın yanğınsöndürən xəasərət alıb. Onların əlləri, qolları, üzləri yanıb. Bəzilərinin vəziyyəti isə çox ağırdır. Xəstəxanadadırlar. Təcili yardım avtomobilləri xəstələri gözləyirdi.

Bir də gördük bir gənc qadın saçlarını yolur. Uşağının içəridə qaldığını deyirdi. Hamı onun başına yığılmışdı. Gənc ananın ürəyi getdi. Qəflətən gördük ki, FHN işçisi qucağında bükülü nə iləsə qadına yaxınlaşdı. Həmin bükülüdə qadının uşağı var idi. Uşaq 40 günlük idi. Biz tez ona təcili yardım göstərdik. Uşağın vəziyyəti normal idi. Ana sevincindən qışqırırdı.

Yanğınsöndürənlər əsil şücaət göstərirdilər. Onlar həyatları bahasına ailələri xilas edirdilər. Helikopterlərlə insanları xilas edib bizim yanımıza gətirirdilər. İnsanları od-alovun içindən çıxardırdılar. Eşq olsun yanğınsöndürənlərimizə!`

Azvision.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.