Cəmiyyət

"200 kq-lıq söhbət": Azərbaycan qadını nə istəyir?

7 May 2015 00:20
14 Şərh     Baxış: 9 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mediada çeşidli cərəyanlar, yönlər, yazılar, pozular, şərhlər və o şərhlərə rəvac verən mövzular olur. Fani dünyadır, hər kəs də sözündə asudədir.

Biz də bir para məqamlara baxmağa çalışırıq. Fərqli olsaq da, bizi birləşdirən dəyər var. Nədən ki, müəlliflərin hər ikisi, sözün əsl mənasında, ağırçəkili adamlardır. Yəni ikimizin toplam çəkisi 200 kq edir və bu kiloları da bərabər paylaşmışıq - ədalətlə.

Elə ona görə də qəziyyəni "200 kq-lıq söhbət" adlandırdıq.

Bir tərəfdə Cəlil Cavanşir, digər tərəfdə Elçin Alıoğlu.

Cəlil Cavanşir

Avstriyalı nevroloq, psixoanalizin banilərindən biri Freud ömrünün 30 ilini "Qadın nə istəyir?" sualının cavabını tapmağa həsr edib. Heyhat ki, bu sadə görünən qəliz sualın cavabını tapmadan dünyadan köçüb. Freud "Qadın nə istəyir?" sualının cavabını tapa bilməsə də, sual ətrafında o qədər düşünüb ki, cild-cild sanballı əsərlər qoyub gedib.

Vacib bir sualın cavabını Freud tapa bilməyib, amma bu, o demək deyil ki, biz tapa bilmərik. Hər halda bir cəhd edək.

Azərbaycan qadını nə istəyir?
 

a) Ərindən (sevgilisindən):
 

- mobil telefonun, bilgisayarının, e-mail və Facebook sosial şəbəkəsindəki hesabının şifrələrini;

- ağıllı, müdrik, yaraşıqlı, güclü olmasını, işdən yorğun və əsəbi gəlsə də, silsilə suallara səbirlə cavab verməsini;

- Hollivud aktyorları kimi zərif gülümsəməsini, siqaret çəkməməsini və içki içməməsini;

- az maaşla möcüzələr yaratmasını;

- Emrah kimi qüssəli, Cem Yılmaz kimi komik olmasını;

- Küçədə gedərkən nəzakətli davranmasını, tez-tez "buyurun", "zəhmət olmasa", "təşəkkür edirəm" deməsini;

- "aşkım", "gözəlim", "sevgilim" müraciətlərini;

- avtomobili və şəxsi evinin olmasını;

- dilənçiyə pul verməsini;

- futbola yox, seriala baxmasını;

- Siyasətlə yox, qonşu davaları ilə maraqlanmasını;

b) Rəfiqəsindən:
 

- Onunla birlikdə yorulmadan alış-veriş mərkəzlərini gəzməsini;

- Çoxlu qeybət etməsini;

- Digər rəfiqələrindən daha çox diqqət ayırmasını;

- Bütün gizli sirlərini onunla bölüşməsini;

c) Ailəsindən:
 

- Sonsuz sərbəstlik, azadlıq və xoşgörü;

- müstəqil qərarlara sayğı, gələcək üçün təminat;

- Gözəl paltarlar, bahalı parfümlər, son model telefonlar, gözəl ayaqqabılar;

- Bahalı cehiz, təntənəli toy və nişan, son dəbdə gəlinlik paltarı;

Bu siyahını, bu qəliz suala verə biləcəyim cavabları uzatmaq olar. Hələ feminizimdən dəm vuran, qadın-kişi bərabərliyindən danışan xanımların avtobusda, metroda başımızın üstünü kəsdirməsindən danışmıram. 

Elçin Alıoğlu

Texaslıların yaxşı deyimi var: "Və onda həlim, şəfqətli olmağa qərar verdim: çünki anladım ki, hamıya patronlarım çatmayacaq..." Azərbaycanda da dünyanın bütün məkanlarında olduğu kimi, "Qadın nə istəyir?" sualına cavab arayırlar. Söz yox, övlad anası olan qadını heç nə ilə qorxutmaq olmaz - amma yenə də, həyatın axarı, yaşamın dolanbacları qadını istəklərinin, onun istəklərini də qadının əsiri edir.

Gerçəkdən də,
 

Azərbaycan qadını nə istəyir?

a) Ərindən (sevgilisindən):
 

- kişi birdəfəlik anlamalıdır ki, kök qadın olmur - dar paltar var

- sosial şəbəkələrdə qadın fotosu görəndə və ya "Ayka Namazqılanka Usi Uşş Qoqqu Xoxan Apardı Şirinka" adlı profillə üzləşəndə qəfil adrenalin şəlaləsində boğulmağa başlayaraq "Maksim" pulemyotunun atış sürətilə "Salam, necəsən, Allah saxlasın, gözəlsən, mən subayam, tanış olaqmı, nömrəni bilə bilərəm" tipli marazmlar yazmamasını

- "ictimai yerlər" adlanan məkanlarda özünü Arktika bayquşu hesab edərək boynunu öz oxu ətrafında 190 dərəcə döndərərək yaxın 300 metr arealdakı əks cins mənsublarını potensial şikar saymamasını

- təbii, hər qadın ərinin ağıllı, kamallı, pullu, yaraşıqlı olmasını istəyir. Amma heç bir qadın işdən gələn ərin mətbəxdə qida ehtiyacını doldurandan sonra "TopAz"a "şot atma" əziyyətinə qatılmasını, yaxud divana uzanıb evdəkiləri fəxri qarovul, özünü də Leninin mumiyası saymasını, ailəni yan qalaktika bilib aradabir mövcudluq siqnalları göndərməsini istəməz. Qadın onu anlayanı istər ki, bu anlam sözlərin deyilmədən cavabının eşidilməsini də ehtiva edir

- qadının arzusu budur ki, şənbə günü əri və ya sevgilisi onu gözəl restoranlardan birinə şam yeməyinə dəvət etsin, bu zaman da "Xarici pasportu götürməyi unutma: nə olar, nə olmaz" söyləsin

- qadını daim düşündürən əsas ritorik sual budur: "Anlayıram ki, evdə səliqə-səhman, qazanda da dadlı yemək olmalıdır - amma niyə məhz mən?!"

- siqaret çəkən və araq içən kişiyə də dözmək olar: dərd həyatın yaşanmamış illərini kəndirlə çəkən, qan içən kişilərdir ki, onlarla yaşamaq cəhənnəm əzablarının demo-versiyasıdır

- vallahi, qadınların kütləvi şəkildə dedi-qodu və ya qeybət aşinaları olduqlarını düşünmürəm. Sadəcə, qadın siyasətdən danışaraq özünü yerli variantdakı Martin Haydegger sayan kişini darıxdırıcı tip gördüyündən, qonşuların əməllərinin müzakirəsini daha az zərərli variant sayır.

- qadının əhvalı yaxşı olanda o, dadlı təam bişirmək - əhvalı pis olanda dadlı təam yemək istəyir. Amma bu zaman kişiyə yalan danışaraq "heç nə olmayıb" deyir ki, sadəlövhlər də aldanırlar

- qadın aldadılmaq istəmir, xəyanəti bağışlamır. Amma qarşı tərəfi də mikroskop altında araşdırılan canlı, yaxud evin özüyeriyən əşyası saymaq olmaz: əks təqdirdə yalan da olacaq, xəyanət də.

b) Rəfiqəsindən:
 

- dərdini bölüşəndə iç çəkmək, baş bulamaq, "Görürsən?! Sən bax... Ay-ay... Heç deməzdim" sözlərini eşitmək əvəzinə, deyilənlərin məğzini anlamağı

- bölüşdüyü sirlərin müəyyən qisminin - təkrar edirəm, yalnız müəyyən qisminin - əvəzində natural mübadilə qanunlarına uyğun olaraq başqa sirləri eşitməyi

- ərinə şəffaf canlı kimi baxmasını və onu görsə də, görməməsini

- istisnasız olaraq bütün məsələlərdə razılaşmasını, qonşu xanımlar və digər yaxın qadınlarla müzakirələrdə zəruri kvorumu təmin etməsini, reqlamentdə olmayan məsələlər barədə yalnız him-cimlə danışmasını

- pul qazanmağın yolunu bilən əri varsa, bununla fəxr etməməsini və əsl rəfiqə kimi davranaraq bütün kişilərin insanların dostu olması aksiomunu paylaşmasını

- bütün futbolçuların eyni gündə, eyni saatda, eyni yerdə qəflətən yoxa çıxması və stadionların yerində ticarət mərkəzlərinin peyda olması barədə arzularda həmrəyliyi (zəruri qeyd: bu arzu, deyilənlərə görə, Kriştianu Ronalduya aid deyilmiş və ümumiyyətlə, İrina Şeykin ayaqları əyridir, sağ qulağı da bir qədər sallaqdır, ona nə olursa, yaxşı olur)

- telefonla danışanda səbrlə qulaq asmasını, WhatsApp-la yazışanda "smaylik"lərdən mümkün qədər çox istifadə etməsini

- ərinin Facebook macəralarını izləmək üçün saxta profil yaradın könüllü özəl detektivlik etməsini, potensial cinayətkar barədə eşitdiklərini, oxuduqlarını və gördüklərini dərhal bölüşməsini

- ailədəki problemlərin müzakirəsində şəfqətli həmsöhbət olmasını

c) Ailəsindən:
 

- sevgini, şəfqəti və səmimiyyəti

- ev işlərində azacıq da olsa, yardımı

- anlayış və diqqəti

- qadının mətbəx kombaynı olmaması həqiqətinin dərk edilməsini

- oğulun böyüyəndən sonra ana ilə söhbəti zəruri ritual saymamasını

- ərin ona həm də həyatın yoldaşı olmasını

- var olanların qədrini itirəndən sonra dərk etməməyi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.