Cəmiyyət

İnsan bəxtini yarada bilir

5 May 2015 19:39
1 Şərh     Baxış: 2 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NLP ustası Babək Bayramov: "İnsanların əksəriyyəti nə istədiklərinə yox, nə istəmədiklərinə köklənirlər"

"NLP (neyrolinqvistik proqramlaşdırma) insanlarda şəxsi potensiallarını açmağa kömək edir. İnsan NLP vasitəsilə arzuladıqlarını həyata keçirmək gücünə sahib olur". Bunu NLP ustadı Babək Bayramov Türkiyənin tanınmış Fərdi və Təşkilati İnkişaf Ustadı Cemal Kondu tərəfindən NLP-nin ən yüksək dərəcəsi olan "Master NLP Trainer" adına layiq görülməsi ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, varlıqlar öz potensiallarını nə qədər yaxşı şəkildə üzə çıxara bilirlərsə, o varlıqlara "yaxşı" etiketi vurulur. Bəs "yaxşı insan" etiketini kimlərə vurmaq olar? Təbii ki, öz potensiallarını maksimum şəkildə üzə çıxara bilən insanlara. "Fikrimcə, "al-ver" sözünün strukturu tamamən səhvdir, insanları yanlış yönləndirir. Bu söz "ver-al" olmalı idi. İnsanlara dəyər verəriksə, insanlardan dəyər görərik. Sevgi istəyiriksə, əvvəlcə sevgini verməyimiz lazımdır. İnsan əldə etmək istədiyi şeyin dəyərini əvvəlcədən ödəməlidir".

NLP ustası bildirir ki, insan özü öz bəxtini yarada bilir. Qədim müdriklərdən birindən soruşurlar: "Şansa inanırsınızmı?" Cavabı çox ibrətamizdir: "Əlbəttə, yoxsa sevmədiyim insanların uğurlarını nə ilə izah edərdik?" Şans, tale, bəxt, alın yazısı kimi sözləri leksikonumuza gətirən faktor bəzilərinin öz uğursuzluqlarını gizlətmək, eqolarını sakitləşdirmək və bəhanələrini ifadə etmək üçün kəlmələrə duyduğu ehtiyacdır. İnsan taleyini özü yaradır. Bunun üçün isə insan nə istədiyini bilməlidir.

B.Bayramovun aparılan bütün sorğular, araşdırmalar, eləcə də şəxsi təcrübələrinə istinadən bildirir ki, insanların çox az bir hissəsi nə istədiklərini bilirlər. Onun fikrincə, əksəriyyət nə istədiyindən çox, nə istəmədiyini bilir. "Bəli, insanların çoxu nə istəmədiyini gözəl bilir və bununla da beyinlərini nə istədiklərinə deyil, nə istəmədiklərinə kökləyirlər. Nəticədə nə baş verir? Onlar sağ ayaqlarını daim düşünürlər və istəmədikləri həyatı yaşayırlar".

NLP ustasının sözlərinə görə, hər bir neqativ ifadənin pozitiv forması da var. Məsələn, dediyinə görə, "bu iş mənə narahatlıq verir və çətindir" cümləsini pozitiv şəkildə belə "bu iş mənim üçün rahat və asan deyil" formasında işlətmək mümkündür. "Bunlar təxminən eyni mənalı cümlələrdir, lakin sinir sistemimizə göndərdiyi siqnallar fərqlidir. Hər bir sözün duyğu yükü var, beynimiz kəlmələri qavrayarkən, bədənimiz bu kəlmələrin yükləndiyi duyğuların təsiri altına düşürlər. "Kasıbçılıqdan canımı qurtarmaq istəyirəm" cümləsini "varlanmaq istəyirəm" ilə əvəz etmək o qədər çətindirmi? Doğrudur, bəzi hallarda cəmiyyətdə hədsiz pozitiv insanlara "arsız" çərçivəsini müəyyənləşdirənlər də olur, ancaq bu, artıq sizin probleminiz deyil. Hətta ən şad günlərinizdə belə, "çox güldüm, Allah axırını xeyir eləsin" dediyiniz anlar olubmu? Yaxud, bir avtomobil aldığınızda ətrafınızdakılardan "qəzadan-bəladan uzaq olasan" kimi "alqışlar" eşitməmisinizmi? Bunların fərqində olun və özünüzü pozitivə kökləyin, çünki ancaq pozitiv fikirlərlə sinir sisteminizə sizi gücləndirəcək mesajlar göndərə bilərsiniz. İnsan nə düşünürsə, onu da yaşayır. Düşüncələrinizi pozitivləşdirsəniz, pozitiv həyat yaşayarsınız".

Türkiyənin tanınmış Fərdi və Təşkilati İnkişaf Ustadı Cemal Kondu NLP və onun təsirləri haqqında danışıb. Dediyinə görə, hədəfə çatmaq üçün istifadə etdiyimiz zehin proqramlarıdır. Bu proqramların keyfiyyəti həyat keyfiyyətini təyin edir. Hər cür təcrübə, yaxşı və ya pis olmasından asılı olmayaraq bir zehin proqramının nəticəsidir. "Necə düşündüyümüz, nəylə düşündüyümüz və bu düşüncələri davranışa necə çevirdiyimiz; bu köçürmələrlə nə cür nəticələr əldə etdiyimiz həyat keyfiyyətimizi formalaşdırır. Proqramlar dəyişərsə davranışlar, duyğular və hərəkətlər də dəyişər".

NLP düşüncə və duyğuların daxili dünyamızda necə formalaşdığını öyrənməklə başlayır. Heç bir şey təsadüf nəticəsində yaranmır. Hər şey müəyyən bir sıralamayla başlayır və son dərəcə mənalı bir şəkildə reallaşır. NLP, bu davranış və duyğu zəncirinin şifrəsini tapmağa köməkçi olur. "Əgər sizi nələrin dibə çəkdiyini anlaya bilsəniz, bunlardan necə qurtulacağınızı da öyrənəcəksiniz. Bu da sizi mümkün təhlükə və zərərlərdən qorumuş olacaq. Davranışlarımızın şifrələrini tapmaq, bir dedektivin ipuclarını doğru şərh etməsi prosesinə bənzəyir. Özünü kəşf etmək əyləncəlidir. Özünüzü kəşf etdikdən sonra özünü dəyişdirmək isə möhtəşəm bir gücdür. Bu güc əlçatmaz deyil. Bu gücə hər kəs çata bilər".

NLP treyner Sənan Nəcəfov NLP-nin həyatına təsirləri barədə danışıb. İki ildir NLP ilə məşğul olduğunu deyən Nəcəfov ötən müddət ərzində həyatının tamamilə dəyişdiyini bildirib.

Tədbirin sonunda jurnalistlər üçün motivasiya seminarı keçirilib.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.