Cəmiyyət

Üzeyiri dinləyib transa düşən “qeyrətli” yekəbaşlar

5 May 2015 22:05
0 Şərh     Baxış: 2 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu ifadəmə görə üzr istəyirəm, ancaq indiki cavanların arasında yekəbaşlar kifayət qədərdir. Bu yekəbaşlar heç də küçədə böyüməyiblər. Onları valideynləri belə tərbiyələndirib: zəmanə ilə ayağlaşsınlar, həyasızlıq etsinlər, utanc hissini yaxın buraxmasınlar, aftafanın ağzından girib lüləyindən çıxmağı bacarsınlar. Uşaqlar da belə böyüyüb. Nə mənəvi dəyərlərdən yük bağlamayıblar, nə də millətimizə xas olan xüsusiyyətləri daxillərində cəmləməyiblər. Üzeyiri dinləyib transa düşüblər, bu vəziyyətdə şəkil çəkdirib "İnstagram"da paylaşıblar, bu şəkillərə sonra özləri baxıb yenidən trans vəziyyətinə qayıdıblar.

Belələri hətta kişi kimi dava da edə bilmir: ya cibində gəzdirdiyi bıçağı işə salacaq, ya da özü kimi yekəbaşlardan bir komanda yığıb "razborkaya" gələcək. Onların aləmində kişilik budur. Daha məsələni təkbətək çozmək unudulub. Çünki bunu görməyiblər, eşidəndə də arxaizm kimi qəbul edirlər. Kişiliyin də siqaret çəkmək, ictimai yerlərdə uzunqulaq kimi bağırmaq, onun bunun ana-bacısına söz atmaq, "saz" maşında "fırlanmaqdan" ibarət olduğunu düşünürlər.

İndi təsəvvür edin ki, belə "xod gedənə" qız "otkaz" eləyib. Pahatonan! Belə bir cayıla ha! Necə dözsün "kişi"? O da dözmədi...

11-ci sinif şagirdi Aytac Babayevanın qətlə yetirilməsi hər kəsi sarsıtdı. Gənclərin dünyadan getməsi həmişə böyük faciədir, xüsusən də belə bir yolla.

Əlbəttə, öləni yenidən həyata qaytarmaq mümkünsüzdür. Ancaq mərhumun yaxınlarına başsağlığı verdikdən sonra hələ yaşayanları belə hadisələrdən necə sığortalamaq haqqında düşünməyin əsl vaxtıdır.

Hadisə cəmiyyəti sanki ikiyə böldü. Bir qrup qızın ondan ayrılmasına dözməyərək keçmiş sevgilisini vəhşicəsinə öldürən yeniyetməni qınadı, bir qrup isə hələ orta məktəbi bitirməyən qızın oğlanla münasibətlərində çox "dərinə" baş vurmasından gileyləndi, ardından da birinci qrup ikinci qrupun ünvanına lənətlər və tənələr yağdırdı. Əslində isə hər ikisi qurbandırlar. Müasir cəmiyyətimizin qurbanları.

Əlbəttə ki, sözügedən cütlük arasında əsl məhəbbət yaşandığını ancaq axmaqlar dilə gətirə bilər. Bunlar İlahinin bəşərə nemət olaraq əta etdiyi MƏHƏBBƏTİN heç "M"ısını yaşamayıblar, anlamayıblar. Bəs nə? Nə vadar etdi bu vəhşi cinayətə? Artıq dediyim kimi - yekəbaşlıq! Bu yekəbaşlığın içində isə təkəbbür də var, yekəxanalıq da, qanacaqsızlıq da, qeyrətsizlik də. Günah yükü isə bərabər paylanmalıdır: cəmiyyət, valideynlər, TV-lər, məktəb və s. Qatil cəzasını alacaq. Amma o yalnız ağacın barıdır. Köklər, budaqlar, yarpaqlar olmasaydı, belə zəhərli məhsul da ərsəyə gəlməzdi.

Qətl edilən qıza gəldikdə isə, ölünün ardınca pis danışmaq qadağasını kobud surətdə pozmamaq üçün, qatilə heç də bəraət qazandırmamaq şərti ilə qısa qeydlərlə, ritorik suallarla kifayətlənək. Orta məktəb şagirdinin hansısa oğlanın ağuşunda olması o qədərmi vacib idi? Məktəb rəhbərliyi şagirdlərinin belə hoqqalardan çıxmasını bilirdimi? Bilirdisə niyə susurdu? Valideynlər necə, övladlarının oğlanla kamera qarşısında qucaqlaşmasından xəbərləri var idimi? Əslində, mərhumu da qınamaq səvdir. Çünki o da "hamı necə, biz də elə" prinsipi ilə tərbiyə görən, yetişdirilən məhsuldur. Ona başqa yolu sadəcə tanıtmayıblar.

"Əşi, camaatın qızları oğlanlarla restoranda bayram keçirir, işıqları söndürüb rəqs edir, bizimki bəyəm əskikdi, "çuşkadı", yetimdi?" deyib övladını fəsadın qucağına atan valideynlər ətrafımızda çoxdur, təəssüf. Sanki yatıblar. Görəsən nə qədər Aytaclar bədbəxt olmalıdırlar ki, bu yuxudan oyansınlar?

islam.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.