Cəmiyyət

Dünya tarixində və XXI əsrin geosiyasətində Qafqaz və Xəzər

5 May 2015 12:12
0 Şərh     Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mərkəzi Avrasiya geosiyasi məkanı kimi nəhəng monolitin əsrlərlə fasiləsiz genişlənməsi və sıxılması prosesi baş verirdi. Özü də Şərq və Qərbin geosiyasi qüvvələrinin toqquşması dəyişkən uğurla cərəyan edirdi. Dünya tarixində Qərbin bu meqaregiona "hərbi-sivilizasiya" təcavüzü təcrübəsi qeydə alınmışdır.

Uğursuzluqla nəticələnsə də, antik dövrdə, xüsusən də e.ə. I minilliyin son əsrlərində talassokratik Qərb tellürokratik Şərqi "ellinləşdirməklə" onun etnik və dini qapalılığını aradan qaldırmağa cəhd göstərirdi.

Orta əsrlərdə, xüsusilə ХIII-ХVI əsrlərdə Monqol, sonra da Osmanlı imperiyalarının güclü olduğu dövrlərdə Şərq Avropanın sərhədlərinə yaxınlaşa bildi, bununla da Qərbi Avropa sivilizasiyasının mövcudluğunun özünü təhlükə altına aldı. Sonralar - Krım (1853-1856-cı illər), Birinci (1914-1918-cı illər) və İkinci (1939-1945-ci illər) dünya müharibələri, "soyuq müharibə" (1946-1991-ci illər) gedişində Qərbin geosiyasi irəliləyişinin qarşısı Mərkəzi Avrasiyanın "qapıları"nın qarşısında - Qafqazda alındı. Sovet İttifaqının dağılması və postsovet geosiyasi məkanında yeni müstəqil dövlətlərin yaranması Qərbə Qafqazın və Xəzərin qapılarını açdı.

Xəzər və Qara dənizləri arasında yerləşən və Mərkəzi Asiyaya "geosiyasi açar" olan Qafqaz indi də geosiyasi aktiv zonadır və mühüm geostrateji rol oynayır, çünki onların üzərində nəzarətin ələ keçirilməsi şimaldan Böyük Orta Şərqə yol, Fars körfəzinə və Aralıq dənizinin şərqinə, cənub istiqamətindən isə - Cənubi Rusiyanın düzəngahlarına yol açır.

Xəzər dənizi hövzəsinə gəlincə, bu bölgə əsrlər boyu Mərkəzi Avrasiya geosiyasi məkanında baş verən hərbi-siyasi və sosial-iqtisadi proseslərdə mühüm rol oynamışdır. XVIII əsrdən etibarən son üç əsrdə Xəzər bölgəsi Mərkəzi Avrasiyanın iqtisadi və hərbi-siyasi cəhətdən mühüm olan bu bölgəsi üzərində nəzarəti ələ keçirməyə can atan böyük və regional dövlətlərin kəskin geosiyasi rəqabət obyektlərindən biri idi.

İlk növbədə özünün minilliklərlə icra etdiyi funksiyasına, hər iki vektorda ("Şimal-Cənub", "Şərq-Qərb") Avropa ilə Asiya arasında həlqə funksiyasını yerinə yetirdiyinə və xristianlıq və islam kimi iki meqasivilizasiyanın qovşağında yerləşdiyinə görə yaşadığımız XXI əsrdə Xəzər bölgəsi müasir geosiyasi və geoiqtisadi proseslərin ayrılmaz atributu olaraq qalmaqdadır.

Ümumilikdə Qafqaz və Xəzər şimaldan Mərkəzi Asiya vasitəsilə Hind okeanına çıxış üçün rahat geosiyasi platsdarm olmuş və bu, hazırda da davam etməkdədir. Aralıq dənizi (Türkiyə amili), Qara dəniz (Azərbaycan-Gürcüstan amili), Hind okeanı (İran amili) və Avropa (Rusiya amili) ilə geosiyasi cəhətdən bağlı olan Qafqaz və Xəzər müasir dövrün hələ ki latent xarakter daşıyan geosiyasi episentrlərindən biri olaraq qalır.

Güclü geosiyasi fəzaya malik olan Xəzər keçmişdə olduğu kimi, indi də tükənməz təbii resurslara və insan potensialına malik olan Ön və Mərkəzi Asiyanın geniş quru yol məkanlarını maqnit kimi özünə çəkir. Xəzərin geoiqtisadi rolu isə nəhəng neft və qaz ehtiyatlarına görə getdikcə daha çox geosiyasi çalarlar alır.

XIX əsrin sonlarına qədər Qafqaz və Xəzər Şərqi Avropa, Balkan, Yaxın və Orta Şərq kimi başlıca geosiyasi kataklizmlər sahələrinə aid edilmirdilərsə, XX əsr ərzində, xüsusən də ötən əsrlə yaşadığımız əsrin əvvəllərində onlar sözün əsl mənasında qlobal əhəmiyyətli amilə çevrilməkdədir.

Bununla belə, yaxın gələcəkdə Qafqaz və Xəzərin geoiqtisadi əhəmiyyəti və Qafqaz ölkələri ilə Xəzəryanı ölkələrin qarşılıqlı münasibətləri Böyük Orta Şərqdə baş verən hərbi-siyasi hadisələrin, dünyanın və bölgənin böyük dövlətlərinin regiona münasibətdə rolunun dəyişməsi nəticəsində əsaslı şəkildə transformasiya edə bilər.

Şimal-Cənub və Qərb-Şərq geosiyasi oxlarının kəsişməsində yerləşən Qafqaz və Xəzər XXI əsrin əvvəllərində həm dünyanın, həm də bölgənin böyük dövlətlərinin mürəkkəb geosiyasi maraqlarının meydanına çevrilmiş Böyük Avrasiyanın bir növ sərhədyanı zonası, Xəzəryanı dövlətlərin variabel geosiyasi oriyentasiyası regionudur.

Öz növbəsində spesifik geotarixi inkişaf prosesləri üzündən Qafqazda meydana gəlmiş müxtəlif etno-konfessional sivilizasiya birlikləri bir-biri ilə toqquşmaqdadır ki, bu da indiyədək bu bölgədə geosiyasi qeyri-stabilliyin əsas səbəblərindən biridir. Region obyektiv olaraq müasirliyin kəskin münaqişəli areallarındandır. Dünyanın və regionların burada maraqları olan böyük dövlətlərinə isə "neft geosiyasəti"nin müəyyən inkişaf mərhələlərində Qafqazdakı münaqişələrə etinasızlıq göstərmək sərf edir, çünki bu, onlara istədikləri boru kəməri layihələrini həyata keçirməkdə köməklik edir. Başqa sözlə, "münaqişələrin xəritəsi" ilə Xəzərin karbohidratlarının idxal "marşrutlarının xəritəsi" arasında aydın bir əlaqə mövcuddur.

Geoiqtisadi nöqteyi-nəzərdən Xəzərin neft-qaz ehtiyatlarının işlənməsində, onların həm qərb, həm də şərq istiqamətində dünya bazarlarına nəqli marşrutlarının müəyyən edilməsində onun dəniz məkanının legitimliyi problemi diqqəti çəkir və təkcə sahilyanı ölkələr deyil, həm də aparıcı dövlətlər arasında bu enerji ehtiyatları üzərində nəzarəti ələ keçirmək üçün həm gizli, həm də açıq rəqabət mübarizəsini şərtləndirir. Müharibə dövründə "müharibənin qanı" olan, sülh dövründə isə iqtisadiyyatın inkişafını şərtləndirən neft hələ Birinci və İkinci dünya müharibələri dövründə dünya siyasətində ən mühüm geostrateji amilə çevrilmişdir. "Soyuq müharibə"dən sonra isə "neft geostrategiyası" dövrü başladı. Qloballaşma və dünyanın yeni nizamının formalaşması şəraitində bu, hələ uzun müddət müasir beynəlxalq münasibətlərdə güclü təsir aləti olaraq qalacaqdır.

Beləliklə, Mərkəzi Avrasiya postsovet məkanının geosiyasi dönüş mərkəzində yerləşən Qafqaz və Xəzər 1990-cu illərdən başlayaraq dünya siyasətində geosiyasətin klassik qaydaları ilə aparılan "böyük geostrateji oyun"un ayrılmaz hissəsinə çevrilmişdir. Qərbin neft siyasəti üzrə eksperti D.Yergin qeyd edir ki, "neftə çıxışa təsir edəcək hər şey zorakılıq, müharibələr, texnogen təhlükələr, siyasi kolliziyalar, iqtisadi imperativlər, etnik, dini, ideoloji və sosial münaqişələr qəfil baş verə bilər". Bu sözləri Xəzər bölgəsinə də şamil etmək olar.

Bütövlükdə XXI əsrin əvvəllərində dünyanın və bölgələrin aparıcı dövlətlərinin Qafqazla və Xəzər regionu ilə bağlı geosiyasətində onların geosiyasi və geoiqtisadi maraqları üstünlük təşkil edir.

Bu, belə bir mühüm amillə bağlıdır ki, müasir dövrdə Böyük Orta Şərqdə cərəyan edən mürəkkəb, bəzən də ziddiyyətli proseslər, o cümlədən İran ətrafında hərbi-siyasi şəraitin kəskinləşməsi ilə bağlı olan hadisələr XX əsrin klassik geosiyasətinin - "dövlətin coğrafi zəkası"nın (K.Haushofer) əsas qanunauyğunluqlarının sarsılmazlığını təsdiq edir. Onlar XXI əsrdə də öz aktuallığını itirməmişdir.

Qloballaşma proseslərinin intensivləşməsi, müasir dövrün yeni real təhlükələri nəticəsində yeni məzmunla zənginləşmiş geosiyasət Böyük Orta Şərqdə beynəlxalq münasibətlər sistemində üstün rol oynamaqda davam edir. Yaşadığımız XXI əsrdə Qafqazda və Xəzərdə cərəyan edən hadisələr bunun əyani sübutudur.

Newtimes.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.