Cəmiyyət

Məşhur azərbaycanlı jurnalist vəfat etdi

3 May 2015 20:06
6 Şərh     Baxış: 10 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BBC Azərbaycan Xidmətinin keçmiş əməkdaşı Sədaqət İsmayılova vəfat edib.

Onu Azərbaycanda, 1994-cü ildə BBC Azərbaycan radiosunu quran başqa həmkarlarım kimi səsindən tanıyırdılar.
 

Qaranlıqda bir-birini

Quşlar səsindən tanıyır.

Qu quşunu zalım əcəl

Son nəğməsindən tanıyır.
 

Taksidə, qonaqlıqda, teatrda - hər yerdə kimsə soruşmalıydı: "Bağışlayın, siz Sədaqət İsmayılovasınız?"

Sonra da həmin şəxs BBC-dən səslərini tanıdığı başqa prodüserləri soruşardı: "Filankəs necədir?"

Lakin bu təkcə səs deyildi. Onlarca maraqlı radio proqramlarıydı.
 

"Neftin tarixi" silsiləsinin müəllifi BBC Azərbaycan xidmətinin radio dalğalarında həftəlik "Mədəniyyət" proqramını aparırdı. Azərbaycan dinləyicisinə onun qəzet, kitab almağa imkanı olmayan vaxtlarda (indi imkan var alan yoxdu) dünya incəsənətindən, ədəbiyyat və musiqisindən söz açır, soraq gətirirdi.

Bu yazının əvvəlində Ramiz Rövşənə məxsus misralar da ilk dəfə ingilis dilində onun proqramında səslənmişdi.

Deyirdi ki, "çox təəssüf rəssamlıq, təsviri sənət barədə radioda veriliş hazırlamaq mümkün olmayacaq qədər çətindir"... Axı gözəl bir tablonu səsin gücü ilə necə təsəvvürə gətirəsən.
 

Bəlkə elə buna görə də özü şəkil çəkirdi, gözəl rəsm əsərləri yaradırdı. Elə adamlar var ki, onlar peşələrinə sığmırlar. Belələri haqqında bircə söz deyə bilirsən: "istedad". Sədaqət istedad idi.
 

Radio televiziya deyil. Radioda məşhurlaşmaq televiziyada məşhurlaşmaqdan qat-qat çətindir. BBC radiosu Sədaqət və həmkarlarının əməyi sayəsində bütün dünyada əsrini başa vurmaqda olan qısadalğalı radionu evlərdəki masaların ortasına qaytarmışdı.

Sədaqətlə 2011-ci ildə radio bağlanandan bəri görüşmürdük. Amma səsini eşidirdim. Ara-sıra zəng edirdi.

Mən ötən il ağır xəstələnəndə isə daha tez-tez zəng edirdi. Hər şeydən danışırdı, xəstəlikdən başqa. Öz xəstəliyindən ümumiyyətlə söz salmırdı. Məhkum xəstə olduğunu bilirdi.
 

Hansı kitabı oxuduğumu, haralara getdiyimi, kimləri gördüyümü soruşurdu.

Elə bil ki, zalım əcəlin başını qatmaq istəyirdi.

Səsin üçün darıxacağıq, Sədaqət...
 

Zülfüqar Rüfətoğlu

BBS Azərbaycan

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.