Cəmiyyət

Anar Məmmədxanovun kitablarının təqdimat mərasimi oldu

18 Aprel 2015 23:11
0 Şərh     Baxış: 1 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində "Bakılı oğlanlar" komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun "Bıt samim soboy", "Özünə sadiqlik", "Ni o çyom ne jaleyu" kitablarının təqdimat mərasimi keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Bıt samim soboy" kitabına Anar Məmmədxanovun müxtəlif vaxtlarda bir-birindən fərqli aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, eləcə də açıq məktubları daxil edilib. "Özünə sadiqlik" isə "Bıt samim soboy" kitabının Azərbaycan dilinə tərcüməsidir. "Ni o çyom ne jaleyu" kitabında isə 1995-ci ildən 2011-ci ilə qədər jurnalistlərin Anar Məmmədxanovla müsahibələri toplanıb.
 

"Şərq-Qərb" nəşriyyatı tərəfindən buraxılan hər 3 kitabı müəllifin bacısı, professor Naidə Məmmədxanova tərtib edib. Nəşrlərin redaktoru, "Ön söz" və "Sözardı"nın müəllifi əməkdar jurnalist, Milli Məclisin deputatı Elmira Axundova, layihənin rəhbəri A.Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanovadır.

Tədbirdən əvvəl jurnalistlərə müsahibə verən professor Naidə Məmmədxanova bildirib ki, vaxtilə hər hansı qəzetdə, jurnalda qardaşı haqqında dərc olunan materialları, onun yazılarını toplayanda xəyalına belə gətirməzdi ki, nə vaxtsa Anar həyatda olmayacaq və bu yazıları kitab halına salmaq onun öhdəsinə düşəcək. Qardaşının Azərbaycanı çox sevdiyindən söhbət açan N.Məmmədxanova deyib: "O, hər an Vətənin yolunda canını verməyə hazır idi. Çox istərdim ki, gənclər bu kitabları oxusunlar və başa düşsünlər ki, vətəni necə sevmək lazımdır".
 

Yazıçı-publisist Elmira Axundova isə bildirib ki, oxucular bu kitabda başqa bir Anarı görəcəklər. O deyib: "Anar Məmmədxanov sizin yadınızda daha çox şən və hazırcavablar klubunun əfsanəvi kapitanı kimi qalıb. Bu kitabla tanış olduqdan sonra isə siz tamam başqa Anar Məmmədxanovu, yetkin siyasətçi, dərin analitik təfəkkürü olan insanı görəcəksiniz. O, çox böyük proqnoz verirdi. Bu proqnozların 95 faizi demək olar ki, özünü doğruldurdu. O, gözəl publisist idi, orijinal yazı üslubu var idi. Biz kitaba nələri salmağı müzakirə edəndə mən təklif etdim ki, materialların hamısı olmalıdır. Çünki bu, onun ömrü idi. O, 15 il yazıb, esselərlə çıxış edib. Çox fəxr edirəm ki, kitablara "Ön söz"ü və "Sözardı"nın müəllifiyəm, nəşrlərin redaktoruyam. Mən onun yoxluğunu hər an hiss edirəm. Elə bilirəm ki, kiçik qardaşımı itirmişəm. Odur ki, kədərlənirəm. Eyni zamanda sevinirəm ki, nə yaxşı ki, biz bu kitabları hazırladıq. Deməli, o, yenə də yaşayır. Biz kitabda da yazdıq ki, bu, Anarın qayıdışıdır".
 

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirak etdikləri təqdimat mərasimini açan əməkdar artist Murad Dadaşov bildirib ki, aprel ayı "Bakılı oğlanlar" komandası üçün rəmzi xarakter daşıyıb. Komanda bu ay həmişə tamaşaçılarla görüşürdü. Lakin komanda elə apreldə də öz rəhbəri Anar Məmmədxanovu itirib.
 

Mərasimdə A.Məmmədxanovun yaxın dostu, nəşrlərin ərsəyə gəlməsində böyük zəhməti olan Rasim Müzəffərli, görkəmli rejissor, xalq artisti Oqtay Mirqasımov, əməkdar jurnalist, Milli Məclisinin deputatı Elmira Axundova, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli təqdimatı keçirilən kitablardan, Anar Məmmədxanovun vətənpərvərliyindən, Milil Məclisin deputatı, icitimai xadim kimi fəaliyyətindən söhbət açıb, xatirələrini bölüşüblər.
 

Qeyd olunub ki, Anar Məmmədxanov Azərbaycanda rusdilli publisistikanın ən gözəl nümunələrini yaradıb və bu istiqamətdə sürətlə irəliləyib. O, qarşısına qoyduğu ali məqsədlərə uğurla nail olurdu.
 

Çıxışlarda Anar Məmmədxanovun qısa, lakin şərəfli ömür yolunun gənc nəslə örnək olduğu bildirilib, təqdimatı keçirilən kitabların gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyəti yüksək qiymətləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ