Cəmiyyət

Ən çox qazandıran peşənin sahibi: "Sanki heç kimin ehtiyacı yoxdur" - FOTO

18 Aprel 2015 13:41
0 Şərh     Baxış: 6 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Atlan Abbasov: "Bəzən ay ərzində min manat qazanırıq, amma pulsuz qaldığımız günlər də az deyil"

Son zamanların ən çox pul qazandıran məsləklərindən biri də maklerlikdir. Təsadüfi deyil ki, ötən illərlə müqayisədə bu peşə ilə məşğul olanların da sayı artıb. Təbii ki, hər sənətdə olduğu kimi, maklerlik də peşəkarlıq tələb edir. Gəlirli sahə olsa da, bu peşədə pul qazanmaq o qədər də rahat deyil. Biz də "Sadə peşə adamı" rubrikasında sözügedən sənətin sirləri ilə bağlı gənc maklerlə söhbətləşdik. Müsahibimiz 5 ildir peşəkar şəkildə daşınmaz əmlak bazarında çalışan Atlan Abbasovdur.

Dizaynerlikdən maklerliyə

Atlan 1981-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra peşə məktəbində Gömrük işinin təşkili ixtisası üzrə təhsil alıb. Bu sahədə özünü görməyən həmsöhbətimiz dizayn kurslarına yazılıb. Daha sonra dizayn şirkətlərindən birində 6 il şüşə və güzgülərin dizaynı ilə məşğul olub. Sənətini atıb maklerliyə başlaması isə gözlənilmədən olub. Pul qazanmağı qarşısına məqsəd qoyan müsahibimiz dizaynerliklə yanaşı, açdığı kiçik dükanda meyvə-tərəvəz də satıb. Maklerlik sənəti ilə yolu da elə bu zaman kəsişib: "Bu sənət mənə digər sənət adamları kimi ata-babadan qalmayıb. Özümə kiçik torpaq sahəsi alıb ev tikdirmişdim. O evi satdıqdan sonra bu sənət mənə cəlbedici gəldi. Meyvə-tərəvəz dükanına ev alqı-satqısı, kirayə evlərlə bağlı çox adam gəlib-gedir, məndən məlumat alırdılar. Bu sahəyə tələbatın çox olduğunu gördükdən sonra dost-tanışla maraqlandım, kim ev satırdısa, siyahını tutdum və dükanımın bir küncündə maklerliklə bağlı elan asdım. O gündən sonra makler kimi fəaliyyətə başladım".

"Hər adam pul qazana bilmir"

Sənətinin sirlərindən danışan müsahibimiz deyir ki, bu sənət göründüyü qədər də asan deyil. Müsahibimizin sözlərinə görə, gəlirli sənət olsa da, hər adam bu sənətdə pul qazana bilmir: "Yaxşı makler olmaq üçün çox gəzib maraqlanmaq, daim axtarışda olmaq lazımdır. Olduqca diqqət, səbr və zəhmət tələb edən sənətdir. Maklerin güclü yaddaşı olmalıdır ki, müştərinin istəyinə uyğun, şəraitli və sərfəli ev tapa bilsin. Yaxşı makler olmaq və insanların etimadını qazanmaq üçün müştərilərlə səmimi, yalandan uzaq münasibət qurmalısan. Əgər işində düzgün və dəqiq olsan, dürüst olduğuna hər kəsi inandıra bilsən, ətrafındakı insanlar da həmişə yanında olar, digər dostlarına səninlə işləməyi məsləhət görərlər".

Sənətin çətin tərəflərinə gəldikdə, həmsöhbətimiz deyir ki, hər sənətdə olduğu kimi, maklerlik sənətinin də çətin tərəfləri var. Onun sözlərinə görə, ən çox çətinliyə müştərilərlə ev satan arasında mübahisə yaranan zaman düşürlər: "Bizim sənətdə hər xarakterdə insanla rastlaşmaq mümkündür. Elə müştərilər olur ki, alqı-satqı zamanı ev sahibi ilə sözləri düz gəlmir. Çox az bir məbləğə görə böyük mübahisələr yaranır. Bu zaman biz çətin vəziyyətdə qalırıq. Mübahisə böyüdükdə məhkəmə salonlarına qədər davam edir və biz şahid qismində iştirak etmək məcburiyyətində qalırıq. Belə məsələlər yaranan zaman mübahisəni yumşaltmaq üçün makler insan psixologiyasına bələd olmalı və səbrli davranmalıdır".

Makler nə qədər qazanır?

Hamıya məlumdur ki, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda maklerlər həm alıcıdan, həm də satıcıdan qazanırlar. Bəs maklerlər nə qədər qazanır? Həqiqətənmi onlar bəzilərinin düşündüyü kimi, "pula pul demirlər"? Aylıq gəlirlərindən danışan müsahibimiz deyir ki, gəlirin az və ya çox olması satdığın evin yerindən, şəraitindən asılıdır: "Əslində bu sənətin gəlirlərinə baxıb hər kəs makler olmaq istəyir. Amma çoxları yarı yoldan qayıdırlar. Çünki yuxarıda da qeyd etdiyim kimi, maklerlik hər kəsin bacara biləcəyi iş deyil. Bəzən olur ki, ay ərzində min manat qazana bilirik, amma pulsuz qaldığımız günlər də az deyil".

Həmsöhbətimiz deyir ki, son vaxtlar evlərin bahalaşması maklerlərin gəlirlərinə pis təsir edib. Onun sözlərinə görə, ev alqı-satqı bazarında alqı-satqı demək olar ki, minimum səviyəyə enib: "Vəziyyət o qədər pisdir ki, nəinki ev, hətta maşın alqı-satqısı da zəifləyib. Sanki heç kimin maşına və evə ehtiyacı yoxdur. Amma nə etmək olar?! "Hər şeydə xeyir var" deyib, Allahıma şükr edirəm.

"Müştərim su quyusuna düşdü"

Müsahibimiz iş başında başına gələn maraqlı hadisələri də bizimlə bölüşdü: "Bir dəfə bağa baxmaq üçün müştəri aparmışdım. Ev sahibi müştəri ilə bizə həyətyanı sahəni göstərirdi. Birdən ev sahibini küçə qapısından səslədilər və o, bizdən üzrxahlıq edib qapıya tərəf getdi. Həmin vaxt mən telefonla danışırdım. Telefon danışığımı bitirdikdən sonra gördüm ki, müştəri yanımda yoxdur. Elə bil yuxudan ayıldım. Sağa-sola boylandım, müştəri yox idi. Telefonuna zəng vurdum, telefonun zənginin səsi maşınımdan gəlirdi. Sonra düşündüm ki, yəqin, ev sahibinin arxasınca küçəyə çıxıb. Ev sahibi ilə birlikdə küçədə axtardıq, müştəri küçədə də yox idi. Hamı deyirdi ki, müştərini axırıncı dəfə həyətdə görüb. Ev sahibi birdən barmağını dişləyib həyətə qaçdı. Mən də onun arxasınca getdim. Bağa daxil olub aşağı əyildi. Gördüklərim qarşısında donub qaldım. Bilmirdim, gülüm, yoxsa ağlayım... Müştərim su quyusuna düşmüşdü. Çox şükür, ağır fəsadları olmadan yüngül formada qurtuldu".

Damarımda axan qan...

Müsahibimiz ali təhsil almasa da, universitet tələbəsi olmağı hər gəncə arzulayır: "Mən ali təhsil almasam da, orta məktəbi əla qiymətlərlə bitirmişəm və indiyə qədər tarixi şəxsiyyətlər, həyatda uğur qazanan insanlar haqqında oxuyur, dünya ədəbiyyatını mütaliə edirəm. Mütaliə mənim damarmda axan qan kimidir. Amma təəssüflər olsun ki, ali təhsil almaq mənə qismət olmadı. Geniş düşüncə tərzinə malik olmaq və həyatda karyera qurmaq üçün düşünürəm ki, ali təhsil təkandır".

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.