Cəmiyyət

"Maliyyənin ayrılması yaxşı serialların çəkilməsi üçün yetərli deyil"

14 Aprel 2015 17:40
0 Şərh     Baxış: 1 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycan prezidentinin ayırdığı vəsait hesabına indiyə qədər 40-dan çox milli teleserial çəkilib. Biz də, elə tamaşaçılar da bu fikirdədir ki, çəkilən o teleserialların hamısı yüksək səviyyədə deyil".

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib.

MTRŞ sədrinin müavini bildirib ki, maarifçilik və mədəniyyət məsələləri bütün proqramların, o cümlədən də bədii filmlər və serialların içərisində yer almalıdır: ""Televiziya və radio yayımı haqqında" qanunun 32-ci maddəsi bütövlükdə proqrama verilən tələblərdən bəhs edir. Televiziya və radio proqramlarına verilən tələbləri sadalamaqla qurtaran deyil, çoxdur. Amma yayımçıların nəzərə almalı olduğu mühüm cəhətlərdən biri verilişlərin, proqramların maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verməsi ilə bağlıdır. Bu, bütün yayımçıların vəzifə borcudur. Biz maarifçilik və mədəniyyət məsələləri deyəndə sırf həmin proqramları nəzərdə tutmuruq. Maarifçilik və mədəniyyət məsələləri bütün proqramların, verilişlərin içərisində istər-istəməz yer almalıdır. O cümlədən bu bədii filmlər və seriallara da aiddir".

Q.Cəbiyev onu da qeyd edib ki, haqlı narazılıqlara baxmayaraq, 2011-2012-ci illərdə çəkilmiş teleseriallarla müqayisədə son illərdə çəkilmiş teleseriallar arasında xeyli keyfiyyət fərqi var: "Məlum olduğu kimi, 90-cı illərin əvvəllərində Azərbaycan efiri daha çox xarici seriallarla dolu idi. Həmin seriallardakı bir çox məsələlər bizim əxlaqımızla səsləşmirdi. Bütün bunları nəzərə alaraq Milli Televiziya və Radio Şurası həmin serialların efirdən çıxarılması məsələsini gündəmə gətirdi. Bundan sonra efirdə müəyyən bir boşluq yarandı. Hörmətli prezidentimiz milli teleserialların çəkilməsi üçün 2011-ci ildə 5 milyon, 2013-cü ildə isə 6 milyon manat vəsait ayırdı. Düzdür, vəsait ayrıldı, ancaq görünür maliyyənin ayrılması yaxşı serialların çəkilməsi üçün yetərli deyil. Yaxşı teleserialların çəkilməsi üçün həm də yaxşı ədəbi material, yaxşı kinorejissorlar, yaxşı aktyorlar, yaxşı operatorlar gərəkdir ki, biz istəyən, tamaşaçı istəyən keyfiyyətli seriallar ortaya çıxsın".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.