Cəmiyyət

Birinci sınağı bitirdilər - YENİLƏNİB - VİDEO

5 Aprel 2015 14:05
0 Şərh     Baxış: 4 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
14:05

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə hazırlıq məqsədi ilə ilk sınaq imtahanını həyata keçirib. Keçirilən sınaq imtahanları respublikanın 29 şəhər və rayonunda təşkil olunub. İmtahanda iştirak etmək üçün ümumilikdə 48 343 abituriyent qeydiyyatdan keçib. Bu ilin ilk sınaq imtahanına Gəncə və ətraf rayonların abituriyentləri də böyük maraq göstəriblər.

Kəpəz TV-nin (Region TV) məlumatına görə, Gəncə şəhərində sınaq imtahanları 2 növbədə olmaqla 5 binada aparılıb. Bu imtahan prosesində iştirak etmək üçün Gəncə və ətraf rayonlardan 5152 abiturient qeydiyyatdan keçib. İmtahaların idarə olunması üçün 145 nəzarətçi müəllim və 32 imtahan rəhbəri cəlb olunub.

Nəsimi Məmmədov
- TQDK-nın Gəncə regional bölməsinin müdiri: "Bilirsiniz ki, sınaq imtahanları bir neçə ildir ki, TQDK tərəfindən tək respublikanın mərkəz şəhərlərində yox, bütün bölgələrində həyata keçirilir. Qərb bölgəsi üzrə bu gün Qazax və Tovuzda da sınaq imtahanları keçirilir ki, bu imtahan prosesləri bütün regionlarda davam etdiriləcək. Sınaq imtahalarında toplanan ballar heç bir hüquqi əsasa malik deyil. Ancaq sınaq imtahanları da TQDK-nın təşkil etdiyi qəbul imtahaları ilə eyni profildə həyata keçirilir".

Sınaq imtahaları aprelin 12, 19 və mayın 3-də keçiriləcək. 12 və 19 aprel tarixlərində təşkil ediləcək sınaq imtahanlarına artıq qeydiyyat başlayıb. Rus bölməsində təhsil alan abituriyentlər isə aprelin 26-da Azərbaycan dili fənnindən imtahan verəcəklər.

Nəsimi Məmmədov: "Rus bölməsində təhsil alan abituriyentlər martın 1-dən 31-dək TQDK-nın rəsmi internet səhifəsində qeydiyyatdan keçmişdilər. Qeydiyyatdan keçmiş abituriyentlər həmin iş nömrəsi və şifrə ilə yenidən TQDK-nın rəsmi internet səhifəsinə daxil olaraq qruplar üzrə öz elektron ərizələrini doldurub təsdiqləməlidirlər ki, aprelin 26-da rus bölməsinin Azərbaycan dili ilə bağlı keçirilən imtahanına buraxılsınlar".

Bu imtahanda abituriyentlərə ümumilikdə 30 test tapşırığı təqdim olunacaq. Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak hüququ qazanmaq üçün abituriyent minimum 15 sualı düzgün cavablandırmalıdır. Səhv cavablar düzgün cavabların sayına təsir göstərmir. TQDK-nın Gəncə regional bölməsindən onu da bildirdilər ki, son illər imtahanlarda qanun pozuntusuna yol verən abituriyentlərin sayında kifayət qədər azalma müşahidə olunur.

---------
13:38

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Azərbaycanda ilk sınaq imtahanı keçirilib. Milli.Az Kanal S-ə istinadən bildirir ki, imtahanda Şəki üzrə 1374 abituriyent iştirak edib. İmtahanın keçirilməsi üçün iki imtahan binası, 48 zal təşkil edilib. 7 imtahan rəhbəri və 88 nəzarətçi müəllim prosesə nəzarət edib. Sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər. Qeyd edək ki, növbəti sınaq imtahanları 12, 19 aprel və 3 mayda keçiriləcək.

---------
08:44

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Azərbaycanda ilk sınaq imtahanı keçirilir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən sınaq imtahanları respublikanın 29 şəhər və rayonunda təşkil olunub.
 
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada keçirilir. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48343 abituriyent qeydiyyatdan keçib.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilir. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Qeyd edək ki, sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

Milli.Az

---------
13:38

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.