Cəmiyyət

Xristianlar belə, onun qəbrinə təvəssül edirdilər

1 Aprel 2015 20:56
0 Şərh     Baxış: 1 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

(Peyğəmbərin bayraqdarı Əbu Əyyub Ənsari)

Əbu Əyyub Ənsari Yəsribdə məskunlaşmış Xəzrəc qəbiləsinin Bəni-Nəccar qoluna mənsub idi. Əsl adı Xalid ibn Zeyddir. Əbdülmüttəlibin anası tərəfdən Peyğəmbərlə qohum idi (Əbdülmüttəlibin anası Yəsrib əhalisindən olmuşdur). O, ikinci Əqəbə beyətində iştirak etmişdi.

Peyğəmbərin dövründə

Həzrət Mühəmməd Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra özü üçün ev tikilənə kimi 7 ay Əbu Əyyub Ənsarinin evində qonaq qaldı. Bütün mədinəlilər o həzrəti öz evinə aparmaq istəyirdi. Peyğəmbər, onu qonaq saxlamaq istəyən yəsriblilərin mübahisəsinə son qoymaq üçün belə bir çıxış yolu təklif etdi: onun dəvəsi Qəsvanın ovsarını sərbəst buraxsınlar, dəvə harada yerə çöksə, Peyğəmbərin evini həmin yerdə tiksinlər. Dəvə iki yetim uşağa məxsus olan torpaq sahəsində çökdü. Mədinə məscidini və Peyğəmbərin evini orada tikmək qərara alındı.

Əbu Əyyub Ənsarinin evi bura ən yaxın məsafədə yerləşdiyi üçün Peyğəmbərə sığınacaq vermək şərəfi ona qismət oldu. Onun evi ikimərtəbəli idi. Peyğəmbər əvvəlcə aşağı mərtəbədə qalırdı. Bir müddətdən sonra Əbu Əyyub bundan utanıb, o həzrəti üst mərtəbədə yerləşdirdi.

Əbu Əyyubun anasının hər iki gözü tutulmuşdu. Biçarə qadın Peyğəmbərin nurlu simasını görmək üçün Allaha dua edirdi ki, heç olmazsa, bir anlıq gözü açılsın. Həzrət Mühəmməd Peyğəmbərin (s) duası ilə qadın şəfa tapdı və hər iki gözü görməyə başladı. Bu, Islam Peyğəmbərinin Mədinədə göstərdiyi ilk möcüzə idi.

Əbu Əyyub Ənsari Peyğəmbərin sağlığında bütün qəzvələrdə fəal iştirak etmişdi. Xeybər savaşından qayıdarkən gecə yatmayıb, Peyğəmbərin çadırının yanında keşik çəkmiş və buna görə o həzrətin xeyir-duasını qazanmışdı. Bu hərəkətinə görə Peyğəmbər Əbu Əyyubun barəsində belə dua etmişdi: "İlahi! Əbu Əyyub məni qoruduğu kimi, sən də onu qoru!"

Peyğəmbərdən sonra

O, Əhli-beytin sadiq tərəfdarlarından idi. Peyğəmbərin vəfatından sonra xilafətin Əli ibn Əbu Talibə (ə) məxsus olduğuna inanan və o həzrətin əhatəsində yer tutan bir neçə nəfərin sırasında Əbu Əyyub Ənsari də vardı.

Ğədir-Xüm hədisinin rəvayətçiləri arasında o da var. Əllamə Əmini "əl-Ğədir" kitabında (1-ci cild, səh. 48-49) Əbu Əyyub Ənsarinin dilindən Ğədir-Xüm hədisini rəvayət etmiş sünni mənbələrindən bir neçəsinin adını çəkir. O cümlədən: İbn Əsir - "Üsüdül-ğabə", III-307, V-6, V-205. İbn Kəsir - "əl-Bidayə vən-nihayə", V-209. Süyuti - "Cəmül-cəvame" və "Tarixül-xüləfa", səh.114. Müttəqi Hindi - "Kənzül-ümmal", II-154. İbn Həcər Əsqəlani - "Əl-İsabə", VI-223, VII-780. Əllamə Əmini yazır ki, Əbu Əyyubun dilindən Ğədir hədisini sünnilərin məşhur alimləri Təbərani, Əhməd ibn Hənbəl, İbn Üqdə və b. da rəvayət ediblər.

Hadisə belə olub ki, Həzrət Əli öz hakimiyyəti dövründə (ə) Kufə kənarında çöldə (ərəblər buna "rəhbə" deyirlər) öz tərəfdarlarını toplayaraq, onlardan Ğədir-Xüm hədisini eşidib-eşitmədikləri barədə soruşdu və eşidənlərin şahildilk etməsini tələb etdi. Bu zaman bir neçə səhabə ayağa qalxıb, həmin hədisi vida həccindən qayıdarkən Həzrət Mühəmməd Peyğəmbərin (s) dilindən şəxsən eşitdiklərinə şəhadət verdilər. Bunların sayı barədə məlumatlar fərqlidir. Bəzi rəvayətlərdə 10 nəfərdən artıq, bəzi hədislərdə isə 12, 13, 16, 17 və ya 30 nəfərin şəhadət verdiyi bildirilir. Əllamə Əmini onlardan 24 səhabənin adını qeyd edir. Bunların sırasında Əbu Əyyub Ənsari, Xüzeymə ibn Sabit züş-şəhadəteyn, Səhl ibn Hüneyf, Əbül-Heysəm ibn Teyyihan, Əbu Hüreyrə, Əbu Səid Xüdri, Əbu Leyli Ənsari kimi məşhur səhabələr də vardır.

Əbu Bəkr xəlifə seçildikdən sonra ona beyət etməkdən imtina etmiş səhabələrdən biri də Əbu Əyyub Ənsari idi. Bu barədə Şeyx Səduq "Xisal" kitabındakı (səh. 461-465) xəbər verib. Əbu Əyyub Ənsari Həzrət Əlinin (ə) hər üç müharibəsində - Cəməl, Siffeyn və Nəhrivan - iştirak edib. Siffeyn savaşında düşmən səflərini yararaq, Müaviyənin çadırına kimi irəliləməsi məşhurdur. Nəhrivan savaşında Həzrət Əli (ə) onu süvarilərin komandanı təyin etmiş, döyüşdən əvvəl xəvaricin yanına münazirə (mübahisə) üçün göndərmişdi ki, onları təslim olmağa inandırsın. Nəhrivan savaşından sonra Əli (ə) onu Mədinə şəhərinə hakim təyin etmişdi.

Vəfatı

Hicri 52-ci (miladi 672-ci) ildə Bizansla müharibəyə göndərilmiş qoşunun tərkibinə Əbu Əyyub Ənsari də qatılmışdı. Müsəlmanlar Bizansın paytaxtı Konstantinopolun qala divarlarına yaxınlaşdılar. Bu arada Əbu Əyyub Ənsari ağır xəstələndi. Ölüm ayağında vəsiyyət etdi ki, onu müsəlmanların irəliləyəcəyi ən son nöqtədə dəfn etsinlər. Əbu Əyyub Ənsarinin vəsiyyətinə əməl olundu. Onun məzarı bu gün Istanbulun ən məşhur ziyarət məkanlarından biridir. Deyirlər ki, Konstantinopol müsəlmanlar tərəfindən fəth olunana kimi xristianlar quraqlıq vaxtı Əbu Əyyub Ənsarinin məzarına pənah gətirir və orada dua edib Allahdan yağış istəyirmişlər (İbn Səd - "Təbəqatül-kübra", VIII-126). İbn Əbdi-rəbbih (860-940) yazırdı ki, Əbu Əyyubun məzarı üzərində tikilmiş məqbərə onun zamanına kimi qalıbmış (o vaxtlar Konstantinopol hələ xristianların əlində idi) (İbn Əbdi-rəbbih - "əl-İqdül-fərid", V-116). 1204-cü ildə Konstantinopol səlibçilər tərəfindən talan edildikdə Əbu Əyyub Ənsarinin türbəsi də dağıdıldı və itib-batdı.

Sultan Mehmet Fateh Konstantinopolu fəth etdikdən sonra məsləhətçisi və ustadı Ağşəmsəddinin köməyi ilə məzarın yerini tapdı və burada möhtəşəm bir məscid tikdirdi. Osmanlı imperiyasında belə bir ənənə var idi ki, hakimiyyətə gələn hər bir sultanın qılınc bağlama mərasimi Əbu Əyyub Ənsari türbəsində keçirilirdi. Burada dövlətin ruhani rəhbəri şeyxül-islam sultanın belinə hakimiyyət rəmzi olan qılıncı bağlayırdı.

İslam.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.