Cəmiyyət

Təqaüdə çıxarılanlar işə qaytarıla bilərlər? - VİDEO

31 Mart 2015 10:18
0 Şərh     Baxış: 1 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu qanunun tətbiqi yalnız iki sahənin insanlarına daha çox təsir etdi

65 yaş həddi bir neçə il əvvəl ölkədə gənclərə iş yeri açmaq üçün böyüklərə qoyulan yaş həddi məsələsi yenidən aktualdır. Çünki bu qanunun tətbiqi yalnız iki sahənin insanlarına daha çox təsir etdi. Müəllim və həkimlər.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Ofeliya Quliyeva yaş həddi ilə əlaqədar pedaqoji fəaliyyətinə xitam verilən müəllimlərdən biridir. 42 illik iş stajı olan Ofeliya xanım 225 saylı orta məktəbdə ibtidai sinif müəllimi olub. Kurrikulumun gözəl bilicilərindəndir. Ötən il 69 yaşı tamam olduqda həyatının tən yarısını həsr etdiyi təhsil ocağından ayrılıb.

Ofeliya Quliyeva deyir ki, işləmək yaşdan deyil, səhhətindən, qüvvətindən asılıdır: "İşlədiyin sahəyə olan məhəbbətindən asılıdır. Əgər mənim qüvvəm varsa, gücüm, savadım çatırsa, nəyə görə gedib evdə oturmalıyam?"

Baxmayaraq ki, onu bu gün də həm şagirdləri, həm müəllim kollektivi yenidən yanlarında görmək istəyərdi. Eyni zamanda məktəbin direktoru da Ofeliya Quliyevanı müəllim kimi işə götürməyə hazırdır. Di gəl ki, qanun buna yol vermir. Ofeliya müəllim tək deyil, onun kimi bir çoxları 65 yaş həddini haqlasalar da, savadları, fiziki sağlamlıqları imkan verir ki, peşə fəaliyyətini davam etdirsinlər. O cümlədən bir çox səhiyyə işçiləri yaş senzinə görə işdən kənarda qalıblar.

Ekspertlər düşünürlər ki, onların bir çoxu hələ öz vəzifəsində qalıb, işlədikləri sahəyə səmərə verə bilərdilər. Necə ki, Xoşbəxt Yusifzadə 85 yaşı olmasına baxmayaraq geologiya, geofizika, yataqların işlənməsi üzrə aparıcı mütəxəssisdir. Sözün yaxşı mənasında yerin üstünü də, altını da yaxşı bilir. Onun xeyir-duası ilə Azərbaycan neft-qaz sənayesində uğur əldə edir.

Deməli, istisnalar mümkündür.

Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrə çalışmanın son yaş həddi 65-dir. Maddənin ikinci bəndində göstərilib ki, 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddətini müvafiq icra hakimiyyəti, nazirlik hər dəfə bir il olmaqla 5 dəfə uzada bilər. Yəni 70 yaşa qədər. Ali məktəb müəllimlərinə yaş senzi şamil edilmir.

Millət vəkili Çingiz Qənizadə hesab edir ki, qanunda müəyyən boşluqlar var. Əvvəla, o, düşünür ki, müəssisə rəhbəri yaşı müəyyən həddi ötmüş istədiyi şəxsi işdə saxlaya da bilər, saxlamaya da. Millət vəkili peşəkarlıq, idarəçilik baxımından yaş həddinin 60 və ya 65 göstərilməsilə razı deyil:

"Xüsusi peşəkarlıq tələb edən işlərdə gəncləşdirmə siyasəti peşəkarlığı arxa plana çəkəcək. Və işin ahəngi pozulacaq. Hüquq-mühafizə orqanlarında obyektiv təhqiqat istintaq işinin aparılması sahəsində işin faiz dərəcəsi pozulacaq. Çünki peşəkar daha tez və operativ olaraq məsələnin həllinə nail olur, nəinki gənc kadrlar".

Prezident yanında dövlət qulluğu komissiyasının mətbuat xidmətindən ANS-ə bildirildi ki, hər il dövlət orqanlarına yaşı müəyyən həddə çatmış şəxslərlə bağlı müraciət olunur. Sorğu əsasında işinə xitam verilən şəxslər barədə məlumatlar reyestrdə yoxlanılır və bazaya daxil edilir.

Komissiyadan əlavə edildi ki, hələ ki, dəqiqləşmə işi aparılır. Ötən il yaş hədinə görə işinə xitam verilən şəxslərin statistikası barədə ictimaiyyətə məlumat veriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.