Cəmiyyət

Prezident təqaüdçüsü: "Savadlı mühəndis olmaq üçün BANM-də hər cür imkan yaradılıb"

10 Mart 2015 10:33
Baxış: 1 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şükürlü Mədinə Eldar qızı 1997-ci ildə Bərdə şəhərində anadan olub. 2014-cü ildə Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyini bitirib. 2009-cu ildə rayonlar arası "Riyaziyyat və məntiq" olimpiadasında ikinci yerə layiq görülüb, 2010-cu və 2012-ci illərdə isə "Riyaziyyat" olimpiadalarının qalibi olub. 2011-ci ildə "Araz kursları" tərəfindən keçirilmiş bilik yarışında ikinci olub, 2012-ci ildə Qafqaz Universiteti və "Araz kursları"nın birgə təşkil etdiyi "Bilik yarışı"nda birinci dərəcəli diploma layiq görülüb.

BANM İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, Mədinə Şükürlü 2014-cü ildə TQDK-nın keçirdiyi qəbul imtahanlarında 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına qəbul olub. Prezident təqaüdçüsüdür.

- Mədinə, qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra hansı təəssüratlarla yadda qalıb?

- Qəbul imtahanından iki-üç gün qabaq və qəbul imtahanı günü bir az həyəcanım var idi. Amma qəbul imtahanında sual kitabçasındakı suallara baxandan sonra həyəcana heç bir səbəb olmadığını gördüm.

- Sınaq imtahanlarında nəticələrin yüksək olub? Qəbul imtahanında yüksək bal toplayacağına inanırdınmı?

- İlk dəfə sınaq imtahanında 9-cu sinifdə iştirak etdim və ilk topladığım bal 425 bal oldu. Bundan sonra qarşıma 600-dən yuxarı bal toplamağı məqsəd qoydum və 10-cu sinifdə ilk sınaq imtahanında 621 bal topladım. On birinci sinifdə bir çox sınaq imtahanında 650-dən yüksək bal topladım və özümə inamım daha da artdı. Qəbul imtahanında mən də, yaxın ətrafım da imtahanın yaxşı olacağına inanırdıq.

- Səncə, imtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent nə etməli və ixtisas seçimini necə etməlidir?

- Mən deyərdim ki, gərək abituriyentlər yaxşı bilmədikləri mövzuları müəyyənləşdirsinlər və həmin zəif bildikləri mövzuları daha dərindən öyrənməyə çalışsınlar. Bundan başqa, fikrimcə, sınaq imtahanlarında iştirak etmək hər bir abituriyentə öz imkanlarını obyektiv qiymətləndirməyə və məqsədə çatmaq üçün hər bir atılan addıma diqqət yetirməyə kömək olur.

- Niyə məhz bu ixtisası və BANM-i seçdin?

- Hər zaman muasir texnologiyaların hazırlanması və onların idarə olunması mənim maraq dairəmdə olub. Elə məhz buna görə də bu ixtisası seçdim. Doqquzuncu sinifdə oxuyarkən ilk dəfə BANM haqqında məlumat alanda burada tələbələr üçün yaradılan imkanlar, təhsilin ingilis dilində olması, bir il ərzində intensiv olaraq tələbələrə ingilis dili və informasiya-kommunikasiya texnologiyalarının (İKT) tədrisi, eləcə də, tələbələrin xaricə təhsil almaq üçün göndərilməsı mənim BANM-nə marağımı daha da artırdı. Məncə, bütün bunlar gələcəyin savadlı mühəndisi olmaq üçün ən vacib şərtlərdəndir və bunun üçün BANM-də hər cür imkan yaradılıb.

- Deyirlər ki, texniki sahə və mühəndislik peşəsi kişilərə aid sənətdir. Sən bu barədə nə düşünürsən?

- Mən öz ixtisasım haqqında belə fikirləşmirəm, çünki proseslərin avtomatlaşdırılması güc tələb edən sahə deyil, daha çox intellekt tələb edən bir ixtisasdır. Güclü intellekti olan hər bir kəs bu ixtisasın öhdəsindən gələ bilər. Məsələn, BANM-də təhsil alan tələbələrin 30%-ni qızlar təşkil edir.

- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Burdakı təhsili necə dəyərləndirirsən?

- BANM tələbəsi olmaq çox çətindir və bura daxil olmaq arzusunda olan hər bir abituriyent çox ciddi hazırlaşmalı və bilməlidir ki, burada oxumaq bura daxil olmaqdan daha çətin və məsuliyyətlidir.

- Özünü gələcəkdə harada görürsən?

- Gələcəkdə yüksək ixtisaslı mütəxəssis olmaq və SOCAR-da çalışaraq, avtomatlaşdırılmış idarəetmə və nəzarət sistemləri vasitəsilə texnologiyaların təhlükəsizliyini təmin etmək arzusundayam.

- Boş vaxtlarında nə ilə məşğul olursan?

- Boş vaxtlarımda bədii kitab oxumağa və çox zaman pianoda ifa etməyə üstünlük verirəm. Çünki musiqi ilə məşğul olmaq dərsdən sonrakı yorğunluğu aradan qaldırmaq üçün ən yaxşı vasitədir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.