Cəmiyyət

Uşağı kimə verməli?

5 Mart 2015 18:11
0 Şərh     Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Övladlığa verilmə ilə bağlı çoxlu problemlər mövcud olsa da, mütəxəssislər çıxış yollarının olduğunu düşünürlər

Ölkəmizdəki uşaqlarla bağlı əsas strateji istiqamətlərin əks olunduğu və çoxdan müzakirəsi gedən Milli Uşaq Strategiyası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən hazırlanaraq hökumətə təqdim edilib. 2015-2025-ci illəri əhatə edən sənəd ölkə prezidentinin fərmanı ilə təsdiqlənmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq hazırlanıb. Strategiya hazırlanarkən BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələri də nəzərə alınıb. Belə ki, sənəd ölkə prezidenti tərəfindən təsdiqləndikdən sonra həmin istiqamətlər üzrə hər biri 5 ili əhatə etməklə iki dəfə Fəaliyyət Planı və Dövlət proqramları hazırlanacaq. Sənəddə uşaqların hüquqlarının erkən yaşda müdafiəsi, qanunvericiliklə bağlı bazanın təkmilləşdirilməsi, yerli səviyyədə uşaq müdafiə sistemində olan boşluqların doldurulması, yerlərdə uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətlərinin gücləndirilməsi, uşaqların sağlamlığı və erkən uşaqlıq dövrü ilə bağlı müəyyən məsələlər öz əksini tapıb. Həmçinin, layihədə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzlərinin yaradılması, inteqrasiyalı təhsilin təşkili, uşaq paraolimpiyasının inkişafı və digər məsələlər yer alıb.

Layihədə uşaqgötürmə ilə bağlı yer alan məsələ bu gün cəmiyyəti ən çox narahat edən problemlərdən biri hesab edilir. Ekspertlərin fikrincə, bu sahəyə nəzarət proseduru vahid mərkəzdən idarə olunmadığından müəyyən problemlər var. Belə ki, uşaqların döyülməsi, zorakılığa məruz qalması faktları var. Həmin uşaqların insan alverinin qurbanına çevrilməsi riski də mövcuddur. Vətəndaş cəmiyyəti təmsilçiləri problemin aradan qaldırılması istiqamətində maraqlı təkliflərlə çıxış edirlər. Ekspertlərin fikrincə, ciddi nəzarət olarsa, həm övladlığa götürmə prosesində şəffaflıq yaranar, həm də övladlığa götürən şəxslər məsuliyyətlərini dərk edərlər.

Vahid quruma ehtiyac

Uşaq hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev bizimlə söhbətində komitə tərəfindən strategiyanın hazırlanmasını müsbət addım kimi dəyərləndirdi. Belə ki, vətəndaş cəmiyyəti də uzun müddətdir ki, belə bir sənədin vacibliyini önə çəkib: "Çünki hər bir sahədə uğurlu nəticə göstərmək üçün ilk növbədə onun təkmil strategiyası və inkişaf planı olmalıdır. Ümid edirəm ki, bu strategiyanın qəbulu və gələcəkdə fəaliyyəti daha uğurlu olacaq". Övladlığa götürmənin son vaxtlar cəmiyyəti narahat edən məsələlərdən biri olduğunu qeyd edən N.Quliyevin fikrincə, ilk növbədə övladlığa götürmə prosesində insanların özündə xeyli inkişafa ehtiyac var: "Bəzən övladlığa götürmə prosesini sadə və asan prosedur kimi başa düşürlər. Amma əgər söhbət insan taleyindən, ailəyə yeni insanın qəbulundan gedirsə, onda ailənin bu uşağı qəbuletmə prosesinə hazırlığı olmalıdır. Əgər evdə ümumiyyətlə uşaq yoxdursa və ya evə ikinci uşaq gəlirsə, bununla bağlı təcrübəyə malik olmaq lazımdır". Alyans rəhbərinin sözlərinə görə, bu gün ailələr daha çox kiçikyaşlı uşaqları övladlığa götürmək istəyirlər: "Əlbəttə, onlar istəyirlər ki, uşaq ağlı kəsəndə övladlığa götürəni valideyni kimi dərk etsin. Ona görə də azyaşlı uşaqları götürmək üçün valideynlər arasında böyük növbə var. Böyük yaşlı uşaqları heç kim götürmədiyinə görə onlar uşaq müəssisələrində həmişəlik qalmağa məhkumdurlar. Ancaq inkişaf etmiş ölkələrdə hətta 10-12 yaşlı uşaqlar da övladlığa götürülür".

N.Quliyevin fikrincə, bu sahədə qanunvericiliyin özündə də müəyyən islahatlara ehtiyac var. Çünki övladlığa uşaq götürmək istəyən valideynlər bəzən sənədlərin toplanması, dövlət qeydiyyat orqanlarında qeydə alınma və s. məsələlərdə müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, 3 yaşına qədər uşaqların verilməsi ilə Səhiyyə Nazirliyi, 3-18 yaşlı uşaqlarla Təhsil Nazirliyi, əcnəbilərə uşaq verilməsi prosesi ilə isə AQUPDK məşğul olur: "Hətta biz təklif etdik ki, övladlığa götürmək məsələsi komitənin tərkibində vahid bir qurum tərəfindən tənzimlənsin. Çünki vahid qurum olduqda həm əsaslı şübhələri aradan qaldıracaq, həm də bazada daha çox uşaq toplandıqca gələn valideynlərə daha çox uşaq təklif etmək mümkün olacaq. Eyni zamanda, vahid qurumda valideynlərin özləri üçün müxtəlif mərkəzlərin yaradılması və təlim proqramlarına ehtiyac var. Xarici ölkələrdə valideynlərə hüquqi, sosial, valideyn bacarıqları, psixoloji, uşaq hüquqları və s. sahələrlə bağlı geniş proqramlar verilir ki, ailələr buna hazır olsun. Əgər uşaq hansısa səbəbdən bir mərkəzdə yerləşib öz bioloji ailəsindən uzaq düşürsə, sabah onu digər bir ailə övladlığa götürəcək və uşaqla valideyn arasında heç bir bağ olmayacaqsa, o uşağın həyatı birdəfəlik məhv olur. Çünki o, artıq ikinci bir zərbəni alır. Çünki Azərbaycanda təcrübədə belə hallar olub. Uşaq övladlığa götürülüb və yenidən geri qaytarılıb. Ona görə də valideynləri hazırlamaq üçün bu proseslər təşkil olunmalıdır".

Monitorinq mexanizmi gücləndirilməlidir

Alyans bu cür problemlərin qarşısını almaq üçün övladlığa uşaq götürən şəxslərin 6 ay və ya 1 il müddətinə sınaq dövrü yaşamalarını təklif edib: "Məsələn, valideyn uşağı götürüb şənbə və bazar günləri kinoya aparsın, vaxtını onunla bərabər keçirsin və s. Baxıb görsünlər uyğunlaşa bilirlərmi? Bəlkə hansısa xasiyyətlər meydana çıxacaq?" Alyans sədri valideynlərin həmişə öz istəklərinə uyğun uşaq seçmələrini də düzgün hesab etmir: "Ortada uşağın mənafeyi nəzərə alınmır. Ondan soruşan olmur ki, sən necə ailə istəyirsən? Uşağın dünyagörüşü, genetikası, keçmişi öyrənilməlidir. Çünki ortaya müəyyən hallar çıxa bilər ki, valideyn buna hazır olmalıdır".
N.Quliyev övladlığa götürülən uşaqlar üzərində monitorinq mexanizminin gücləndirilməsinin tərəfdarıdır. Belə ki, bəzən övladlığa götürüləndən sonra iş başa çatır. Ancaq uşaq əməyinin istismarı, zorakılıq, təhsildən yayınma kimi hallara qarşı monitorinq mexanizmi olmalıdır: "Uşaq övladlığa götürmə proseduru nisbətən sadələşdirilməli və övladlığa götürüləndən sonra güclü monitorinq mexanizmi olmalıdır". N.Quliyevin sözlərinə görə, əvvəllər xaricilər tərəfindən övladlığa götürmə ilə bağlı müəyyən problemlər mövcud olub. Sonradan bu səlahiyyətlərlə birbaşa komitə məşğul olmağa başlayıb: "Son zamanlar komitə qərara alıb ki, sağlamlıq imkanlarında hansısa problemlər olan uşaqlar da əcnəbilərə övladlığa verilsin. Çünki Azərbaycanda sağlam uşaqları övladlığa götürmək istəyən xeyli ailələr var. Hazırda belə monitorinq komitə tərəfindən aparılır. Xarici ölkələrdə yerləşən səfirliklər, müvafiq qurumlar tərəfindən məlumatlar verilir, ailə ilə canlı bağlantılar olur. Əvvəlki illərə nisbətən xeyli irəliləyişlər var".

N.Quliyev, həmçinin gələcəkdə bir baza ətrafında müxtəlif ölkələrdə övladlığa götürülən azərbaycanlı uşaqların ailələrinə səfərlər təşkil edilməsi təklifini irəli sürür. Belə ki, hazırda komitə tərəfindən hökumətə təqdim olunan sənəd nə qədər əhəmiyyətli olsa da, təbii ki, yalnız bir sənədlə bütün problemləri aradan qaldırmaq mümkün deyil. Yəni sənədin hazırlanması ilə yanaşı, icra mexanizmi də gücləndirilməli, icra hakimiyyətlərində olan komissiyaların fəaliyyətləri təkmilləşdirilməli, islahatlar aparılmalıdır. Eyni zamanda, uşaqlarla işləyən qurumların vahid sistemi qurulmalıdır ki, hər hansı bir məsələnin həlli üçün valideyn müxtəlif instansiyalara üz tutmasın. Uşaqlar üçün xidmətlər vahid pəncərədən idarə olunmalıdır ki, harada boşluqlar olduğu da görünsün: "Vahid uşaq müdafiə sistemi yaradılmalıdır. Bu strukturda həm xidmətlər, həm monitorinq, həm də nəzarət imkanları olmalıdır".

Uşaq Hüquqları üzrə Müdafiə Liqasının sədri Yusif Bəkirov bu gün övladlığa verilmə ilə bağlı çoxlu problemlərin mövcud olduğunu bildirir. Onun sözlərinə görə, prosedurun özündə şəffaflıq yoxdur: "Şəffaflıq internet vasitəsilə tənzimlənməlidir. Övladlığa götürən adamlar bilməlidirlər ki, hansı uşaqlar övladlığa verilir. Bu siyahı internetdə olmalıdır və uşaq götürməklə bağlı növbədə duran adamlardan hansısa imtina edəndə növbəti adam onun yerini tutmalıdır". Liqa sədrinin fikrincə, hər övlad götürmək istəyənə uşaq verilə bilməz: "Bunun üçün həmin insanın şəraiti, yaşayış sahəsi, sosial yaşayış tərzini şərtləndirən amillər olmalı, üzərində məhkumluğu olmamalıdir. O cümlədən, qanunların işləməsinə də nəzarət artırılmalıdır".

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.