Cəmiyyət

Qanunlara hörmət insanın mədəniyyət göstəricisi kimi

5 Mart 2015 19:39
0 Şərh     Baxış: 1 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hüquqi mədəniyyət qanunları yalnız bilmək deyil, onu dərindən əxz edib, real həyatda tətbiq etməyi də tələb edir

"Yol hərəkəti qaydasını pozduğumuz zaman polis bizi görməyəndə sevinirik. Amma düşünmürük ki, qaydanı pozan digər insanlar da var və bu pozuntu bizim və yaxınlarımızın həyatına son qoya bilər. Yaxud vergini ödəməkdən yayınan sahibkar bununla dövlətə və cəmiyyətə necə zərər vurduğunu anlamır. Bunları sahibkara izah etmək lazımdır ki, vergidən yayınmaqla, o, övladlarının təhsilindən, sağlamlığından, ordumuzun təchizatından oğurluq etmiş olur". Bu sözləri bizimlə söhbətində "CLC" hüquq şirkətinin direktoru Pərviz Məmmədov bildirdi. Onun fikrincə, ölkəmizdə insanların hüquqi mədəniyyət səviyyəsini yüksəltməyə ehtiyac var. Bunun üçün isə təhsilin ən aşağı pilləsindən başlamalıyıq: "Bağçalarda, orta məktəblərdə uşaqlara izah edilməlidir ki, onlar sadəcə, hüquqlarını və vəzifələrini bilməklə kifayətlənməli deyil, həm də hüquqlarını həyata keçirməli və vəzifələrini yerinə yetirməlidirlər. Vəzifələrini yerinə yetirmədikdə başqalarına, öz yaxınlarına necə zərər vurduğu onlara izah edilməlidir".

Milli dəyərlər, yoxsa qanun?

Hüquqşünas hesab edir ki, sadəcə, cəzaları sərtləşdirməklə insanların hüquqi mədəniyyətinin səviyyəsini artırmaq olmaz: "Digər vacib məsələ qanunların hamıya eyni dərəcədə ciddiyyətlə tətbiq edilməsidir. Yalnız bu halda insanlar qanuna hörmətlə yanaşar və riayət edərlər".

P.Məmmədovun fikrincə, hüquqi mədəniyyət gənc nəsildə daha yüksəkdir: "Gənc nəsil isə öz hüquqlarını bilməkdə və tətbiq etməkdə daha maraqlıdır. Yaşlı insanlar bir sıra hallarda qanuna zidd olsa belə, daha çox milli dəyərləri rəhbər tutaraq davranmağa çalışırlar. Biz əsrlər boyu islam dinindən, eləcə də yerli adət-ənənələrdən irəli gələn qaydalarla yaşadığımız üçün bu normalar, qaydalar bizə bir az yaddır. Bu baxımdan qüvvədə olan hüquq normalarının gündəlik həyatımızda, davranışlarımızda əsas götürülməsi, yəni hüquq mədəniyyətinin formalaşması üçün zamana ehtiyacımız var. Bu sahədə nəticə əldə etmək üçün ictimai təşkilatların, KİV-in üzərinə böyük yük düşür. Hüquq mədəniyyətinin yüksəldilməsi üçün onlar davamlı və məqsədyönlü iş aparmalıdırlar".

Qanun sərhəd deyil

Psixoloq Vəfa Əkbər isə bizimlə söhbətində təəssüflə qeyd etdi ki, Azərbaycan vətəndaşları qorxduqları üçün qanunlara riayət edirlər: "SSRİ dövründən bizim göz qorxumuz var. Əslində dərk etdiyimiz üçün qayda-qanunlara riayət etməliyik. Bizi qorxu deyil, düşüncə idarə etməlidir. Bu da yəqin uzun müddət SSRİ-nin əsarəti altında olmağımızdan irəli gəlir. Halbuki indi hər kəsin söz haqqı, fikir azadlığı var, indi demokratik ölkədə yaşayırıq və qorxunu dəf etmək üçün maarifləndirmə işləri aparılmalıdır".

V.Əkbərin fikrincə, insanlar qanunların nə üçün mövcud olduğunun fərqinə varmalıdırlar. Hər şeyin fərddən başladığını deyən psixoloqun sözlərinə görə, fərd sağlam düşüncəli olduğu halda, qayda-qanuna riayət etmiş olacaq: "Ona görə yox ki, qaydanı pozsa, cəzalandırılacaq. Ona görə ki, o, qaydanı pozub cəmiyyətə ziyan vurmaq istəməyəcək. İnsanlar anlamalıdırlar ki, qanun sərhəd deyil, sivil cəmiyyətdə yaşamaq üçün bir adaptasiya növüdür".

Nəyi etməli, nəyi yox?

Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, insanların öz hüquqlarını bilməsi üçün hüquqi cəhətdən maarifləndirilməsi vacibdir: "Vətəndaşlarımız elementar səviyyədə hüquqi biliklərə malik olmalıdırlar ki, bu biliklər əsasında hüquqi mədəniyyətləri formalaşsın. Məncə, bu, insanların bəzi cinayətlərdən, qanunazidd əməllərdən uzaq durması üçün yaxşı profilaktikadır. Bizdə insanlar cinayəti bəzən, iqtisadi amillərlə bağlı törədirlərsə, çox vaxt etdikləri əməllərin hüquqa zidd olduğunu başa düşmədən, bunun hüquqi məsuliyyət yaratmadığını düşünərək edirlər. Zənnimcə, insanlar nəyi etmək, nəyi etməmək məsələsini dəqiq bilsələr hüquqa zidd əməllərin sayı xeyli azala bilər".
Q.Hüseynli hesab edir ki, bu işdə nəticə əldə etmək üçün yalnız hüquq-mühafizə orqanlarını qınamamalıyıq: "Həm də təhsil müəssisələrinin üzərinə çox ciddi vəzifələr düşür. Düzdür, orta məktəblərdə "Hüququn əsasları" fənni tədris edilir. Amma bu, daha səviyyəli formada, praktik keçilməlidir. Uşaqlıqdan vətəndaşlarımıza ölkədəki qayda-qanunlara əməl etmənin, öz hüquqlarını bilmələrinin üstünlükləri öyrədilməlidir. Adamların bəziləri deyir ki, demokratiyadır, istədiyimi edirəm. Amma demokratiya tam sərbəstlik demək deyil. Demokratiya həm də hüquqi məsuliyyət deməkdir. Bu nöqteyi-nəzərdən orta və ali məktəblərdə hüquq dərsi yaxşı formada tədris olunmalıdır. Çünki hüququnu bilmək bütün ixtisas sahiblərinə - həm fəhləyə, həm mühəndisə, həm həkimə, həm müəllimə lazımdır".

"Öncə insanın daxili mədəniyyəti olmalıdır"

Sosioloq Əhməd Qəşəmoğlu qəzetimizə açıqlamasında deyir ki, hüquqi mədəniyyət səviyyəsini yüksəltmək üçün insanlarda maraq olmalıdır: "İnsanlar bilməlidirlər ki, qonşusu, qohumu, tanışı hüququnu müdafiə etməyə cəhd edib və buna nail olub. Yəni nəticə əldə edib. Bu zaman insanlarda hüquqlarını müdafiə etməyə və hüquqlara riayət etməyə maraq yaranacaq".

Bəzi vətəndaşlarımızın demokratiyanı səhv başa düşdüyünü deyən sosioloq düşünür ki, çoxları ağlına gələni danışmaq hüququnun olduğunu düşünür: "İnsanlar bəzən hüquqları barədə demoqogik məlumata malik olurlar. Siyasi məsələlərlə bağlı belə şeylərə çox rast gəlinir. Düşünürlər ki, istədikləri yerdə piket keçirmək, qışqırmaq onların hüququdur. Əslində isə bu, hüquqi mədəniyyətin aşağı olmasından irəli gəlir. İnsanlar başa düşməlidir ki, hüquq nədir və hansı hallarda bundan yararlanmağa ehtiyac var".

Ə.Qəşəmoğlu Çin filosofu Konfutsidən misal çəkdi: "Hələ bizim eradan əvvəl Konfutsi deyib ki, ölkədə təkcə hüquqi maarifləndirmə ilə heç bir böyük uğura nail olmaq mümkün deyil. Hüquqi maariflənmədən öncə insanların ümumi mədəniyyəti yüksək olmalıdır. İnsanın mədəniyyəti yüksək olmayanda, onlar heç hüquqi normalar barədə təsəvvürə malik ola bilmir. Həqiqətən də belədir. Gözəl bir qanun yaransa da, insanın daxili mədəniyyəti aşağıdırsa, o qanundan necə istifadə etməyi, yararlanmağı bilməyəcək".

Qanunu bilməklə iş bitmir

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun fikrincə, hüquqi mədəniyyət hüquqi dövlətdə hüquqi qaydaların möhkəmləndirilməsinə, vətəndaşlarda qayda-qanunlara əməl etmək vərdişi aşılamağa xidmət edir, insanları da qanunların aliliyinə riayət etmək ruhunda tərbiyələndirir: "İnsanların hüquqa, mövcud hüquq normalarına münasibətinin toplusu hüquq mədəniyyəti adlanır. Hüquq normalarının tələblərinə əməl etməyin vacibliyini insanlar şüurlu şəkildə dərk etməlidirlər. Deməli, hüquq mədəniyyətinin səviyyəsi həm vətəndaşların hüququ bilmək, başa düşmək dərəcəsindən, bunu yerinə yetirməyin vacibliyini dərk etmələrindən asılıdır. Hüquqi mədəniyyət qanunları yalnız bilmək deyil, onu dərindən əxz edib, hörmətlə yanaşmağı və real həyatda tətbiq etməyi də tələb edir. Hüquqi dövlətin əsas amili olan qanunun aliliyinin reallaşdırılmasında, qanunçuluğun möhkəmləndirilməsində hüquqi mədəniyyətin yüksəldilməsi əsas yer tutur. Hüquqi mədəniyyətin yaradılması vətəndaş cəmiyyətindəki mənfi proseslərin qarşısının alınmasında mühüm vasitə kimi çıxış edir. Hüquqi dövlətdə hüquqi mədəniyyət inkişaf etdikcə, ölkədə cinayət cəza tədbiri əvəzinə, ictimai təsir tədbirləri görülməsi üçün demokratik şərait yaranır".

"Bəyənmirsənsə, taksiylə get"

"Müvəkkil" hüquq mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov legalforum.az saytına açıqlamasında bildirir ki, hər bir xalqın hüquqa münasibətindən irəli gələn bir davranış sistemi var: "Buna hüquq elmində "hüquq düşüncəsi" deyilir. Bu hüquq düşüncəsi illərlə formalaşan bir modeldir. İnsanlarımızın hüquq mədəniyyəti sarıdan illərlə formalaşmış, sovet vaxtından qalmış stereotipləri yaranıb. Çox maraqlıdır ki, bu kimi hallar cəmiyyətdə artıq sindrom səviyyəsindədir".

Səməd Vəkilov deyir ki, sözügedən məsələ ilə bağlı ayrı-ayrı sahələrdə maraqlı mənzərəylə qarşılaşmaq mümkündür: "İstehlakçı mədəniyyəti və istehlakçı xidmətlərinin həyata keçirilməsindən danışırlar. Məsələn, Azərbaycan insanı marşrut avtobusa minir, sürücü öz zövqünə uyğun olaraq maşında istədiyi mahnını səsləndirir. Beləliklə, bayağı mahnılar avtobusu başına götürür. Əslində bu, bir xidmət sahəsidir. Dünyanın hər yerində normativlər müəyyənləşdirilib. Dünyanın xüsusən inkişaf etmiş ölkələrində sürücü ən yüksək xidməti həyata keçirməlidir, sadəcə, bu, onun vəzifə borcudur. Bizdə isə üstəlik, sürücü yüksək səslə danışır, çox zaman istədiyi hərəkətlər edir, söyüş söyür, siqaret çəkir, insanların bu və ya digər hüquqlarını nəzərə almır, özünün bu hərəkətləri etməyə haqqı olduğunu düşünür. Ancaq anlamır ki, bu cür hərəkətləri ilə o, istehlakçıların hüquqlarını pozur. Tutaq ki, bir sərnişin qayıdıb deyir, avtobusda siqaret çəkmək olmaz, yaxud musiqinin səsini kəsin, yavaş sürün. O zaman sürücü deyir ki, "xoşun gəlmir, düş, taksiylə get".

Xalidə Təhməzova da marşrutda sözügedən problemlə qarşılaşanlardandır. O deyir ki, sürücü avtobusu təhlükəli idarə etdiyinə görə ondan yavaş sürməyi əvvəlcə xahiş edib, daha sonra bunu tələb edib: "Səsimin tonunu qaldıran kimi sürücü dedi ki, "bəyənmirsənsə, taksiylə get". Bu zaman nə deyəcəyimi və sürücünün cəzalandırılması üçün kimə müraciət edəcəyimi bilmədim".

Hüquqşünas Səməd Vəkilovun fikrincə, problemi aradan qaldırmaq üçün sistemli şəkildə maarifçilik hərəkatı olmalı, vətəndaşlarımız, ziyalılarımız bu kimi məsələlərdə fəallıq göstərməlidirlər: "İlk növbədə isə hüquqşünasların çiyninə böyük vəzifələr düşür".

Yazını böyük yunan mütəfəkkiri Siseronun sözləri ilə bitirmək istərdik. "İnsan azad olmaq üçün qanuna tabe olmalıdır".

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.