Cəmiyyət

İki qurumun arasında qalan Sabunçu sakininin evi uçur - VİDEO

5 Mart 2015 09:59
0 Şərh     Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəsəbənin 26 Bakı Komissarı küçəsində yaşayanların evləri sürüşmə təhlükəsilə üz-üzədir

Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı küçəsində yaşayanların evləri sürüşmə təhlükəsilə üz-üzədir. Sakinlər deyirlər ki, bu vəziyyət illərdir davam edir. Həmin ünvanda yaşayan Fuad İsmayılovun iddiasına görə, uçquna səbəb 33 il əvvəl burada dəmiryol xəttinin dəyişdirilməsilə əlaqədar qazıntı işlərinin aparılması olub. Həmin vaxt aparılan qazıntı işləri ərazidəki iki fərdi yaşayış evini qəzalı vəziyyətə salıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, ailələrdən biri artıq evini tərk edib. Digəri isə evlərinin uçmaması üçün tədbirlərin görülməsini istəyir. Son zamanlar ərazidə sürüşmə daha da aktivləşib. Torpaq qatı, demək olar ki, tamamilə aralanıb. Həmçinin kanalizasiya sularının buraya axıdılması mövcud vəziyyəti daha da çətinləşdirib.

Əslində tikinti işləri aparılan zaman ərazidə torpaq bərkitmə işlərinə də başlanılıb. Bir neçə beton svay vurulub. Amma dəmiryolunun çəkilişi dayandırıldığından həmin işlər də yarımçıq saxlanılıb.

İsmayılovlar ailəsi vəziyyətlə bağlı ümidləri gələn bütün qurumlara müraciət edib. Məktublarına cavab olaraq əraziyə baxış da keçirilib. Amma heç bir iş görülməyib. Çünki problemin həlli o qədər də asan deyil. Sabunçu rayon icra nümayəndəliyinin baş mühəndisi Arif Əmrahov bildirdi ki, sürüşməyə səbəb dəmiryolu xəttinin çəkilməsi üçün aparılan qazıntı işləri olduğundan problemin həlli üçün də "Azərbaycan Dəmir Yolları" QSC ilə danışıqlar aparılır.

"Ərazidə bərkitmə işləri aparılmalıdır. Bu işlər isə məhz "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən aparılmalıdır. Bu barədə rayon icra hakimiyyətinə məlumat verilib və problemdən xəbərdardırlar. Yaxın vaxtlarda rayon icra hakimiyyəti "Azərbaycan Dəmir Yolları" QSC ilə birlikdə bir araya gələrək bu işləri həll edəcəklər", - deyə Sabunçu qəsəbə nümayəndəliyinin mühəndisi Arif Əmrahov qeyd edib.

Qurum rəsmisi bildirdi ki, danışıqların nəticəsi olaraq ərazidə yarımçıq çəkilmiş beton svaylar sona qədər davam etdiriləcək və evlərin sürüşmə təhlükəsinin qarşısı alınacaq. Ümid edək ki, görüləcək işlər vaxtında həyata keçirilər və heç bir bədbəxt hadisə yaşanmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.