Cəmiyyət

Ginnesin Rekordlar Kitabına düşən Azərbaycan şəhərindən REPORTAJ - FOTO

4 Mart 2015 10:33
0 Şərh     Baxış: 3 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bura hər adam buraxılmır, bu şəhərdə balıq tutmaq və çimmək olmaz

"Əfsanələr adası", "Neftçıxarmanın pioneri", "Möcüzələr adası"... Müxtəlif adlarla çağırıldı bu möhtəşəm şəhər. Möhtəşəmliyi isə dənizin ortasında süni şəkildə yaradılmasıdır.

Belə bir deyim var: "Moskva bir günə yaranmayıb". Elə bu əzəmətli şəhərin də yaranmasında yüzlərlə, minlərlə fəhlənin alın təri var Xəzərin sularında.

Bu şəhər haqqında çox deyib, çox eşidib, az görmüşük. Hamının oraya getməyi mümkün deyil. Xüsusi icazə olmadan. Odur ki, lent.az olaraq öz adımızdan icazə aldıq və yollandıq. Oraya getmək üçün 2 vasitə var. Gəmi, yaxud vertolyotla. Zaman itirməmək üçün vertolyotu seçdik. Daha doğrusu, onlar bizim əvəzimizə seçdilər. Səhər dan yeri yenicə söküləndə artıq Pirallahı adasında idik. Uçacağımız vertolyotu gözləyirik. Lap nağıllardakı kimi göy guruldadı, ildırım çaxdı, vertolyotumuz başımızın üstündə peyda oldu. Son yoxlamaları da keçib minirik. Bizimlə bərabər Neft Daşlarına gedəcək SOCAR-ın işçiləri də var, mənim kimi vertolyotla ilk dəfə uçanlar da. Təcrübəsi olanlar sakitcə yerində oturub. Biz isə yerimizə sığmırıq. Maraqla ətrafa baxırıq. Göz uzandıqca uzanan dəniz mavisinə. Aramızda qorxanlar da var. Gözünü yumub, barmaqlarını ovcunda sıxmağından bilinir. Arada dərin nəfəs də alır.

Hava yolçuluğumuz uzun çəkmir. Təqribən 20 dəqiqə sonra meydançadayıq. Burada bizi Bəhlul Eyyubov qarşılayır. Neft Daşlarında Əməyin Mühafizəsi və Təhlükəsizlik texnikası şöbəsinin rəisi. Neft Daşlarında mühafizə qaydaları haqqında qısaca məlumat verir. Elə estakadaların kənarında da bu qaydalar qeyd olunub. Adada icazəsiz çəkiliş etmək, içki gətirmək qəti qadağandır. İki qadağa da var ki, məni çox təəccübləndirdi: balıq tutmaq və dənizdə çimmək olmaz. İlk baxışdan qəribə görünsə də, sonradan haqq vermək olur. Rəis qadağaların vacibliyini belə izah edir. Balıq tutmaq uzun səbr və zaman tələb edir. Bəzən elə olur ki, ovunu gözləyən "balıqçı"nı elə əlində tilovu yuxu aparır. Bu zaman olacaqları düşünün. Ya sürüşüb dənizə düşəcək, ya da dəmir qoruyuculara dəyəcək. Hansı ki, elektrik cərəyanı keçir. Düzdür, cərəyan izolyasiyalı olsa da, bəzən istisna hal kimi keçiriciliyi olur.

Beləliklə, neftçilər şəhərinə turumuz başlayır. Bələdçimiz isə Xeyrulla Ağayevdir. "Neft daşları" ilə eyni adlı qəzetin baş redaktorudur.

"Dəmir konstruksiyalar üzərində qurulmuş bu şəhər Bakının Pirallahı rayonunun inzibati ərazi vahidində qəsəbədir. Qəsəbənin bünövrəsi ötən əsrin 47-ci ilində qoyulub. Dənizdə ilk neft çıxarılanda. Əvvəlcə geoloq Ağaqurban Əliyev və SSRİ Elmlər Akademiyasının xüsusi ekspedisiyası "Qara daşlar"ın geoloji xəritəsini işləyib hazırlayır. 1948-ci ilin noyabrında qazılacaq ilk quyunun yeri müəyyənləşir. Sabit Orucov, Yusif Səfərov və Vladimir Roşin. Elə həmin ilin dekabrında inşaatçılar sərt qayalarda dirəklərin üzərində ilk taxta evi düzəldirlər. Bir ay sonra ilk buruq quraşdırılır. Elə Roşinin rəhbərliyi ilə. İki ay sonra, iyunun 24-də 1 nömrəli kəşfiyyat quyusunun qazılmasına başlanılır. Və nəhayət noyabrın 7-də dünyada ilk dəfə dənizdən neft çıxarılır. Buna görə də Neft Daşları Ginnesin Rekordlar kitabına ən birinci dəniz neft plaftorması kimi düşüb. Bundan sonra "Qara Daşlar" Neft Daşları adlandırılır. Həmin tarix Neft Daşlarının ad günü olaraq qeyd edilməyə başlayır". Neft Daşları haqqında qısa məlumat verdikdən sonra X. Ağayev bizi sözügedən quyunun yanına gətirir.

***

Quyu fəaliyyətini çoxdan dayandırıb. Üstündəki lövhədə quyunun istismara başladığı və bitdiyi tarix yazılıb: "24.07.1949 - 07.11.1949". Lövhədən də göründüyü kimi quyunun ömrü cəmi 4 ay çəkib. İndi bu quyu yolun ortasında tarixi abidə kimi saxlanılır. Zarafat deyil, dünyada dənizdə ilk dəfə bu quyudan neft çıxarılıb. Bu tarixdir, bizim tariximiz.

Estakadaların üzəriylə gedirik. Açıq dəniz, təmiz hava və bu yerə ilk dəfə gəlmiş adam. Artıq təsəvvür edin nə hiss etdiyimi?! Həyəcan sevincə qarışıb. Ard-arda suallar verirəm. Xeyrulla müəllim mənə baxıb gülür, başını bulayır. "Təzə gələndə hamı sevinir. Amma qasırğa olanda, külək səni ağuşuna alanda, bir yaxının rəhmətə gedəndə, vertolyot gələ bilməyəndə özünü həbsxanada hiss edirsən", - deyir.

***

Zaman ötür, Neft daşları böyüməyə başlayır, estakadaların tikintisinə başlanılır. 51-ci ildə tikilən ilk estakadada 16 ədəd ikimərtəbəli bina tikilir. Metal konstruksiyalar üstündə salınmış qəsəbə dənizin şor sularının təsirinə zamanla tab gətirə bilmir və çürüyüb suya qarışır. Qəsəbənin qalıqları 2000-ci illərə qədər qalıbmış. İndiki estakadalar isə 66-67-ci illərdən sonra tikilib. Daha möhkəm, daha keyfiyyətli. Düzdür, indi də dənizin sularına qərq olmuş çoxsaylı estakadalar görmək olar. Estakadaların ümumi uzunluğu 300 kilometr olsa da, hazırda 30 kilometri istismar olunur.

**

İlk fontan quyusundan sonra hasilat artdıqca, iş də artır. İş artdıqca isə işçilərın sayı artıb. Lakin onların nə yatmağa yeri vardı, nə yemək yeməyə yeməkxana. Odur ki, Bakı təmiri zavodlarından istifadədən silinmiş 7 iri tonnajlı gəmi gətirilir. Beləcə, "Yeddi gəmi adası" yaradılır. Gəminin göyərtələri yataqxana, yeməkxana, kontor kimi işə yarayıb. Hətta gəmilərdən birinin adına burada qəsəbə belə var: "Çuvanov". Hazırda yaşayış binaları olan yer.

Vertolyotla bir ovuc görünən bu adanın sahəsi 600 hektardır. Yol uzaq, vaxt qısa olduğundan bəzi yerləri avtobusla gəzirik. Vaxta qənaət etmək üçün.

"Çuvanov" deyilən qəsəbə də böyüyüb. İndi burada qadınların ayrı, kişilərin ayrı qala biləcəyi yataqxanalar, yeməkxana, xəstəxana, işçilərin asudə vaxtını səmərəli keçirməsi üçün 36 min adda kitab fondu olan kitabxana, idman meydançası, mədəniyyət evi var. Hətta çörək zavodları da. İşçilər zarafatyana: "Bizim çörəyi alıb şəhərə də aparırlar. O qədər dadlıdır ki", - deyirlər.

Yataqxananın dəhlizində gənc neftçiylə rastlaşırıq. Yolüstü saxlayıb, söhbətləşirik. Adının Namiq olduğunu öyrənirik. "Gənc" dediyimə baxmayın, 8 ilə yaxındır burada işləyir. Gecəni gündüzünə qatıb. Neftin qoxusu çökmüşdü üstünə. Neft Akademiyasının məzunudur. Operator işləyir.

- Operator nə iş görür?

- Quyuların texniki iş rejiminə nəzarət edirik. Avadanlıqların sazlığına baxır, yarana biləcək mümkün qəzaların ləğvində iştirak edirik.

Ayın yarısını dənizdə keçirir, yarısını evdə. İşini "şərəfli və çətin" aldandırır. İzah edir.

- Şərəflidir ona görə ki, "möcüzələr adası"nda işləyirik. Çətindir ona görə ki, soyuq, külək demədən işləyirik. Düzdür, dənizdə qasırğa olanda açıq havada işləmirik.

"İkinci ailəm" adlandırır iş yoldaşlarını. Ən çətin günlərində bir-birinin yanında olublar. Bir ailə kimi. Onların sayəsində burada olduğu 15 gün ərzində darıxmır. Növbəyə tələsdiyi üçün ləngitmirik, qısa kəsirik.

***

Namiqlə sağollaşıb Xeyrulla müəllimlə söhbətimizə qaldığımız yerdən davam edirik. Qeyri-adi olan bu məkanın tarixindən. Sən demə, ilk vaxtlar neft və sərnişin daşımada ancaq gəmilərdən istifadə olunub. Sonralar, 60-ci ildən sonra gəmiylə paralel vertolyotlardan da istifadə edilir. Bələdçimizin də çalışdığı "Neft daşları" qəzeti fəaliyyətinə 67-ci ildən sonra başlayıb. Bunu deyərkən, kaş onun üzündəki ifadəni görəydiniz. Necə qürrələnirdi?! Danışığından da zəhmətkeş adama bənzəyir bizim Xeyrulla müəllim.

***

Danışa-danışa gəlirik abidələrin yanına. 57-ci ildə dənizdə baş vermiş qasırğa zamanı həlak olmuş neftçilərin şərəfinə ucaldılıb. Hadisə bir payız günü baş verib. Noyabrın 21-də. Qəfil başlayan güclü qasırğa işçilərə göz qıpmağa macal verməyib. Açıq dənizdə işləyən 21 işçi qəhrəmancasına həlak olub. 2 briqada dənizin qəzəbinə tab gətirə bilməyib. İndi bu yerdə onların əzəmətini əks etdirən heykəllər düzülüb.

***

Nahar vaxtıdır. Menyu müxtəlifdir. Zövqə və cibə görə dəyişir. Yeməyimizi yeyib turumuza davam edirik. Mədəniyyət Evinin dəhlizində fotolent var. Neft Daşlarının 65 illik ömrünü əks etdirən. Şəkillərə baxa-baxa Xeyrulla müəllim məlumat verir. Bu qismin sizə də maraqlı olacağını düşünürəm. Hazırda SOCAR və onun struktur sahələrində, bir çox dövlət qurumlarına rəhbərlik edənlərin əksəriyyəti Neft Daşları məktəbinin yetirmələriymiş. Akademik Xoşbəxt Yusifzadə, Rövnəq Abdullayev, Mikayıl İsmayılov, Süleyman Qasımov və digərləri.

***

Düşəndə necə sevincək olmuşdumsa, vertolyot meydançasının böyüklüyünə fikir verməmişdim. Üstəlik də böyüdülməsi üçün tikinti işləri görülür, əlavə beton piltələr düzülür. Uzaqdan isə vertolyotun mühərrikinin səsi gəlir. Bu da o deməkdir ki, getmək vaxtıdır...

Lent.az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.