Cəmiyyət

Aslan Aslanov: "AZƏRTAC dünya informasiya məkanında öz yeri, nüfuzu və çəkisi olan agentlikdir"

2 Mart 2015 16:18
Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC özünün ilk xəbərini 95 il bundan əvvəl yayıb. Onu quran insanlar bilirdilər ki, bu agentlik Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan bir quruma çevriləcək".

Bu fikirləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanov jurnalistlərə müsahibəsində bildirib.

A.Aslanov deyib ki, AZƏRTAC çox çətin və şərəfli yol keçib. Bütün maneələrə baxmayaraq, hətta keçmiş sovet məkanında da AZƏRTAC öz xəbərləri ilə tanınır, Azərbaycan haqqında xəbərləri ölkənin sərhədlərindən kənara çıxara bilirdi. Bütövlükdə Azərbaycan dilində informasiyanın formalaşmasında və ölkəmizin informasiya siyasətinin müəyyənləşdirilməsində AZƏRTAC əvəzsiz rol oynayıb, ən əsası isə 95 illik bir dövrdə Azərbaycanın tarixi salnaməsini yaradıb.

Baş direktor AZƏRTAC-ın möhkəm əsaslar üzərində qurulmasında və dünya informasiya məkanında layiqli yer tutmasında ulu öndərimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırladıb.
Qeyd olunub ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində ümummilli lider Heydər Əliyev AZƏRTAC-a xüsusi diqqət və qayğı göstərib. Agentliyin maddi-texniki bazası yeni, müasir avadanlıqlarla möhkəmləndirilib, kadr potensialı gücləndirilib.

Bu gün Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxmaq əzmindədir, dünyada söz və nüfuz sahibdir. Bütün bunlar AZƏRTAC-ın da dünya informasiya məkanında nüfuzunun artmasına mühüm təsir göstərir.

Baş direktor agentliyin beynəlxalq əlaqələrindən danışaraq diqqətə çatdırıb ki, hazırda dünyanın bir çox nüfuzlu informasiya agentlikləri ilə AZƏRTAC arasında ikitərəfli əlaqələr mövcuddur. "Biz 130-dan çox ölkənin media qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmuşuq. Dünya informasiya siyasətini müəyyənləşdirən ən nüfuzlu alyans olan Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında AZƏRTAC artıq 10 ilə yaxındır ki, rəhbər heyətdədir. 2013-cü ildən isə AZƏRTAC-ın baş direktoru bu böyük alyansın vitse-prezidentidir. Azərbaycan Dövlət İnformasiya Agentliyi eyni zamanda, Dünya Xəbər Agentlikləri Konqresində də fəal təmsil olunur. 2016-2019-cu illərdə AZƏRTAC eyni vaxtda həm Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına, həm də Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək. Dünyanın digər nüfuzlu media qurumu olan Avropa Xəbər Agentlikləri Alyansına keçmiş sovet respublikaları arasında yalnız üç agentlik - TASS, Ukrinform və AZƏRTAC üzv ola bilib.

A.Aslanov Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilən iclası barədə məlumat verib. Qeyd edib ki, burada 2016-cı ildə Bakıda AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işləri müzakirə olunub.

Bununla yanaşı, dünyanın bir sıra ölkələrinin informasiya agentliklərinin rəhbərləri - Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Belarus, Baltikyanı ölkələrin informasiya agentliklərinin direktorları, Anadolu agentliyinin nümayəndələri bu gün AZƏRTAC-ı təbrik etmək üçün Bakıya gəliblər.

Bütün bunlar göstərir ki, AZƏRTAC hazırda dünya informasiya məkanında öz yeri, nüfuzu və çəkisi olan agentlikdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.