Cəmiyyət

Bakıda müəllimlər maaşların artımını ala bilmirlər

2 Mart 2015 15:51
0 Şərh     Baxış: 2 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Prezident imtahan verən 30 min müəllimin maaşlarının 2 dəfə artırılması ilə bağlı sərəncam versə də, biz o artımları ala bilmirik. Sərəncamda göstərilirdi ki, qeyd olunan 1-ci bənd yanvar ayından qüvvəyə minir. Təhsil və Maliyyə nazirliklərinin nümayəndələri televiziyada çıxış edərək bildirdilər ki, müəllimlər narahat olmasınlar, yanvar və fevral aylarının artımı bir yerdə hesablanaraq veriləcək.

Ötən cümə mühasibatlıqdan bizə bildirdilər ki, maaşların artımı mart ayının əvvəlində veriləcək. Hazırda maaşım 420 manatdır, mühasibatlıqdan verilən məlumata görə 120 manat da artıb. Ümumilikdə 540 manat edir. Artımı da alsam, ehtiyaclarımı ödəyə bilərəm. Amma təəssüf ki, elə ötən cümə gününün ikinci yarısı dedilər ki, artımların verilməsi qeyri-müəyyən vaxta qədər təxirə salınıb və maaşlar əvvəlki qaydada veriləcək".

Bu haqda modern.az-a Suraxanı rayonundakı 281 saylı orta məktəbdə ana dili və ədəbiyyat fənnini tədris edən müəllim Vaqif Əlisoy şikayətlənib.

O, digər müəllimlər kimi maaşların artımın gecikdirilməsindən ciddi narahatdır:

"Müəllim kimi məni narahat edən odur ki, nəyə görə məmurlar prezidentin sərəncamını icra etmirlər. Özüm Qarabağ müharibəsi veteranıyam, banklarda kreditlərim var, eyni zamanda müalicəyə ehtiyacım var. Bir sözlə, hamımız maaşa göz dikmişik. Eyni zamanda, ümid edirdik ki, manatın dəyərdən düşməsini bu artımla kompensasiya edə biləcəyik. Dəfələrlə Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə, Nazirlər Kabinetinə müraciət etsəm də, sualımı cavablandıran olmayıb. Bütün müəllimlər bu məsələyə dair rəsmi açıqlama verilməsini gözləyirlər".

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Arzu Tairquliyeva modern.az-a açıqlama verib:

"Ölkə başçısının sərəncamının icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanıb, Təhsil, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında razılaşdırılaraq hökumətə təqdim edilib. Yeni norma tətbiq ediləndən sonra belə müəllimlərin 1 dərs saatının dəyəri orta hesabla 35 faiz artacaq.

Müvafiq sənədlər təsdiq edildikdən sonra artımla bağlı olan fərq 2015-ci il yanvarın 1-dən hesablanıb ödəniləcək".

Bununla belə, idarə rəsmisi maaşlardakı artımın konkret nə vaxtdan veriləcəyinə aydınlıq gətirməyib.

Xatırladaq ki, 2015-ci il yanvar ayının 16-da prezident sərəncamı ilə Bakıdakı dövlət təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minib.

Amma rəsmilər artımın maaşlara necə təsir edəcəyini hələ tam dəqiqliklə izah etməyiblər. Hər şey maaşlar veriləndə aydın olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.