Cəmiyyət

Milli "düşmək sindromu"

2 Mart 2015 15:40
0 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan cəmiyyətində unikal bir sindrom var: "düşmək sindromu". Məsələn, zibilə və ya işə düşmək, işi düşmək, eşqə düşmək, depressiyaya düşmək, təlaşa - sadə, el dilində desək, "panika"ya düşmək və s. və i.a. Əslində, "düşmək sindromu" milli elmi-psixoloji tədqiqata cəlb olunmalı geniş bir mövzudur. Bu sindromdan xilas olmaq heç də həmişə rahat başa gəlmir.

Son dövrlərdə cəmiyyətdə ən çox yayılmış depressiya sindromu isə gənclər arasında sanki dəb halını alıb. Elə təəssürat yaranır ki, depressiyaya düşməmək toplumdan kənarda, geridə qalmaq deməkdir. "Depressiyadan çıxa bilmirəm", "Son vaxtlar depresyondayam", "Depress olmuşam" və s.

Depressiya nədir? Müxtəlif və ya konkret təriflər vermək olar, amma bu, nəyisə dəyişmir. XXI əsrin depressiya deyilən bəlası əslində mövcud deyil, insan beyninə məqsədli şəkildə yeridilmiş xəstəlikdir. Unutmayaq ki, daxilən güclü insanlar depressiya deyilən nəsnəyə meyilli olmurlar. Bizim bildiyimiz "fikir çəkmək", "qəm yeməkdir" ki, bu da zaman-zaman hansısa mənəvi və maddi hadisələrlə bağlı olur, lakin depressiya həvəskarlarında olduğu kimi müntəzəm davam etmir, həyatdan küskünlüyə, intihara səbəb olmur və ola da bilməz.

Bu bəladan qurtulmaq üçün gənclərə yeganə tövsiyəmiz bu ola bilər: depressiya mövcud deyil. Mövcud olmayan isə quyu deyil ki, hər gələn ora düşsün. Mövcud olsa belə, depressiyaya düşmək problemləri həll etmir, əksinə, sizi neqativə kökləyir, üstəlik, öz mənfi enerjinizi ətrafınızdakı insanlara ötürürsünüz. Nəticə etibarilə tək qalır və depressiya adlandırdığınız quyudan çıxa bilmirsiniz.

Əslində, depressiya sözünün özü adamı depressiyaya salır. Gənclərdə depressiya xəstəliyi eşqə düşmək, daha doğrusu, aşiq olduqlarını zənn etdikləri kiminsə vücudunu bəyənmək və sonra bu tərpənən, səs salan vücudu itirməkdən sonra yaranır.

"Bəs siz hələ də depressiyaya düşməmisiniz?! Sınayın..."

Yaşlı nəsil arasında isə bu sindrom populyar deyil. "Depressə düşmək nə olan şeydir, a bala?" Köhnə adamlarda daha çox "panika"ya düşmək kimi müalicəsi tibb elminə məlum olmayan milli xəstəlik var. Dedi-qodunu "dövlət informasiya komitəsi"nin təsdiq etdiyi dəqiq məlumat kimi qəbul edənlər əvvəlcə özləri "panika"ya düşür, sonra isə bu "səhih məlumatı" hətta elektron KİV-in bacara bilmədiyi operativliklə yayaraq əksər insanları da "panika"ya salırlar. Bu "panika"ya düşmək xəstəliyinin dərhal yayılmasını ən yaxşı halda kosmik raketin sürəti ilə müqayisə etmək olar.

"Hər şey bahalaşacaq", "Artıq bahalaşıb", "Mağazalarda hər şeyin qiyməti qalxıb", "Güjdü infiliyasiyadı", "Böhran, kirizis", "Manat öldü"...

Və yaşlı nəslin - ən azı 3 fərqli dövr görmüş, dəfələrlə bahalaşma ilə qarşılaşmış insanların əslində hələ heç nə baş verməmiş, sanki İsrafil surunu çaldığı üçün haray-həşir qoparması başa düşülən deyil. Hansısa yeməli, geyməli məhsulun qiymətinin bir insan ömrü ərzində sabit qaldığı olubmu?

Yaşlı nəsilə tövsiyəmiz yoxdur. Əksinə, biz onlardan məsləhət, tövsiyə gözləyirik. Amma onlara "panika"ya düşmək xəstəliyinin əlacını deyə bilərik: "panika"ya düşməmək.

Bəlkə bir qədər soyuqqanlı olaq, nəticəni gözləyək, baş verən hadisələrə bir qədər təmkinli, müdrik yanaşaq? Axı biz müdrik xalqıq...

..."Daha dirilməyəcək", "Qoymayın, gəldilər", "Çıxın aradan"...

Bəxtiyar Hacıyev

Trend
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.