Cəmiyyət

Adı da, mahiyyəti də sülh olan təlim

28 Fevral 2015 20:35
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sülhü və barışı əmr edən İslam adının özu elə sülh mənasına gəlir. İslam tarixindən də dini dözümlülüyün yüksək səviyyədə təmin olunduğunu görmək olar. Təəssüflər olsun ki, müsəlmanlar içində təxribat yaratmaq istəyən qruplar bəzən bunun əksini nümayiş etdirir.

Bu din sülh, əmin-amanlıq dinidir. İslam dininin yayıldığı ərazilərdə dini müxtəliflik yox olmamış, hətta azad şəraitdə daha da inkişaf etmişdir. İslam mədəniyyətinin bu xüsusiyyəti təbii ki, birinici növbədə müsəlmanların müqəddəs kitabı Qurandan ilham almışdır. Qurani-Kərim "Dində heç bir məcburiyyət yoxdur" qaydasını qoymuşdur. Bir başqa ayədə "Sizin dininiz sizə, mənim dinim də mənə aiddir" (Kafirun surəsi, 6) buyurulmaqdadır. Dini dözümlülüyə misal göstərilən Quran ayələrinin sayını daha da artırmaq mümkündür.

İslamın sülh və əmin-amanlıq dini olduğunu sübut edən başqa amil də Həzrəti Peyğəmbərin (s.ə.s.) söz və davranışlarıdır. Hz. Peygəmbər hər zaman fəaliyyətlərində bağışlamağa və hər kəsə mərhəmət göstərməyə əhəmiyyət vermişdir. İslam tarixinin verdiyi məlumatlara görə, musəlmanlar Məkkədə olarkən İslamın yayıldığı ilk günlərdən başlayaraq uzun müddət zülm və işgəncələrə məruz qalmış, sonunda evini-yurdunu tərk etmək (hicrət) məcburiyyətində qalmışdılar. Məkkə fəth ediləndə isə müsəlmanlar heç kimdən intiqam almamaş, köhnə düşmənçiliklər unudulmuşdur. İslam dinini qəbul etməyənlər də əqidələrində sərbəst buraxılmışdır.

Bir başqa hadisə də Həzrəti Peyğəmbərin Nəcran xristianları ilə göruşməsi olmuşdur. Hz. Peyğəmbər xristianlardan ibarət bu heyət ilə görüşmüş, onları İslama dəvət etmişdir. Peygəmbərin dəvətini gəbul etmədiklərində xristianlar sərbəst buraxılmış və onlara heç bir hörmətsizlik göstərilməmişdir. Bu hadisə Müqəddəs Quranda da öz əksini tapmışdır.

İslam dini Azərbaycanda yaşayan millətlərin vahid bir xalq kimi formalaşmasında musbət rol oynadığı kimi, dini tolerantlıq ənənəsinin də əsasını qoymuşdur. İslam tarixindən misal gətirdiyimiz bu faktlar sadəcə musəlmanlar tərəfindən deyil, bir cox Qərb tarixçiləri tərəfindən də etiraf edilməkdədir.

***

İslam dininə etiqad etmək, başqa inanclara qarşı tolerant və ya dözümlülük göstərməklə təzad təşkil etmir. Tolerant olmaq bir çoxlarının zənn etdiyi kimi hər hansı bir şəxsin öz inancına və əqidəsinə xəyanət etdiyi mənasına gəlməməlidir. Başqaları ilə eyni fikirdə olmaya bilərik, amma fərqli olan fikir və etiqadlara hörmətlə yanaşmağa məcburuq. Unutmamaq lazımdır ki, insanların əksəriyyətinin dini əqidəsi onların sosial-mədəni kökləri ilə əlaqəlidir. Daha sadə şəkildə ifadə etsək, yanlış olduğuna inandığımız inanc və etiqadlara sahib olan insanların sosial muhitində dünyaya gəlib, orada tərbiyə alsaydıq onlar kimi düşünərdik və ya onların etiqadlarını qəbul etmə ehtimalımız çox yüksək olardı. Eyni zamanda başqaları da bizim əqidəmizin yanlış olduğunu düşünə bilər. Buna görə də dini dözümlülük zərurəti ortaya cıxır. Çünki heç kim özünə rəva görmədiyini başqasına etməməlidir. Bu müxtəlifliyi İslam dini də təbii qarşılamışdır. Bir Quran ayəsində Allah Təala belə buyurmuşdur: "Əgər Rəbbin istəsəydi insanları tək ümmət olaraq yaradardı". (Hud surəsi, 118).

Allah Qurani-Kərimdə Peyğəmbərinə belə buyurur: "Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən! Sənin vəzifən ancaq təbliğ etməkdir" ("Ənam" surəsi, 107; "Ali-İmran" surəsi, 20), "Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz" ("Ənam" surəsi, 164) ayələrində birlikdə yaşamaq və hər bir şəxsin öz seçiminin nəticəsini görməsi baxımından hər insanı öz inamında, dinində və fikrində qəbul etmək tolerantlıqdır.

İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah belə buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." ("Hucurat" surəsi, 13). İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir.

Allah həmişə dözümlülüyü, tolerant olmağı əmr edir. Bu əmr güclü, yaxud zəif olan dövrlərə deyil, bütün vaxtlara şamil olan bir qaydadır. Allah Hz. Musanı (ə) və qardaşı Hz. Harunu Onu inkar edən, özünü tanrı hesab edən, zalım və azğın Misir hökmdarı Fironun yanına göndərərkən necə hərəkət etməli olduqlarını belə buyurur: "Fironun yanına yollanın. O, həqiqətən, azğınlaşıb həddini aşıb. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud çəkinsin!" ("Taha" surəsi, 43-44). Hz. Muhəmmədin (s) də dözümlü olmasının nəticəsi haqqında Quranda belə buyurulur: "Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər..." ("Ali-İmran" surəsi, 159).

***

Tolerantlıq güclü qarşısında dözümlülük nümayiş etdirmək deyil. Tolerantlıq özündən zəifə, yaxud bərabərə olana eyni cür münasibəti bəsləməyi bacarmaqdır. İslamın gəldiyi ilkin dövrlərdə müsəlmanlar tolerantlıq göstərdikləri kimi, güclü olduqları dövrlərdə bu qaydadan heç vaxt uzaqlaşmayıblar. İslam hələ "əhli-kitab" sayılan dinlər bir tərəfə qalsın, hətta Allaha şərik qoşan müşriklərlə, bütpərəstlərlə münasibətlər haqqında görün necə tövsiyə edir: "Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır..." ("Tövbə" surəsi, 6).

İnsanlar eyni cür yaradılmayıb. İnsanlar eyni yaradılmadığı üçün tolerantlıq qaçılmaz dəyər olaraq qarşımıza çıxır. Hətta eyni hüceyrədən doğulan ekizlər arasında da fərqlər özünü açıq-aşkar büruzə verir. İslam müsəlmanların müxtəlif dinlərin mənsublarına, hətta inanmayanlara qarşı necə tolerant olmalı olduqlarını insanların müxtəlif yaradılış prinsipi ilə izah edir. İslama görə müxtəliflik dünya imtahanın bir zərurətidir. Əgər müxtəliflik olmasaydı, tolerantlıqdan danışmağa da ehtiyac qalmazdı.

Allah belə buyurur: "...Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin (bu müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinzlə yarışın. Hamınızın axır dönüşü Allahadır. Allah aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!" ("Maidə" surəsi, 48).

***

Əgər insanlar din və vicdan azadlığı məsələsində azad olmasaydılar, ya hamısı dini inkar etməyə məcbur edilərək haqsızlığa məruz qalacaq, ya da bütün bəşər Allaha inanmağa məcbur edilərək müxtəlif yaradılan ruhlar, qabiliyyətlər, cəhdlər bərabər sayılaraq ədalətsizliyə səbəb olacaqdı. Və imtahanın da bir mənası qalmayacaqdı. Quran tolerant olmaq üçün ədalətli olmağımızı əmr edir: "Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun..." ("Ənam" surəsi, 152). Allahın Hz. Musanın timsalında hətta zalımları belə Allaha dəvət edərkən necə davranmalı olduqlarını qeyd etmişdik. İslam eyni zamanda müsəlman olmayan müqəddəs kitabı olanlarla da necə dialoq qurulmasını belə əmr edir: "Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman onlara deyin: "İndi şahid olun ki, biz, həqiqətən, Allaha təslim olanlarıq!" ("Ali-İmran" surəsi, 64).

Allahın "De: "İstər inanın, istərsə də inanmayın..." ("İsra" surəsi, 107). "De: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın..." ("Kəhf" surəsi, 29) sözləri İslamın dini etiqad azadlığına verdiyi dəyəri göstərir.
 

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.