Cəmiyyət

Qəbul imtahanları keçirildi - YENİLƏNİB

22 Fevral 2015 16:45
2 Şərh     Baxış: 6 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
16:45

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib. İmtahan Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan mərkəzində aparılıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, qəbul imtahanı Gəncə şəhərində 4 binada təşkil olunub və 1975 bakalavr imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib. İmtahanın idarə olunmasına 15 imtahan rəhbəri, 151 nəzarətçi-müəllim cəlb olunub. Qəbul imtahanı bütün binalarda eyni vaxtda - saat 13:00-da başlayıb. Birinci mərhələdə məntiqi təfəkkür, informatika və xarici dildən imtahan verən bakalavrlara sualların cavablandırılması üçün 2 saat 30 dəqiqə vaxt ayrılıb.

Nəsimi Məmmədov
- TQDK-nın Gəncə regional bölməsinin sədri: "İmtahanların gedişatında problemlər yaşanmayıb. Mühafizə üçün səhiyyə, FHN və polis əməkdaşları cəlb olunublar. Keçid balını toplayan bakalavrlar aprelin 26-da ikinci turda iştirak edə biləcəklər".

İmtahanda iştirak etmək üçün ümumilikdə 23230 bakalavr ərizə təqdim edib. Onlardan 20706 nəfəri Azərbaycan bölməsi, 2524 nəfəri rus bölməsi üzrədir.  Bakalavrlardan 11620 nəfəri cari ilin məzunları, 11610 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Magistraturaya bu gün keçirilən qəbul imtahanının birinci mərhələsinin cavabları isə yaxın 2-3 gün ərzində açıqlanacaq.

--------
15:37

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fevralın 22-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib.

AzərTAc bildirir ki, Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində aparılan imtahan saat 13:00-da başlanıb və saat 15.30-da başa çatıb.

Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i açıq tipli) test tapşırığı təqdim olunub. Hər bir test tapşırığına verilən düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar ümumi nəticəyə təsir göstərmir.

İmtahanda iştirak etmək üçün 23 min 230 bakalavr ərizə təqdim edib.

---------
09:01

Azərbaycanda bu gün ali məktəblərin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, imtahanda bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), informatika üzrə 25 (o cümlədən açıq tipli 5) və xarici dil üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı təqdim olunacaq.

Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar. Həmin bakalavrlar 2015-ci il aprelin 1-dən 10-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər ("İxtisaslaşma seçimi cədvəli" və qəbul proqramları "Magistr" jurnalının 2015-ci il tarixli 3-cü sayında veriləcəkdir).

İmtahanın ikinci mərhələsi 26 aprel 2015-ci il tarixində keçiriləcəkdir. Bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılacaq.

Bir sıra qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə, yazılı imtahan verməlidirlər ("Magistr" jurnalının 2015-ci il tarixli 3-cü sayında qəbul proqramları dərc olunanda bu barədə məlumat veriləcək).

Yazı işləri 50 ballıq şkala üzrə qiymətləndirilir. İmtahan suallarının cavablandırılmasına imtahanın birinci mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt ayrılır.

Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.