Cəmiyyət

Bakı Ali Neft Məktəbi və Baker Hughes şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalandı - FOTO

20 Fevral 2015 12:53
Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı Ali Neft Məktəbi (BANM) və Baker Hughes (Baker Hughes Services İnternational INC.) şirkəti arasında "Əməkdaşlıq haqqında Müqavilə"nin imzalanma mərasimi keçirildi.

BANM İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından danışdı.

Neft-qaz və kimya sənayesinin ölkə iqtisadiyyatının inkişafında əsas rol oynadığını vurğulayan Elmar Qasımov bu sahədə mütəxəssislərin hazırlanmasının ARDNŞ-nin fəaliyyətində vacib istiqamətlərdən biri olduğunu bildirdi. Rektor, həmçinin Ali Məktəbin yaranma tarixi, məqsədləri, qısa zaman ərzində əldə etdiyi uğurları və dünyada tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlıq haqqında ətraflı məlumat verdi. Rektor BANM-in Azərbaycanın ali təhsil ocaqlarının reytinq cədvəlində ən yüksək yerlərdən birini tutduğunu vurğuladı. Bundan başqa, hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirən rektor bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını dedi.

Baker Hughes şirkətinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri Roy Vaudvayk təmsil etdiyi beynəlxalq şirkət haqqında ətraflı məlumat verdi. O, Şimali Amerika, Latın Amerikası, Avropa, Asiya, Afrika, Yaxın Şərq, Rusiya, Xəzər, və Sakit okean hövzəsi regionlarında 80-dən artıq ölkədə fəaliyyət göstərən Baker Hughes şirkətinin 61.000-dən artıq işçisi olduğunu qeyd etdi. Şirkətin beynəlxalq neft və təbii qaz istehsalı sektorunda müxtəlif xidmətlər, məhsullar, texnologiyalar və sistemlər təklif etdiyini dedi. Həmçinin Baker Hughes şirkətinin qazma, quyuların texniki parametrlərinin qiymətləndirilməsi, quyuların tamamlanması, sualtı qurğuların, neft və qazın emalı texnologiyaları, kənd təsərrüfatında istifadə olunan kimyəvi məhsulların istehsalı üzrə ixtisaslaşdığını qeyd edən R. Vaudvayk təmsil etdiyi şirkət ilə BANM-in arasında əldə olunan əməkdaşlığın gələcəkdə bu istiqamətlər üzrə BANM-dəki neft-qaz və kimya mühəndislərinin hazırlığında öz müsbət təsirini tapacağını bildirdi. О, nüfuzlu Ali Məktəblə əməkdaşlığın təmsil etdiyi şirkət üçün qürurverici olduğunu dedi. R.Vaudvayk bu gün imzalanan müqavilənin gələcəkdə BANM-in məzunları üçün çox böyük imkanlar yaradacağını vurğuladı.

Sonra Bakı Ali Neft Məktəbi ilə Baker Hughes şirkəti arasında Əməkdaşlıq haqqında Müqavilə imzalandı.

Qeyd edək ki, müqavilədə BANM-də yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin, sənəddə BANM-in əlaçı tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi, BANM-in tədris prosesində istifadə üçün proqram təminatı ilə təchiz edilməsi, fərqlənən tələbələrə şirkətin mükafatlarının verilməsi, BANM-in kampusunda ixtisaslaşmış tədris laboratoriyasının yaradılması, şirkətin mütəxəssislərinin BANM-də fənlərin tədrisinə cəlb olunması, BANM-in istedadlı tələbələrinə təqaüdlərin verilməsi və məzunları üçün karyera imkanlarının yaradılması, 2-ci və 3-cü kurs tələbələri üçün yay təcrübəsinin, kursların təşkili, şirkət tərəfindən BANM-də yaradılmış və orta məktəblərdə fəaliyyət göstərən "Gənc mühəndislər klubunun və dərnəklər"in işinə maddi yardım göstərilməsi və digər müddəalar öz əksini tapıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.