Cəmiyyət

Nazir rektorları topladı

9 Fevral 2015 13:57
Baxış: 5 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Təhsil Nazirliyində nazirliyin tabeliyində olan ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Trend nazirliyin saytına istinadən bildirir ki, görüşdə iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının təşkili işinə tələbə könüllülərin cəlb olunması və digər aidiyyəti məsələlər müzakirə edilib.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının uğurla keçirilməsinin vacib hissəsinin könüllülərin işi olduğunu qeyd edib: "Bu sırada tələbələrin xüsusi yeri vardır. Dünyanın müxtəlif ölkələrində böyük miqyaslı tədbirlərin keçirilməsinə tələbə könüllülərin cəlb olunması və bu işin koordinasiyası xüsusi əhəmiyyət kəsb edir. Bu fəaliyyət ictimai maraqlara xidmət etməklə bərabər, tələbələrin öz bacarıqlarını inkişaf etdirmək, iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmaq baxımından da faydalıdır".

Nazir bildirib ki, Azərbaycanda da mütəmadi olaraq təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlərə könüllülərin cəlb olunması ənənəsi vardır. Bu təcrübədən I Avropa Oyunları zamanı yararlanmaq, eləcə də könüllülük fəaliyyətinin koordinasiyası vacib məsələlərdəndir.

Görüşdə çıxış edən ali təhsil müəssisələrinin rəhbərləri qeyd ediblər ki, I Avropa Oyunlarında tələbələrin könüllü kimi iştirakına maraq genişdir.

Könüllü olacaq tələbələr müvafiq təlimlər keçəcək və tədbirlərdə iştirak tarixinə, vəzifə funksiyalarına və xidmət yerlərinə görə şərti olaraq 3 qrupa bölünəcəklər. Birinci qrup iyunun 12-də açılış və 28-də bağlanış mərasimlərində iştirak edəcək. İkinci qrupun köməyindən iyunun 1-dən 30-dək bütövlükdə Avropa Oyunları müddətində istifadə edilməsi nəzərdə tutulub. Üçüncü qrup isə hazırlıq işlərinə qatılacaq.

Bu fəaliyyətin koordinasiyası və Bakı Avropa Oyunları üzrə Əməliyyat Komitəsi (BAOƏK) ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün ali təhsil müəssisələrində əlaqələndirici nümayəndə təyin olunacaq.

Qeyd edək ki, Avropa Oyunları bu qitəni əhatə edən 49 ölkədən olan atletlər üçün çoxnövlü idman tədbiridir və dörd ildə bir dəfə keçiriləcək. İlk Avropa Oyunlarının keçirilməsi hüququ Azərbaycana verilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.