Cəmiyyət

Bakının tanınmış məktəbində nə baş verir?

2 Fevral 2015 10:27
0 Şərh     Baxış: 1 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Valideyn: "Təlim-tərbiyə işini qura bilməyən bir direktora bu cəsarəti verən kimdir?.."

"Nizami rayonunda yerləşən 10 saylı məktəb vaxtilə Bakının tanınmış məktəblərindən biri idi. Şagird-müəllim münasibətləri, fəaliyyət üçün lazımi pedaqoji mühit, əməkdaşlıq, idarəçilərin təlim-tərbiyə işini müasir tələblər baxımından qurması, sözsüz ki, məktəbi nüfuzlu və güclü edən amillərdən idi". Bu sözlər adıçəkilən məktəbdə oxuyan şagirdlərdən birinin valideyni Hökümə İbrahimlinin qəzetimizə ünvanladığı məktubdandır.

Valideyn yazır: "Amma son 5-6 (xüsusən də son 2) il ərzində illər boyu qazanılmış nüfuz və güc anormal idarəçilik nəticəsində, demək olar ki, itirilib. Məktəbin direktoru Leyla Məmmədovanın  idarəçilikdə "öz prinsipləri" var: nə yuxarı təşkilatlardan gələn qərar, tövsiyə və sənəd, nə də insaf  kateqoriyası burada işləmir. Məktəbdaxili idarəçilikdə istifadə etdiyi pedaqoji etikadan kənar üsullar yalnız onun şəxsi maraqları və nəfsinə xidmət edir. Baş verən haqsızlıq və qanunsuzluqlarla bağlı nazirliyə edilmiş müraciətlər, ərizələr araşdırılmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərilmişdi. Orada isə qaldırılmış məsələlər üzərindən sükutla keçilmiş, faktlar  guya öz təsdiqini tapmamış, problem kağız üzərində  həll olunmuşdu. Direktorun özü demişkən, hər dəfə "işi yoluna qoya bilib". Məktəbdə  yaranmış vəziyyət  haqqında  ərizə yazan, pedaqoji şurada çıxış edən müəllimlər, valideynlər isə müqəssir durumundadır".

Hazırda məktəbdə vəziyyətin daha ağır olduğunu qeyd edən şikayətçi yazır: "Son iki həftədə məktəbdə baş verənləri nəzərinizə çatdırmaq istərdim. Belə ki, yanvarın 5-də məktəbdə keçirilən Pedaqoji Şuranın iclasında bir neçə müəllim direktordan müəyyən  məsələlərlə bağlı hesabat istədi. Vəziyyətdən xoşlanmayan direktor iclası pozmağa çalışaraq orada baş verənləri şou adlandırdı.

Müəllimləri "çete" adlandıraraq "hara istəyirsiniz, gedin, hara istəyirsiniz, yazın, mənim hər yerdə adamlarım var, yazdıqlarınızı birinci olaraq mənə  xəbər verirlər. Heç kimdən də qorxmuram" söylədi. Xarakter etibarilə qisasçı olan L.Məmmədova yaranmış vəziyyətdən hər dəfə heç bir nəticə çıxarmayıb. Əksinə, yeni enerji ilə hücuma keçib. Məsələn, şikayət edən müəllimlərdən biri sinifdə dərs dediyi zaman otağa gəlmiş, müəllimi şagirdlərin gözü  qarşısında aşağılayaraq təhqir etmişdi. Elə həmin günlərdə məktəbin dəhlizində müəllimlərin ünvanına "vırodki" deyərək təhqiramiz sözlər  söyləmişdi".

Məktub müəllifinə görə, öz şəxsi maraqlarını təmin etmək üçün hər vasitəyə əl atan direktorun söyüş, qarğış, təhqir, haqqı deyəni şərləmək, polislə qorxutmaq əsas idarəçilik  üslubudur:

"Bütün bunlar şagirdlərin, valideynlərin  gözü qarşısında baş verir. Haqlı suallar meydana çıxır: məktəbdə təlim-tərbiyə  işini qura bilməyən bir direktora bu cəsarəti verən kimdir? Nədən törətdiyi bütün mənəvi və  hüquqi pozuntulara rəğmən, o, öz əməllərini hələ də davam etdirə bilir? Belə bir mühitdə müəllimlərdən təlim-tərbiyədə keyfiyyət gözləmək olarmı? Uğursuz, yerində olmayan bir məmurun - direktorun cəzasızlığı və özbaşınalığı isə əlaqədar orqanlara olan inamı sarsıdır, müəllimlər arasında ruh düşkünlüyü yaradır".

Şikayətçi daha sonra yazır:

 "Məktəbin ümumilikdə güclü müəllim kollektivi var. Onların arasında "Əməkdar müəllim", "İlin  müəllimi", elmlər doktoru, medalla təltif  olunmuşlar da var. Peşəkarlıq potensialı yüksək olan bu kollektivdə normal idarəçilik sayəsində böyük uğurlar qazanmaq olar. Təhsil verənin normal fəaliyyəti, öz funksiyasını vicdanla yerinə yetirməsi, təhsil alanların keyfiyyətli təhsil alması üçün normal pedaqoji mühit olmalıdır. İllərdir ki, 10 saylı məktəbdə bunun tam əksidir. Yaranmış vəziyyət nəticəsində yerləşdiyi ərazidə nüfuzdan düşmüş məktəbin şagirdlərinin sayı ilbəil azalır, keyfiyyət göstəriciləri aşağı düşür. Və  bütün bunlar hər kəsin - əlaqədar  təşkilatların, müəllimlərin, valideynlərin gözü qarşısında baş  verir... Gəlin, bu  günümüzü qoruyaq ki, gələcəyə ümidimiz  olsun".

P.S. Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

Yeni Müsavat
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.