Cəmiyyət

Riskli addımlardan doğan həyəcan insana zövq verir

30 Yanvar 2015 18:45
0 Şərh     Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Elə adamlar var ki, təhlükə ilə üzləşəndə, sanki, zövq alır. Bu səbəbdən də maşını sürətlə sürür, dəhşət filmlərinə baxır, paraşütlə hündürlükdən tullanır, dağa dırmanır, okeanın dərinliyinə köpək balıqlarına baxmağa baş vurur. Psixoloqlar bunu insan beyninin təhlükə və ondan doğan həyəcana olan ehtiyacla bağlayırlar.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, hər bir insan təhlükə ilə üzləşəndə həyəcan keçirir. Sadəcə, bəzilərində buna tələbat az, bəzilərində isə çox olur: "Təhlükə hiss etdikdə insanda "Qaç və ya mübarizə apar!" reaksiyası yaranır. Bu cür həyəcanlanma yalnız fiziki təhlükə ilə üzləşəndə deyil, emosional təhlükə hiss etdikdə də baş verir. İnsanlar üçün bu hiss təbii olduğu üçün ona meyl edirlər. İlk baxışdan elə görünə bilər ki, əksər insanlar sakitlik istəyir. Əslində isə insan sakitlik deyil, həyəcan axtarır".

Qurbanova bildirib ki, təhlükə və riskli addımlardan doğan həyəcan da insana zövq verir: "Həyəcan axtarışı insana yalnız zövq verməklə faydalı deyil. Eyni zamanda, həyəcan cəmiyyətdə insanın inkişafı üçün vacib amildir. Əgər bəziləri heç nəyə baxmayaraq öz məqsədlərinə çatmağa cəhd etməsəydilər, insanlar indiyədək mağaralarda yaşayardı. Riskdən alınan zövq təbiidir. Belə ki, əsrlər boyu ilk insanlar təhlükə ilə üzləşərək, onu dəf etməyə öyrənmiş və bundan da zövq almaq onları daha böyük addımlar atmağa sövq edirdi. Müasir insanlarda bu istək həyatlarını daha maraqlı etməyə, həyəcanlanmağa həvəs kimi formalaşıb. İnsanlarda yüksəklikdən paraşütla tullanmağa, dağa dırmanmağa, yüksəklikdən iplə sallanmağa, ekstremal idman növləri ilə məşğul olmağa, dəhşət filmlərinə baxmağa və s. ehtiyac yaranmışdı".

Psixoloq qeyd edib ki, insanlarda təhlükəyə olan meyllə yanaşı, həyəcanlanmağa olan həvəsi tənzimləyən və həddini aşmağa qoymayan mexanizm var. Həyata real təhlükə çoxaldıqda özünü müdafiə mexanizmi işə düşür.

Müsahibimiz əlavə edib ki, insanın özünü müdafiə strukturunun 3 sahəsi var: təhlükəsizlik, təhlükəli və zərbə almaq sahəsi. Biz hər an bu üç sahənin birində oluruq. Təhlükəsizlik sahəsində biz fiziki zədə ala bilən şəraitdə deyilik. Çox rahatıq və həyəcan hiss etmirik. Hər kəs üçün təhlükəsizlik sahəsi fərqli ola bilər. Onun sözlərinə görə, təhlükə həm emosional, həm də fiziki ola bilər: "Məsələn, kompüter və ya telefonda oyun oynadıqda fiziki xəsarət ala biləcəyimizə görə qorxu yoxdur. Amma emosional təhlükə və ondan doğan qorxu var. Təhlükəli oyun oynadıqda biz həyəcanlanırıq. Bu səbəbdən də insanlarda oyunlara meyl olur. Fiziki təhlükəli sahə isə gerçək xəsarət ala biləcəyimiz sahədir. Məsələn, maşını yüksək sürətlə sürdükdə həyəcanlanırıq. Bu qorxu ilə qarışıq hiss zövq verməsəydi, "avtoş"lar yəqin ki, olmazdı. Fikir vermisinizsə, "avtoşluq" etməyən və bir yerə tələsməyən insanlarda da maşını arada sürətlə sürməyə həvəs yaranır".

Həmsöhbətimizin dediyinə görə, zədə və xəsarət alma sahəsi isə həyatımızın gerçək təhlükəli vəziyyətlə üzləşmə prosesidir: "Bu sahəyə insan təhlükəli sahədən düşür. Məsələn, yüksək sürətlə maşın sürərək insan təhlükəli sahədən xəsarət alma sahəsinə düşür, yəni ki, qəzaya uğrayır. Xəsarət alma sahəsi insanların ağır vəziyyətə düşməsi və hətta ölməsi ilə də nəticələnir".

İnsanların əksəriyyəti təhlükəsiz sahədə yaşayır. Lakin insanların təhlükəli sahədə də olmaq xoşlarına gəlir. Bu sahədə nə qədər olacağımızı isə müdafiə strukturumuz tənzimləyir. Bu struktur təhlükəli sahə ilə zədə alma sahəsinin sərhədlərini müəyyən edir. Müdafiə strukturu olmasaydı, biz yalnız təhlükəli məqamlarda qorxu hiss edər və belə vəziyyətlərdən yan keçərdik. Lakin bu struktur ən təhlükəli nöqtəyə qədər insanı hərəkət etdirir və həyəcanlandırır. İnsanın müdafiə strukturu onun son anda təhlükədən qurtula biləcəyinə, özünə güvənməyə, kiminsə kömək edəcəyinə əmin edir. Bu da insanı risk etməyə, təhlükəli addımlar atmağa imkan verir.

Alimlər müəyyən edib ki, təhlükə hiss edən zaman insanların nəbzi, tənəffüzü sürətlənir, əzələləri gərginləşir, diqqətini daha yaxşı cəmləyə bilir. Bu da insanın özünü müdafiə etməyə kömək edir. Əgər beyin təhlükənin gerçək olmadığını anlayırsa, insan adrenalinin sürətlə artmasından zövq alır və xoş hisslər keçirir. Ekstrim vəziyyətlərdə zövq almaq dərəcəsi beynin real təhlükənin səviyyəsini ölçmək qabiliyyətindən asılıdır. Eləcə də, insan eyni təhlükəli vəziyyətlə dəfələrlə üzləşərsə, beyin buna öyrəşir və bunu təhlükə kimi qəbul etmir.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.