Cəmiyyət

Ey mənim müsəlman qardaşlarım!

30 Yanvar 2015 20:38
2 Şərh     Baxış: 4 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlil Məmmədquluzadənin, sözün həqiqi mənasında, övladı olan "Molla Nəsrəddin" jurnalı Azərbaycan və İran cəmiyyətində böyük maarifləndirici rol oynayıb 

Dramaturq, yazıçı, şair və publisist Cəlil Məmmədquluzadənin həyat yolu onunla eyni dövrdə yaşamış Azərbaycan maarifpərvərlərinin həyatından çox fərqlənirdi. Burada müəyyən qanunauyğunluq var. Həyatda əsas amili humanizm olan bir insan kimi, o, dövrün cahil məmurlarının, klerikallarının müqavimətilə üzləşməyə bilməzdi.

Yeni avazlı felyeton
 

Cəlil Məmmədquluzadə 10 (22) fevral 1866-cı ildə Naxçıvanda doğulub. Onun babası, bənna Hüseyn Qulu Naxçıvana İran Azərbaycanından köçmüş və burada ailə qurmuşdu. Cəlil ibtidai təhsilini dini məktəbdə - mədrəsədə şəhərin məşhur mollalarından alıb. Mollalar uşaqlara ərəb və fars dilində yazılan ilahiyyat, şəriət kitablarından, eləcə də məşhur söz ustadı Sədinin "Gülüstan" əsərindən dərs keçirdilər.

1882-ci ildə Qori Müəllimlər Seminariyasına qəbul olması Cəlil Məmmədquluzadənin həyatını büsbütün dəyişdi. 1898-ci ildə o, İrəvana, 1903-cü ildə isə Tiflisə köçür, orada yerli azərbaycandilli "Şərqi-Rus" qəzetində işləməyə başlayır. 1906-cı ildə Məmmədquluzadə "Molla Nəsrəddin" satirik jurnalının əsasını qoyur və 25 il ərzində (fasilələrlə) onu redaktorluq edir.
 

C.Məmmədquluzadənin pyesləri dəfələrlə ekranlaşdırılıb. Biz onu lap uşaqlıqdan tanıyırıq. Məmmədquluzadə dram, oçerk, hekayə və felyetonlar da daxil olmaqla, müxtəlif janrlarda yazırdı. Onun ilk ən məşhur işi "Eşşəyin itməkliyi"dir ("Danabaş kəndinin əhvalatları" hekayələr seriyasının ilki). Orada yazıçı sosial qeyri-bərabərlik məsələsinə toxunub. Sonrakı əsərlərində ("Poçt qutusu", "İranda hürriyyət", "Qurbanəli bəy", o cümlədən məşhur "Ölülər" və "Dəli yığıncağı" komediyalarında Məmmədquluzadə cahilliyi, lovğalığı, dini fanatizmi tənqid edib.
 

Cəlil Məmmədquluzadəyə ən böyük uğuru (və başağrısını) yaratdığı "Molla Nəsrəddin" jurnalı gətirib. Jurnal yalnız bizim cəmiyyətdə deyil, qonşu ölkələrdə də böyük maarifləndirici rol oynayıb. Jurnalın əsas gücü orada dərc olunan felyetonların sərtliyində, aktuallığında və dərinliyində idi. Ədəbiyyatşünas, yazıçı və publisist Həsən Quliyev bu haqda yazırdı: "Ən kəsərli və operativ ədəbi janr olan felyeton Cəlil Məmmədquluzadənin yaradıcılığında yeni siyasi və sosial məna qazanıb və əhəmiyyətli bədii mükəmməlliyə çatıb. Bu janrın bədii tərəfindən böyük ustalıqla istifadə edən yazıçı dövrün bütün vacib hadisələrinə münasibət bildirib".
 

Təəssüf ki, Cəlil Məmmədquluzadənin bir sözü hələ də aktualdır: "Ey mənim müsəlman qardaşlarım! Əgər məndən gülməli nə isə eşitsəniz... düşünməyin ki, siz Molla Nəsrəddinə gülürsünüz. Ey mənim müsəlman qardaşlarım! Kimə güldüyünüzü bilmək istəyirsinizsə, qarşınıza güzgü qoyun və əksinizə diqqətlə baxın".
 

Məmmədquluzadə üçün əsas mövzulardan biri çar məmurlarının nüfuz üstünlüyü, onların bürokratizmi və rüşvətxorluğu idi. Bundan başqa, jurnal 1905-ci ildən Tiflisdə əhalinin imperiyadakı real vəziyyətlə bağlı məlumat əldə edə bildikləri yeganə mənbə idi. Xatırladaq ki, həmin illərdə çar Rusiyasının ərazisində görünməmiş yoxsulluq və aclıq hökm sürürdü. Bu, həm uğursuz islahatlarla, həm də "qısa sürməsi" və "qələbə ilə nəticələnməsi" mümkün olmayan Rusiya-Yaponiya müharibəsilə bağlı idi. Nəticədə, hadisələr 1905-ci ildə baş vermiş ilk inqilaba doğru gedirdi. Artıq xalq qiyamları həm Tiflisi, həm də Bakını bürümüşdü. Çar gizli polisi coşmuşdu və Tiflisdə fəaliyyəti qadağan edilən ilk jurnal məhz "Molla Nəsrəddin" olmuşdu. Halbuki, o, şəhərin əksər əhalisinin anlamadığı dildə çap olunurdu.

Ölməz adlar
 

Bütün maneələrə rəğmən, jurnal çapını davam etdirirdi və ona tələb getdikcə artırdı. Artıq jurnalın nömrələri qatarla (poçt qatarı ilə yox, yük qatarı ilə) Bakıya göndərilir, oradan Təbrizə də daşınırdı.
 

Qeyd edək ki, İranda jurnal görünməmiş aktuallıq qazanmışdı. 1905-ci il İranda qiyamlar və inqilablar ili olur, ölkə parçalanmağın astanasına çatır. İranın şimalında artıq islahatçı burjua qalib gəlmişdi və jurnalın orada yayılmasına heç bir maneə yox idi. Bu baxımdan, sonralar "Molla Nəsrəddin"in Tiflisdə və Bakıda yerli klerikalları, imperiya dairələrini narazı saldığı üçün Təbrizə köçməsi də təəccüblü deyil.
 

1912-ci ildə Tiflisdə jurnalın çap olunduğu nəşriyyat bağlanır, üstəlik, ona ciddi məbləğdə cərimə tətbiq olunur. Nəticədə, "Molla Nəsrəddin" düz 1 il müddətinə yoxa çıxır. 1913-cü ildə jurnalın kollektivi bütünlükdə Bakıya köçür və jurnal çapını bərpa edir. Lakin burada da 1 il sonra çap dayandırılır. Oktyabr inqilabınadək olan son 3 ildə "Molla Nəsrəddin" Təbrizdə çap olunur. Buradan jurnalın nömrələri Bakıya, Tiflisə, İranın digər şəhərlərinə, həmçinin Türkiyəyə, hətta Misirə göndərilir. 1917-ci ildə imperiyanın senzura komitəsinin xüsusi qərarı ilə jurnalın çapına və xaricə daşınmasına qadağa qoyulur.
 

C.Məmmədquluzadə gələcəyə, inkişafa, insan dərrakəsinin qələbəsinə inanırdı. O, Sovet quruluşunu əvvəlcə isti qarşılayır (quruluşun ilk illərində maarifçilik işlərinə böyük önəm verilirdi ki, bu da Məmmədquluzadənin ən çox arzuladığı məsələ idi). Lakin yazıçı ömrünün sonlarına yaxın - məşum 1930-cu illərdə skepsis artmağa başlayır. O jurnaldan gedir, daha sonra kollektivin digər üzvləri dağılışır, bəziləri dünyasını dəyişir və s. Son illərdə "Molla Nəsrəddin" artıq əvvəlki deyildi. Jurnal aktuallığını, maraqlılığını get-gedə itirirdi.
 

Məmmədquluzadə ölümündən az əvvəl dostuna yazdığı məktubda deyirdi: "İstərdim ki, bir neçə il sonra balaca bir oğlan uşağı "Molla Nəsrəddin" jurnalının nömrələrindən birini taparkən düşünsün ki, görəsən, bütün bunları hansı axmaq yazıb?". Bəli, o istəyirdi ki, jurnal nə vaxtsa aktuallığını itirsin və gənc nəsil orada yazılanları anlamasın.
 

C.Məmmədquluzadə 4 yanvar 1932-ci ildə beyninə qan sızması nəticəsində dünyasını dəyişib. Ömrünün son illərində o, xatirələrini qələmə alırdı. Lakin, təəssüf ki, yazıçı bu işini tamamlaya bilmədi.
 

İndi dramaturqun pyesləri əsasında tamaşaları kimlərin qadağan etdiyini, qadağa aktlarına kimlərin imza atdığını, tirajları kimlərin müsadirə etdiyini heç kim bilmir. Amma "Nəsrəddin"də çalışanları hamımız yaxşı xatırlayırıq. Bu, dahi satirik şair Mirzə Ələkbər Sabir, son dərəcə əhəmiyyətli "Qılınc və qələm" romanının müəllifi Məmməd Səid Ordubadi, teatr rejissoru, dramaturq və tərcüməçi Əbdürrəhim bəy Haqverdiyevdir (sovet illərində "Leyli və Məcnun" tamaşasının ilk dirijoru məhz o olacaqdı). Jurnalın rəssamı isə Əzim Əzimzadə idi. Möhtəşəm dramaturq Qriqori Qorinin "Herostratı unudun!" pyesində Efes şəhərinin hökmdarının xanımı Herostratdan Artemida məbədini nədən yandırdığını soruşur. Bu ritorik suala cavab belə olur: "Artemida məbədini kim tikib? Hə? Özünü yorma, yəqin ki, memarın adını unutmusan. Amma Herostratın adını hər zaman xatırlayacaqsan". Müasir dildə bunu belə demək olar: əlyazmalar yanmır, sənət əbədidir və Herostrat yanılıb. Xatırladaq ki, Cəlilabad şəhəri məhz Məmmədquluzadənin şərəfinə belə adlandırılıb.
 

"Region Plyus"

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.