Bu günlər müsəlmanların 11-ci İmamı Həzrət Həsən Əsgərinin (ə) mübarək mövludu günləridir. Bütün dünya müsəlmanlarını İmam Həsən Əsgərinin (ə) bu əziz mövludu münasibətilə təbrik edirik. Allahdan istəyirik ki, bizlərə bu əziz İmamın (ə) yolunu, həyatını, yaşayışını tanımağı və oradan dərslər götürməyi, bu yolun xidmətində olmağı nəsib etsin.Bismilləhir-Rahmənir-Rahim!
İmamın (ə) mübarək həyatı ilə bağlı qısa da olsa, bəzi məsələlərə diqqət ayırmaq çox önəmlidir. Xüsusilə də əziz İmamın (ə) yaşayışında özünün önəm verdiyi və bizlər üçün də tövsiyə etdiyi mövzulara nəzər salmaq faydalıdır. Əziz İmamımız (ə) hicrətin 232-ci ildə rəbiüs-sani ayının 8-də dünyaya göz açıb. İmamın (ə) mübarək gözlərini dünyaya açması cümə gününə təsadüf edib. Əziz İmamımızın (ə) dəyərli valideyinləri - atası əziz onuncu İmam (ə) Həzrət Hadi (ə), anası - dövrünün çox dəyərli arifəsi olan, ürfanda zirvələrə çatmış Xanım Süsəndir (s.ə).
On birinci İmamın (ə) Əsgəri adı daşımasının səbəbi
İmamın (ə) Əsgəri adı ilə tanınması və adlanması səbəbsiz deyil. Buna səbəb odur ki, əziz İmam (ə) hərbçilərin yaşadığı məkanda saxlanılıb. Hakimiyyəti qəsb etmiş zalım xəlifələr İmamlardan (ə) - İlahi təlimin daşıyıcılarından, haqq-ədalət carçılarından qorxduqları üçün onları daima təqib edir, həbsxanalarda saxlayır, sürgün edir, bütün təhdidlər və təzyiqlərdən sonra şəhid edirdilər.
Bu tale İmam Həsən Əsgəridən (ə) də yan keçməmişdir. İmamın (ə) evi kazarmaların arasında, Abbasilərin hərbçilərinin yerləşdiyi məkanda idi. Burada bəlli məhdudiyyətlər olduğundan, Abbasi xəlifələri İmamın (ə) üzərində bütün gün ərzində nəzarəti təmin etmək istəyirdilər. Faktiki olaraq, bu durum - elə türməyə bərabər bir vəziyyət idi. Məhz buna görə də əziz İmamımız (ə) Əsgəri adı ilə məşhurlaşıb. Təbii ki, İmamın (ə) belə bir məntəqədə saxlanmasının səbəbi bəllidir. Abbasilər (lən) İmamı (ə) tam nəzarətdə saxlamaq, hər mənada digər əziz İmamlarımızın (ə) yaşadığı dövrlərdə olduğu kimi insanlarla ünsiyyətlərlərini, əlaqələrini məhdudlaşdırmaq üçün belə bir xüsusi şərait yaratmışdı.
Bu hal, 9-cu İmam Həzrət Rzanın (ə) dövründən sonra xüsusilə təzahür tapmışdı. Dövrün zalımları fərqində idilər ki, mühüm bir mərhələ gəlir və o mərhələnin maksimum dərəcədə qarşısını almaq, Əhli-beyt (ə) məfkurəsinin maksimum dərəcədə məhdudlaşdırmaq, Məsumlarla (ə) müsəlmanların, Əhli-beyt (ə) davamçılarının arasında rabitəni maksimal dərəcədə azaltmaq, mümkündürsə yoxa qədər çatdırmaq xətti götürmüşdülər. Bu, özünü xüsusi olaraq on birinci İmamımızın (ə) həyatında göstərir.
Amma Allah böyük Allahdır. Bu fitnələrin qarşısını almaq üçün, mübarək dinin saxanması üçün müəyyən işlər görülmüşdü. Bu mərhələyə artıq müsəlmanlar, möminlər, Əhli-beyt (ə) davamçıları hazırlaşmışdılar. İmam Baqirin (ə), xüsusən də İmam Sadiqin (ə) dövründə Əhli-beyt (ə) məfkurəsini, Cəfəri məktəbini yaşada bilənlər, ictihad qabiliyyətinə malik olan alimlər yetişdirilmişdi. Onlar dinin köklərindən - üsulid-dindən günün məsələlərini, mövzularını çıxarmaq qabiliyyətinə malik olmuşdurlar. Və İmamlarla (ə) ünsiyyət məhdudiyyəti yaranan zaman o missiyanı həmin məktəbdə yetişmiş əzizlər artıq həyata keçirdə bilirdilər. İmamların (ə) üzərində olan vəzifənin bir hissəsini, onlar öncədən dərsini alaraq, məsuliyyətlə həyata keçirdə bilirdilər.
Bu durum, İmam Həsən Əsgərinin (ə) dövründə ən pik həddinə çatmışdı. Zəmanə Sahibinin (ə.f) dünyaya gəlməsi o dövrün zalımları üçün çox ciddi məsələ idi. Zalımlar bu mövzudan çox narahat idilər. Məhz buna görə də, İmamı (ə) ən çətin şəraitdə saxlamağa çalışırdılar. Bu anlamda İmam Həsən Əsgərinin (ə) həyatını öyrənmək olduqca mühüm məsələdir. Çünki İmamın (ə) şəhadətindən sonra müsəlmanlar üçün tam yeni bir mərhələ başlayır.
İmam (ə) dövrünün ən qəddar insanlarını necə islah etdi?
Əziz İmamın (ə) nurani həyatında xeyli ibrətli məsələlər var. Hər zaman və məkan üçün tətbiq ola biləcək çox ciddi məsələlər var. Gözəl qələmi, istedadı, zövqü olan insanlar üçün İmamın (ə) həyatı böyük bir mənbədir. Müxtəlif müstəvi və istiqamətlərdə İmamın (ə) həyatı dəyərli mənbədir. Hətta dövrünün zalımları da belə, İmamın (ə) məqamını, xüsusi durumunu etiraf ediblər. Abbasilər (lən) dövründə İmamın (ə) onsuz da ağır olan vəziyyətini bir qədər də ağırlaşdırmaq, daha da çətin duruma salmaq üçün, şəraitini çətinləşdirmək üçün zaman-zaman səylər edirdilər.
Zalımların yanında hər zamanda belə məsələlərdən xüsusi məmnunluq duyan qaniçən ünsürlər olub. Belə zalımlardan biri ilə bağlı hadisə İmam Həsən Əsgərinin (ə) həbsxanaya salındığı vaxt olur. Bu zalım, İmamın (ə) həyatına nəzarət edən məsul şəxsə o Həzrətin (ə) şəraitini daha da çətinləşdirməyi tapşırır. Cavabında deyir ki, "biz ixtiyarımızda olan zindan nəzarətçilərindən iki ən pisini, insanlarla ən sərt davrananını seçdik və onları bu işi həyata keçirmək üçün ayırdıq. Lakin, o iki nəfər hazırda İmamla (ə) ünsiyyətin, təmasın nəticəsində o qədər dəyişiblər ki, ibadətdə və munacatda ali mərhələləri fəth etməyə qədəm qoyublar. Bu insanların öz halında dəyişiklik olub". Yəni İmamı (ə) incitmək üçün məmur edilən 2 nəfər zalım, o Həzrətin (ə) mübarək şəxsiyyətinin nurundan, onun əxlaqından, mənəviyyatından, rəftarlarından o qədər təsirlənirlər ki, tövbə edirlər. Nəinki sadəcə normal müsəlman olurlar, hətta mənəvi yüksəlişlərə də çatırlar.
Həmin zalım vəzifə sahibi türmə müdirinə tapşırır ki, həmin şəxslər gəlsinlər və bu barədə daha ətraflı danışsınlar. Həmin iki nəfərin dilindən çox incə nöqtələr vurğulanır. Onlara deyilir ki, İmamla (ə), İmamın (ə) durumu ilə bağlı danışsınlar. Onların cavabı çox düşündürücü olur: "Biz nə deyə bilərik bir kəs haqqında ki, gündüzlər oruc tutar və bütün gecəni ibadət edər?! O, Allahın zikr və sözündən başqa dilinə heç nə gətirməz. Və o zaman ki, bizə nəzər salar, riqqətdən vücudumuz titrəyir". Onlar etiraf edirlər ki, İmam (ə) haqqında söz söyləmək mümkün deyil, onların nəyi varsa göz qabağındadır. Gündüzləri oruc halında, gecələri ibadət halında keçirir. O Həzrət (ə) bir kəsə nəzər salanda, həmin insanın cismi titrəyir, halında dəyişiklik olur. Ən mənfi adamların, pislikdə ad çıxarmış insanların İmamların (ə) yanında halları dəyişib, onlar düz yola hidayət də olublar. Zamanımızda böyük ariflərin, alimlərin həyatında da bu kimi məsələlər var.
Kim qadir Padşahın qapısını çox döysə, o qapı sonda açılacaq
Xüsusi mənəvi ibrət götürüləsi məsələlərdən biri də budur ki, biz bəzən hansısa vacib iş üçün namazı bir müddət təxirə salırıq, azan veriləndən dərhal sonra qılmırıq. Halbuki namaz - Uca Allahla ünsiyyətdir və azan verilibsə, deməli Yaradanla ünsiyyətin vaxtı yetişib, yubatmaq olmaz. Əbu Haşim deyir: "Bir gün on birinci İmamın (ə) məzhərinə müşərrəf oldum. Həzrət İmam (ə) nə isə yazı yazırdı. Namaz vaxtı çatdı, Həzrət İmam (ə) yazını kənara qoydu və namaza qalxdı".
Bütün dərdlərimizin, müşküllərimizin çarəsi var. Bu yaşadığımız həyatda, dünyada nə etməli nemətinin düz yanında və kənarındayıq. Xoş olsun möminlərin halına ki, bu nemətdən bəhrələnirlər. Həzrət İmam Həsən Əsgərinin (ə) yolçusu namaz daxil olanda işini kənara qoyar və namazını qılar. Namazın keyfiyyətinə mömin bu qədər önəm verər.
Namazın insan həyatına, dünyasına və xüsusilə də axirətinə böyük təsirləri var. Əziz İslam Peyğəmbəri (s) buyurur: "Namazda olduğun müddətdə qadir Padşahın evinin qapısını döyürsən. Kim Padşahın qapısını çox döysə, axırda qapı onun üzünə açılacaqdır". Bəzən xüsusi bir mütaliələr bizi ən əsas məsələlərdən saxlayır. Əsası qoyub, haşiyələrə çox gedirik. Əsas olan isə budur. Həm sadədir, həm aydındır, həm nəticəyə çıxarandır, həm qurtuluşa qovuşdurandır. Əgər mütaliələr bu ruhiyyəni gücləndirirsə, bu mütaliələrin bərəkəti var.
Mömin və möminələr üçün bu duyğu mövcuddur. Bu varlıq aləminin bir sahibi var. İnsanın namazda imkanı var ki, bu Sahibin qapısını döysün. Rəbbimiz bizə belə bir imkan tanıyıb. Kim padşahın qapısını çox döysə, axırda həmin qapı onun üzünə açılacaqdır. Bu varlıq aləminin Sahibi lütf edib bizi yaradıb. Bütün varlıqlara da nə lazımdırsa, artıqlaması ilə verib. Amma, əgər insan bu varlıq aləminin Sahibinin xüsusi diqqətini əldə etmək istəyirsə, bunun yolu keyfiyyətli namazdan keçir. Əgər insan əziz İslam peyğəmbərinin (s) buyurduğu bu baxışla, bu görüşlə, bu ruhiyyəylə namazlarına yanaşsa, namazdan ayrılmaq istəməz. Namaz insanın üzünə bağlı qapıları açan, qurtuluşa çatdırandır.
Namazda insanı əhatə edən rəhmət
Həzrət İmam Əli (ə) buyurur: "Əgər namaz qılan Allahın cəlalından hansı tacın onu əhatə etdiyini bilsəydi, başını səcdədən qaldırmaq istəməzdi". Bizlər namaz qıldığımız zaman əgər bunu anlasaq ki, namaz qılan zaman Allahın cəlalından bizi bir tac əhatə edir, başımızı səcdədən qaldımaq istəməzdik. Əgər biz namaz zamanı Allahın bizi hansı xüsusi lütflərlə, inayətlərlə, xüsusi diqqətlə əhatə etdiyini anlasaydıq, başımız səcdədən qalxmaq istəməzdi.
Həzrət Əmirəlmöminin (ə) buyurur: "Bir kəs namaza dayananda, Allahın bəndəni əhatə edən rəhmətini görən iblis (lən), paxıllıqla ona baxar". Şeytanın (lən) insanın namaz qılmasından bağrı çartlayar. Çünki, bir insan namaz vaxtı Allahla rabitədə olur, Allahla ünsiyyətdədir, Allahın hüzurundadır, Allaha tərəf yönəlib. Şeytanın (lən) bu zaman ona təsir etmək imkanları çox məhdud olar. Buna görə də, şeytan (lən) namazda duran insanı Allahın rəhmətinin əhatə etdiyini görəndə, paxıllıqla ona baxar. Bəli, qurtuluşumuz namazdadır.
Əziz İslam Peyğəmbəri (s) buyurur: "İnsanın dindarlığı üçün namazlarından çox muğayat olması kifayətdir". Əgər dindar olub-olmadığımıza dair narahatıqsa, öz vəziyyətimizdən narahatıqsa, gərək namazlarımıza xüsusi diqqət ayıraq. Əgər namazlara xüsusi diqqət ayırsaq, onlardan muğayat olsaq, bu, kifayət edər ki, yolumuzu düz gedək. İnsanın dindarlığı üçün namazlarına önəm verməsi kifayətdir.
Namazın vaxtında qılınmasına riayət edək
Həzrət Əmirəlmöminin (ə) tövsiyələrində buyurur: "Namazın vaxtına riayət et və onu vaxtında qıl. Nə bekar olduğuna görə onu vaxtından əvvəl qıl, nə də işinə görə onu vaxtından sonraya keçirmə". Namazın bir bəlli vaxtı var. Varlıq aləmində bu vaxt namazın başlanğıc vaxtıdır. Namazın ilk vaxtı - ən şərəfli vaxtdır. Nə ondan əvvəl, nə də o vaxtdan sonra namazı qılmaq tövsiyə edilmir.
Bu xüsusda bir buyuruşa da diqqət edək. İnsanın namazların vaxtına diqqət etməsinin nə qədər önəmli olmasını bir qədər də aydınlaşdırır. Həzrət İmam Sadiq (ə) buyurur: "İlk vaxtda qılınan namazın vaxtın sonu üzərində olan üstünlüyü, axirətin dünya üzərində olan üstünlüyü kimidir". Necə ki, axirət dünya üzərində müqayisə olunmayacaq qədər üstünlüyə malikdir, eləcə də əvvəldə qılınan namaz son vaxtda qılınan namaz üzərində üstünlüyə malikdir. Axirət o qədər alidir ki, onu dünya ilə heç müqayisə etmək mümkün deyil.
Həzrət İmam Baqir (ə) buyurur: "Bilin ki, həmişə vaxtın əvvəli daha yaxşıdır. Beləliklə, bacardığınız qədər xeyir işə tələsin. Allahın yanında ən sevimli iş - az da olsa insanın daim gördüyü işdir". O zaman ki, azanda insan namaza tələsməyə çağırılır, gərək onu qarşılasın və ona doğru getsin. İnsan çalışmalıdır ki, namazın vaxtına davamlı olaraq riayət etsin. Çünki, buyuruşdan aydın olur ki, Rəbbimiz az da olsa, davamlı görülən işləri sevir.
Allahım, bizlərə İmam Həsər Əsgərinin (ə) mübarək həyatını öyrənib, bu mübarək həyatdan dərslər götürməyi nəsib et!
Allahım, bizlərə İmamdan (ə) örnək götürərək namazlarımıza xüsusi diqqət etməyi nəsib et!
Allahım, aqibətlərimizi xeyirli et! Amin!
Hacı İlqar İbrahimoğlu
Milli.Az