Cəmiyyət

Təhsil sahəsindəki aqressiyanı nə yaradır?

29 Yanvar 2015 14:37
0 Şərh     Baxış: 1 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər bunun səbəbini həm təhsil sistemində, həm də cəmiyyətdə görürlər...

Son vaxtlar təhsil sahəsində xüsusi bir aqressiya nəzərə çarpır. Bunu orta məktəblərdə baş verən son hadisələrdə də görə bilərik.

Bu yaxınlarda Hövsan qəsəbəsində şəhid Etibar Cəfərov adına olan 118 saylı məktəbin direktoru Qardaşxan Səlimovun şagirdlərdən birini təhqir etməsi və buna görə qəsəbə sakinlərinin məktəbin həyətinə yığışaraq etiraz etməsi, aksiya zamanı bir nəfərin dünyasını dəyişməsi xəbəri ortalığı qarışdırdı. Çox keçməmiş daha bir məktəb haqda xoşagəlməz xəbər gündəmi zəbt etdi: Əmircan qəsəbəsindəki 154 saylı orta məktəbdə tarix müəllimi, 33 yaşlı Yaşar Quliyev 69 yaşlı müəlliməni döyərək burnunu sındırdı. Maraqlıdır, görəsən, təhsil sahəsindəki aqressiyanın və özbaşınalığın kökündə nə dayanır?

"XXI əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevə görə, orta məktəblərdə baş verən neqativ halların çoxunun kökündə direktor özbaşınalığı dayanır: "Maraqlı bir faktı deyim. Lidiya Rəsulovanın nazir işlədiyi dövrdə məktəb direktorlarının və rayon təhsil şöbələrinin təyinatında tapşırıq, qohumbazlıq və pul heç bir rol oynamırdı. Bu, Misir Mərdanov nazir təyin olunduqdan sonra başladı. Bu dövrlərdə hətta rüşvət və əxlaqsızlıq üstündə həbs olunmuş adamları rayon təhsil şöbələrinə və məktəblərə direktor təyin edirdilər. Məktəb direktorlarının çoxu keçmiş nazirlə birbaşa telefonla danışa bilirdilər. Belə olan halda onlar məktəbdə özlərini quzu kimi aparmalı idilər?"

Orta məktəblərdə hələ aşkara çıxmamış çox sayda özbaşınalıqların olduğunu deyən E.Əliyev təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün öncə təhsil mühitinin keyfiyyətini yaxşılaşdırmağın vacib olduğunu vurğuladı: "Bu gün məktəb mühitini yalnız məktəb rəhbərliyi korlayır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılmasından danışırıqsa, keyfiyyətli təhsil mühiti yaratmadan bunu etmək mümkün olmayacaq. Təhsil Nazirliyi 5 ildən çox işləmiş məktəb direktorlarının təhsil göstəricilərini və digər fəaliyyətlərini qısa bir vaxtda təhlil etməli və müvafiq qərarlar qəbul etməlidir".

Psixoloq Dəyanət Rzayev isə məktəbə işə götürülən şəxslərin bioqrafiyasının yoxlanılmasının vacib olduğunu bildirdi: "Çözüm qəddarlıq nümayiş etdirən hansısa müəllimi, şagirdi və ya direktoru qovmaqda deyil. Onlar qovulacaq, yerlərinə bir başqası gələcək. Heç kim zəmanət verə bilməz ki, ondan sonra gələn bu tip hərəkətlər etməyək. Biz bu problemin kökünü cəmiyyətdə axtarmalıyıq. Yaxın keçmişə nəzər salsaq, təhsil sahəsində bu cür neqativ halların olmadığını görərik. Direktor və müəllimlərə təlim keçmək lazımdır. Bu gün insanların aqresiyası həm təbəqələşmə, həm də digər sosial problemlərlə bağlıdır. İnsanların arasında olan dəyərlər dəyişilib. Amma bütün hallarda psixopatların təhsil sisteminə daxil olmaları yol verilməzdir. Bu gün cəmiyyətimizdə peşəsindən asılı olmayaraq çoxlu sayda psixopat var. İnsanların psixopat olmasında internetin, aqressiv filmlərin rolu var. Bunların hamısı bütövlükdə kompleks şəkildə insanın psixikasına təsir göstərir. Əvvəllər uşaqlar üçün cizgi filmləri vardı və o vaxtın ən aqressiv cizgi filmi "Nu, poqodi!" idi. Amma bu gün istər filmlərdə, istərsə də cizgi filmlərində aqressiya var. Məsələn, Sumqayıtda məktəblərin birində müəllim şagirdi o qədər qaçırmışdı ki, şagirdin ürəyi dayanıb ölmüşdü. Buna görə də direktoru və müəllimi işə təyin edəndə onun bioqrafiyasına, uşaqlığına nəzər salmaq lazımdır ki, onunla nə vaxtsa aqressiv davranıblarmı?"

D.Rzayev məktəblərdə psixoloji xidmətin istənilən səviyyədə olmadığını bildirdi. Onun sözlərinə görə, psixoloji xidmətin zəif olmasının səbəbi psixoloqa verilən az maaşdır: "Hər bir məktəbdə ən azı 4 psixoloq olmalıdır və onlara təlim keçirilməlidir. Həmin psixoloqlar öz hesabatlarını Təhsil Nazirliyinə verməlidirlər. Orta məktəblərdə baş verən neqativ hallara nəzər salsaq, bunun daha çox Azərbaycan bölməsində olduğunu görərik. Rus bölməsində aqressiya az olur. Bunun səbəbi isə rus ədəbiyyatında mərhəmətliliyin və reallığın çox olmasıdır. Azərbaycan ədəbiyyatında Nizami, Füzuli və s. kimi dahi şairlər olub. Onlar daha çox Şərqə istiqamətləndirir və məhəbbəti təcəssüm ediblər".

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.