Cəmiyyət

BP də qənaətə keçir: maaşlar donduruldu - YENİLƏNİB

27 Yanvar 2015 17:39
4 Şərh     Baxış: 9 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:39

Milli.Az bildirir ki, BP Şotlandiyanın Aberdin şəhərində artıq 300 nəfər işçisini ixtisar edib. İxtisarlar şirkətin müxtəlif ölkələrindəki bölmələrinə və törəmə şirkətlərinə, habelə affilə olunmuş strukturlara da təsir edəcək.
 

BP ixtisarlar vasitəsilə 1 milyard dollara qənaət etmək istəyir.

Financial Times bildirir ki, dünya bazarlarında xam neftin qiymətlərinin ucuzlaşması nəticəsində BP-nin ötən ilin 4-cü rübünün sonuclarına görə itkiləri təqribən 750 milyon dollar təşkil edə bilər.
 

2014-cü ilin 3-cü rübünün nəticələrinə görə, BP-nin gəlirləri 21 faiz azalaraq 3 milyard dollara düşmüşdü.

BP-də maaşlar əməliyyat xərclərinin böyük qismini təşkil edir.

Reuters bildirir ki, şirkət 83 900 əməkdaşına maaş və təqaüdlər qismində ildə təqribən 14 milyard dollar öləyir.
 

Dünya bazarlarında xam neftin ucuzlaşması nəticəsində məruz qaldığı itkilərə görə BP restrukturlaşdırma proqramını həyata keçirir. Proqrama uyğun olaraq şirkət 2016-cı ilədək 10 milyard dollarlıq aktivlərini satacaq.

---------
17:27

 

Milli.Az The Guardian-a istinadən bildirir ki, Britaniyanın BP korporasiyası dünyanın müxtəlif ölkələrindəki 84 min əməkdaşının maaşlarının artımını dayandırıb. Bunun səbəbi dünya bazarlarında xam neftin qiymətlərinin kəskin ucuzlaşmasıdır.
 

BP-nin rəhbəri Robert Dadli şirkətin bütün əməkdaşlarına xidməti məktub yollayaraq "çətin fəaliyyət şərtləri"nə görə maaşların ötənilki səviyyədə saxlanılacağını bildirib.
 

Robert Dadlinin özünün maaşı isə 2,8 faiz artırılaraq 1,8 milyon dollar olub.

"Shell", "Premier Oil", "Statoil" korporasiyaları da xərcləri azaltmağa başlayıblar. Bu şirkətlər bir sıra layihələrinin icrasını dayandırıblar, podratçıların xidmətlərinə ayrılan pulları azaldıblar.

---------

16:41

"BP-Azərbaycan" şirkətində bəzi ixtisarlar aparılıb

Trend-in sorğusuna cavab olaraq "BP-Azərbaycan"ın mətbuat xidmətindən bildiriblər ki, BP-nin Azərbaycanda icraçısı olduğu layihələr uzunmüddətli və çox əhəmiyyətli layihələrdir. BP bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək.
 

Qeyd olunub ki, bu layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək: "Bununla belə, aydındır ki, indiki mühitdə biz rəqabət qabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara baxırıq, o cümlədən lazımsız mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarına baxırıq. Bu imkanlar, əsasən, əməliyyat proseslərimizin, təchizat fəaliyyətlərimizin və təşkilatımızın daha sadə və səmərəli olması istiqamətlərindədir. Təbii ki, bunlar biznes fəaliyyətinin tələblərinə uyğundur və bizim daha rəqabət qabiliyyətli olmağımızı təmin edəcək. Bununla belə, əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq. Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu, bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla yanaşı, həm də daha quclü və daha rəqabətqabiliyyətli olaq.

Bu tədbirlərin bir hissəsi olaraq biz təşkilatımızın quruluşunu nəzərdən keçirmişik və biznesimizin məzmununa uyğun olaraq təşkilatımızın yeni quruluşu daha yığcamdır. Bunun nəticəsi olaraq bəzi vəzifələr ixtisara salınıb. Bu, həm yerli, həm də xarici vətəndaşların tutduğu vəzifələrə aiddir. Onu da bildirmək istərdik ki, bununla bağlı olan qərarlar şirkətin Davranış Kodeksi və Dəyərləri, həmçinin ölkənin müvafiq qanunvericiliyinə uyğun şəkildə qəbul edilir".

Məlumatda bildirilir ki, "BP-Azərbaycan"da 105 yerli, 150 xarici işçi ixtisar edilib.


---------
15:32

BP-Azerbaijan şirkətində kütləvi ixtisarlar başlayb. Milli.Az xəbər verir ki, bu barədə haqqın.az-a işdən azad olunmuş işçilərdən biri məlumat verib.

Onun sözlərinə görə, işsiz qalanların sayı yüzlərlə ölçülür.

Şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumatı nə təsdiq, nə də ki, təkzib edib. O, yaxın saatlarda şirkətin bəyanat yayacağını bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.