Cəmiyyət

Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 19 min km-dən çoxdur

26 Yanvar 2015 19:16
0 Şərh     Baxış: 1 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 19 002 kilometr təşkil edir"

Trend-in məlumatına görə, bunu "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov "Yol infrastrukturu, tikintisi və yenidən qurulmasında yeni texnologiyaların və innovasiyaların tətbiqi" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda son 11 il ərzində çoxlu sayda irihəcmli yol, körpü, qovşaq və digər bu kimi layihələr həyata keçirilib. Tikilən və yenidən qurulan yollar əsasən beynəlxalq marşrutların tərkibi olan yollardır və bu gün ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin böyük hissəsi artıq müasir standartlara cavab verir: "Ümumiyyətlə, Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 19 002 kilometr təşkil edir. Onun 4 645 kilometri respublika əhəmiyyətli, 14 357 kilometri yerli əhəmiyyətlidir. Bu yollarda ümumi sayı 1463-ə yaxın 50 652 poqon metr uzunluğunda körpülər var".

C.Qurbanov qeyd edib ki, möhtərəm Prezidentimiz tərəfindən aparılan islahatlar iqtisadiyyatın bütün sahələrini əhatə edir: "Bu islahatalar çərçivəsində yol infrastrukturunun təkmilləşdirilməsinə də ölkə rəhbəri tərəfindən xüsusi diqqət göstərilir. Sözügedən layihələrin icrasına həm dövlət tərəfindən vəsait ayrılır, eyni zamanda, beynəlxalq maliyyə qurumlarından əldə edilən kreditlər də yol layihələrinin yerinə yetirilməsinə yönəldilir. Azərbaycan hökuməti tərəfindən yol infrastrukturu kompleksinə xüsusi diqqət ayrılmaqda əsas məqsəd günbəgün həcmi artan beynəlxalq yükdaşımaların tələblərinə cavab vermək, nəqliyyatda təhlükəsizliyi təmin etmək və s.dən ibarətdir".

O vurğulayıb ki, yol layihələrinin icrası külli miqdarda vəsait tələb edir və onların davamlılığını və uzunömürlülüyünü artırmaq üçün tikinti işləri zamanı ən son tikinti texnologiyalarından istifadə edilməlidir: "Bu sahədə əsas tətbiq edilən texnologiyalar - magistrallarda və şəhər avtomobil yolları, prospekt və küçələrdə qırmadaşlı-mastikalı və polimer-bitum yapışdırıcılı asfalt-beton qarışığından istifadə olunması, asfalt-beton örtüklərin tikintisi vaxtı sürüşməyə qarşı davamlılığını və çatların əmələ gəlməsinin qarşısını almaq məqsədilə asfalt-betonun alt layı üzərinə xüsusi geotorların çəkilməsi texnologiyası, magistral yolların yaşayış məntəqələrindən keçən hissələrində səsdən mühafizə məqsədi ilə xüsusi çəpərlərin tikintisi, yol ötürücülərinin və körpülərin tikintisində asma konstruksiyalardan istifadə edilməsi, magistral avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətinin, sürət rejiminin tənzimlənməsi məqsədi ilə intellektual idarəetmə sisteminin tədbiqi və s."

ASC sədri bildirib ki, bu texnologiyalardan artıq Azərbaycanda yol-tikinti obyektlərində istifadə olunur ki, bu da yol və yol qurğuların uzunömürlülüyünün artmasında müstəsna əhəmiyyət kəsb edir: "Lakin Avropanın və dünyanın bir sıra inkişaf etmiş ölkələrində günbəgün yeni-yeni ixtiralar edilir, həmçinin yol tikintisində mühüm rol oynayan bir sıra komponentlər, yol elementləri və materialların keyfiyyətinin artılması üçün tədqiqatlar aparılır, kəşflər edilir. Təbii ki, yolların və onu təşkil edən komponentlərin davamlılığının artırılması və gücləndirilməsi üçün tətbiq edilən ən son texnologiyaların ölkəmizə gətirilməsi də bizim üçün prioritet məsələlərdəndir".

C.Qurbanov xatırladıb ki, 2015-ci ilin iyun ayında Azərbaycanda I Avropa Oyunlarına start veriləcək: "Bu bizim üçün fərəhləndirici hal olmaqla bərabər, belə bir mötəbər tədbirin uğurla keçirilməsi hazırda ölkəmiz üçün ən vacib məsələlərdən biridir. Olimpiya Oyunları üzrə Təşkilat Komitəsi tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Oyunların keçiriləcəyi ərazilərə gedən yolların yenidən qurulması, yeni bağlantıların və qovşaqların inşası ilə bağlı hazırda təşkilatımız tərəfindən sürətli tikinti işləri aparılır və burada da yeni texnologiyaların nailiyyətlərindən podrat şirkətləri tərəfindən istifadə edilir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.