Cəmiyyət

"Əti axırıncı dəfə Qurban bayramında yemişik..."

25 Yanvar 2015 23:48
14 Şərh     Baxış: 8 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kasıb, olduqca kasıb, yarıqaranlıq, soyuq otağa sığınan 9 nəfər... Bu 9 nəfərdən də 5-i ruhi xəstə... Bu xəstələrin qarşısında uzun illərdir tab gətirən 65 yaşlı Teybə xala...

Hövsanda Baxça küçəsindəki bu köhnə, rəngi çoxdan getmiş qapını çoxu tanıyır. Hamı bu ailənin vəziyyətinə acıyır. Ən böyük acını isə ailədə az çox yaddaşı, ağlı başında olan Teybə xala çəkir. Bir tərəfi səfalət, bir tərəfi ruhi xəstələr...

"Bir tərəfimə baxıram aclıq, səfalət, bir tərəfimə baxıram - 5 ruhi xəstə... Çox çətindir..." - deyə Teybə xala dərdini virtualaz.org saytının müxbirləri ilə paylaşır.

Düz 22 yaşından özünü bu ailəyə bağlayıb. Anadangəlmə ruhi xəstəlikdən əziyyət çəkən ərinə, ərinin ilk arvaddan olan, bir də sonradan özünün doğduğu xəstə övladlarına qulluq edir.

Özünü dinləyək: "Bax qızım, bu oğlumun 40-a yaxın yaşı var, psixi xəstədir, I qrup əlildir. Bu qızım da psixi xəstədir, II qrup əlildir. Ərim, o biri oğlum da eyni vəziyyətdə... Heç bunların da başı yerində deyil (otağın küncündəki sobaya söykənmiş 30-35 yaşlı qadınları göstərir). Bir sözlə, qızım, saçımı bu xəstələrlə ağartmışam, gəncliyim, ömrüm-günüm bunlarla keçib..."

Teybə xala xəstə ərinin və övladlarının ac qalmaması üçün bu günədək boğazacan borca girib. Ailəyə gələn gəlir isə yalnız əlillərin pensiyasıdır - Fərzəlinin 126, Günelin 50, ata ilə ananın ümumilikdə 340 manat pensiyası. Fərzəlinin pensiyasının tam yarısı pampersinə, yarısı da dərmanlarına xərclənir.

Hərçənd ana deyir indi heç dərman da xəstə oğlunun karına gəlmir: "Tutması tutanda vurub dağıdır aləmi. Gah soyuducunu təpikləyir, gah şüşələri qırır. Bax, qapının şüşəsini bir ildən çoxdur qırıb töküb. Düzəldənimiz yoxdur. Bunu xəstəyə necə başa salasan?!"

Teybə xala ailəni ayaqda saxlamaq üçün bütün gəncliyini gah fermada işləyib, gah evlərdə qulluqçuluq edib. Həyət-bacada göy-göyərti əkib satıb. İndi nə yaş o yaş deyil, nə də əkməyə həyətyanı sahə qalmayıb.

Teybə xala dərdini danışmaqda davam edir: "Həyət-bacanı əlimizdən almaq istəyirdilər. Baxdım ki, ölüb gedəcəyəm, uşaqlarım da psixi xəstə. Xəstəliklərindən istifadə edib həyət-bacanı əllərindən alacaqlar. Dedim elə ona-buna qalınca satım uşaqlarıma çörəkpulu edim. Çarəsiz, ac qaldığımız vaxtlarda dəyər-dəyməzinə satdım, yedirtdim balalarıma. İndi göyərti əkməyə yerim də yoxdur ki, çıxardım bazara, satım, bunları dolandırım".

Qəsəbədəki məscid ailəyə bir dəfə yardım edib. Teybə xala ən ağır günlərdə onlara əl tutmuş Hacı Akif adlı birisindən razılıq edir: "O kişi bizə çox köməklik edib ac vaxtlarımızda... İndi onin da əvvəlki imkanları yoxdur, özü də xəstədir... Qonşular arada bişirdiklərindən gətirirlər (əlini masanın üstündə içərisində bir neçə tikə olan nəlbəkiyə uzadır-müəl.) qapıdan verirlər, gedirlər".

Masanın üstündə 2-3 qaynadılmış kartof, parçalanmış soğan, bir neçə tikə çörək diqqəti çəkir.

Teybə xala deyir, uzun müddətdir ki, çullarını sudan soyutma kartofla çıxarırlar: "Evimizdə əti axırıncı dəfə Qurban bayramında dadmışdıq. O gün pensiyamı aldım, ürəyim dözmədi, 2 kilo ət aldım. Bu isə o deməkdir ki, bu ay işıqpulunu ödəyə bilməyəcəyik. Elə işığa onsuz da 1000 manatacan borcumuz var. Gəlib kəsiblər, ordan-burdan calamışıq ki, zülmətdə qalmayaq".

Ailədə iki azyaşlı qız böyüyür. Biri 4, biri 5 yaşında... Doğulanda ataları heç soyadını da onlara verməyib. Heç doğum haqqında şəhadətnamələri də yoxdur. Teybə xala nəvələrinə sənəd əldə etmək üçün qapılar döysə də deyiblər ki, pulsuz başa gələn iş deyil...

Hövsanda borc içində boğulan, ac, əksəriyyəti ağır xəstələrdən ibarət Hacıyevlər ailəsinin yardıma ehtiyacı var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.