Cəmiyyət

Antropologiya

26 Yanvar 2015 00:40
9 Şərh     Baxış: 4 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ölkədə hərə özünə görə Vüqar Bayramov olub... Tarif Şurası əhali ilə zarafatlaşmağa cəhd etdi. Nəticədə hamı rəy verməyə, iqtisadi münasibət bildirməyə, dünya iqtisadiyyatı haqda şərh yürütməyə başladı. Alatoranlıqda məlum oldu ki, benzinin qiymətinin qalxması zarafat imiş. Tarif Şurası qiymətləri yox, zarafat üçün yanvarla apreli səhv salıb. İqtisadi şərhçilərin hikkəsi, əhalinin iki qəpiyi də özünə qaldı. Sosial şəbəkələrdə qeybət üçün bir "tema" da belə öldü.

Bütün mövzular gözümüzə qeybət formasında görünür. Sosial şəbəkə isə ölkənin ən böyük qeybətxanasına çevrilib. Gün ərzində sosial şəbəkədə hamını danlayanlar, şillə-təpik altına salanlar hər şeyin yolunu bilib nəticədə heç nə bacarmayan impotent kimi enerji vampirləridir. Sosial şəbəkə son illərdə məni ən çox vahimələndirən hadisədir. Çünki o qədər xoşbəxtlik və seks defisiti yaşayan əhalini eyni vaxtda bir arada görmək dəhşətlidir. Nəzərə alanda ki, rəhmətlik "feysbuk" hesabımdakı dost siyahımda daha çox media adamları idi, qeybətin ən zövqsüz variantını görmək cana yığmışdı. Həqiqətən də media adamları yaxşı qeybət etməyi bacarmırlar. Bu bir növ ginekoloq kişinin cinsi həyatına bənzəyir. Hər gün evə gündə yüz dəfə gördüyünü qeyri-adi formada görəcəyi ümidi ilə gələn ginekoloq kimi jurnalistlərlə qeybətin dadı-duzu yoxdur.

Haqsızlıq etmək istəmirəm. Vətənimizdə yeganə zədəli qisim media adamları deyil. Vətəndaşda ən çox çatışmayan nəsnə yumor hissi, duz və xoşbəxtlik enerjisidir. Hamı hər şeydən narazıdır. Narazılığı konkretləşdirəndə, ad çəkməyə gələndə hamının hünəri iki-üç televiziya aparıcısına və yoluq müğənnilərə çatır. Bu, təkcə sosial şəbəkədə, sadə adamların imzası altında baş vermir. Düşünün ki, yekə-yekə xalalar, əmilər proqram hazırlayırlar. Həmin proqram arasında iyirmiyə yaxın şirkətin reklamı efirə buraxılır. Reklam bazarı, biznes-sektor, televiziya rəhbərliyi kef edir. Proqramda isə iki-üç çiçəyi burnunda, hələ yaxşı ətə-qana gəlməmiş müğənnini yanlayan müxbir radioaktivliyin artması və nüvənin parçalanması prosesinin izahını soruşur. Toydan 5 dəqiqə əvvəl çıxmış müğənni əlinin arxası ilə alnını silə-silə kameraya baxır. And-aman edir ki, bu məsələdə günahsızdır.

Belə debilizm sərgiləmək, müğənnidən eynşteynlik tələb etmək hələ də ölməyib. "Müğənni himnin bəstəkarını tanımadı", "Filan müğənni vurma cədvəlini bilmədi" düşüklüyü illər keçsə də dəbdən düşmür. Ən ağırı isə odur ki, bir nəfər ürəkli manıs çıxıb demir ki, ay dadaş, get, tullan. Savadsızamsa, məndən niyə müsahibə alırsan? Və ya hansı toya neçəyə getməyimdən sənə nə? Axı mən sən müxbirdən soruşmuram ki, 500 manat maaşa görə niyə gündə üç dəfə üzünə tüpürən redaktora, montajora dözürsən? Və ya nə vaxtsa özündə kişilik, cəsarət görmüsənmi ki, İlhamə Quliyevanın gözünün ətrafındakı qaranquşları görüb geyşa hesab edən Yaponiya səfirliyi işçisi ilə məzələnəsən?

Hamı bir-birində eyib, biabırçı bir şey axtarır ki, onu gündəmə daşısın, bəzəsin. Bütün bunlar səbəbsiz deyil. Belə adamların həyatı bozdur. Şəxsi həyatları yox səviyyəsindədir. Yataq otaqları ancaq yatmaq üçündür. Başqası haqda danışmaq, öz aləmində məzələnmək onu real bədbəxtliyindən müəyyən qədər uzaqlaşdırır. Mənfi enerjisini ilan zəhəri kimi axıdıb dincəlir.

Yarımız kin-küdurətlə dolub. Yarımız isə xroniki yaltaqlıqdan əziyyət çəkir.

Hər dəfə "istedadlı xalqıq" deyən adamları tutub gözünün içinə baxmaq istəyirəm. Atam balası, xalqın nümayəndəsi - sən, nədə istedadlısan? İnsan nə qədər qeyri-məlum obyektə - xalqa yaltaqlanar? Madam ki, bu işi belə gözəl bacarırsan, konkretləşdir, sonra yaltaqlan. Barı nəticəsini görəsən.

Səhər saatlarında yuxudan oyanmaq üçün şok terapiyası yerinə yerli televiziyanı açırsan. Əzilib-büzülməkdən oriyental rəqqasəyə dönən aparıcı oğlan bir dəstə orta məktəb şagirdini və bir müəllimi efirinə dəvət edib. Yeddinci sinif şagirdi üzünü aparıcıya tutub deyir ki, filan kitabı oxumağıma səbəb Südabə müəllimdir. Kitabı oxuduqdan sonra həyatımda xeyli dəyişiklik hiss etdim. Xoşbəxt oldum. Qeyd edim ki, adıçəkilən kitabın müəllifinin övladı yüksək vəzifədədir. Məktəb müəllimi isə ümidli gözlərlə kameraya baxır. Bütün varlığı ilə inanır ki, müəllifin övladı hazırda ekran qarşısında əyləşib müəllimin hazırladığı sabun köpüyündə üzür. Beləliklə, nə vaxtsa "əməkdar müəllim" adı almaq ehtimalı var.

Səhər saat səkkiz, tətil deyil, yeddinci sinif şagirdi və müəllimi niyə efirdə sabunu şampuna calamağa vaxt tapmalıdırlar? Bu yaltaqlıq yeddinci sinif şagirdinə nə verə bilər? Təbii ki, o, nə etdiyinin fərqində deyil. Bu yaltaqlığı heç kim istəməyib, heç kim təşkil etməyib. Səmimi yaltaqlıqdır. İçdən gəlir, şəffaf və dönməzdir. Mənə isə bir kitabın orta məktəb şagirdinin həyatında edə biləcəyi dəyişiklik maraqlıdır.

Yəqin ki, başlıqda erotika, damarına toxunan bir şey görmədiyin üçün yazını oxumayacaqsan. Hər şeyi sənin əxlaqına buraxıram.

Günay Arda

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.