Cəmiyyət

Xəzər kiçilir

15 Yanvar 2015 10:01
0 Şərh     Baxış: 1 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xəzər dənizi qapalı hövzə olduğundan burada periodik olaraq səviyyə dəyişmələri baş verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildirilib ki, dəniz səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab edilir. Belə ki, Xəzər dənizinin su balansının gəlir hissəsinin təqribən 80 faizini təşkil edən Volqa, Ural, Samur, Kür, Terek, Səfidrud və digər çayların hövzələrində baş verən iqlim tərəddüdləri burada suyun səviyyəsinin artıb-azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

Azərbaycanda dəniz səviyyəsi üzərində müşahidələrə XIX əsrin birinci yarısında (Bakı məntəqəsi - 1830-cu il) başlanılıb. Hazırda Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində (sahildə, açıq dənizdə, adalar və estakadalarda) Nazirliyin Milli Hidrometeorologiya Departamentinin 13 hidrometeoroloji müşahidə məntəqəsi fəaliyyət göstərir ki, bunların 7-sində dəniz səviyyəsi üzərində müşahidələr aparılır.

Qeyd edək ki, ötən əsrin ikinci yarısında Xəzər dənizində müşahidə olunmuş səviyyə tərəddüdləri müvəqqəti xarakter daşıyıb. Belə ki, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə, Baltik sistemi ilə -29 metrə qədər azalıb, sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövr ərzində (1977-1995) 2,5 metr artaraq -26,5 metrə çatıb. 1995-ci ildən isə dənizin səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb.

Dəniz səviyyəsinin illər üzrə dəyişmə dinamikası


("Neft Daşları" İxtisaslaşdırılmış Dəniz Hidrometeorologiya Stansiyası)

Təkcə son 7 il ərzində Xəzər dənizinin səviyyəsi 0,56 metr azalıb və 2014-cü il üçün dəniz səviyyəsinin orta illik qiyməti Baltik sistemi ilə -27,43 metr olub.

Çoxillik səviyyə tərəddüdlərindən başqa, dəniz səviyyəsinin fəsillərin dəyişməsi ilə xarakterizə olunan ildaxili tərəddüdləri də müşahidə olunur ki, bu da ilin isti aylarında çayların sululuğunun artması hesabına dəniz səviyyənin qalxması, qış aylarında isə əksinə, enməsi ilə özünü göstərir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.