Cəmiyyət

Sual ver, lənət qazan!

14 Aprel 2015 23:40
0 Şərh     Baxış: 1 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nəzəriyyə ilə praktikanın üst-üstə düşməməsi xoşagələn hal deyil. Xüsusən də İslamı təbliğ edənlərin davranışlarında. Məsələn, biri çıxıb minbərə elə hey gecə namazlarının fəzilətindən dəm vurub özü gündəlik namazlarını qəzaya verirsə, o zaman onun moizəsinin təsiri sıfıra bərabər olacaq. Bəlkə daha da pis, din haqqında fərdlər əsasında fikir yürüdən bəzi insanları ümumiyyətlə dindən uzaqlaşdıracaq. Həmçinin daim Peyğəmbərin (s) dözümlüyündən, həlimliyindən, xoş rəftarından danışaraq ətrafdakıları buna dəvət edən birisinin nəzəriyyəni praktikada reallaşdıra bilməməsi ancaq təəssüf doğurur.

Həzrət Məhəmməddən (ə) belə bir hədis var: "Elm xəzinə, onun açarları isə suallardır. Allah sizə rəhm eləsin, soruşun, çünki bu işdə dörd nəfər savab qazanar: soruşan, cavab verən, qulaq asan və onları sevən." Amma bəzən sualı səsləndirmək kifayət edir ki, "elm" sahibləri, "irfan əhli", "böyük hacılar" səni "top atəşinə" tutsunlar: "Axı sən nə cürətlə bu sualı verirsən?" Bu zaman nədənsə unudulur ki, bir zamanlar Həzrət İbrahim (ə) kimi fövqəl bəşər hətta Allaha da sual ünvanlamışdı, məad mövzusunda bir təsbit istəmişdi. Yaradanımız da ona nə acıqlandı, nə də onu kafirlikdə ittiham etdi. Əksinə, əyani surətdə bu sualı cavablandırdı. Yəni nəzəriiyə praktika ilə təsdiqini tapdı.

Çox təəssüf ki, bu gün dini cameədə əks mənzərəyə şahidlik edirik. Allahın etdiyini "alimlərimiz" özlərinə yaraşdırmırlar. Yetər ki, bir nəfər sosial şəbəkədəmi, saytların birindəmi sırf öyrənmək məqsədi ilə sual versin və ya ənənəvi suala ənənəvi olmayan cavabını səsləndirsin. Vəssalam. Aləm dəyir bir-birinə. Bu günə qədər "ağır", "aram", "islami" müzakirə tərəfdarları bir anın içində səfərbər olub başlayırlar "Səlib yürüşünə": "Adə qoymayın, din əldən gedir! Bir, iki, üç! Başladıq e!" Ayələr də unudulur, hədislər də, danışdıqları sözlər də, qardaşlıq bağları da. Kənardan baxanlar da... Gülənləri də var ("busunuz da!"), üz döndərib başqa səmtə gedənləri də ("Bu əxlaqda Allah adamları ola bilməz! Başqalarını axtaraq"), için-için yanıb səsini çıxarmayanlar da ("nə deyim e? Məni də qatsınlar ona" ya da "səsimi çıxaran kimi ağzımdan vuracaqlar ki, onlar alomdilər, sən kimsən?").

Kim uddu, kim uduzdu? Dəqiq budur ki, biz udmadıq, amma uduzan bizik. Axı niyə bu qədər dözümsüzük? Yəni o qədər bəsirətliyik ki, kiminsə sualının, şərhinin Şeytanın göstərişi ilə meydana gəldiyini, düşməndən muzd aldığını iddia edirik? Bəlkə o insan biz düşünmədiyimizi, üzərindən ötüb keçdiyimizi kor-koranə qəbul etmir? Bəlkə o dost qəbul etdiklərimizdən bizə daha çox dostdur? Bəlkə nəhayət praktikanı nəzəriyyəyə uyğunlaşdırmaq zamanı çatıb?

P.S. Deyirəm, bir sual da mən verim e! Bu yaxınlarda bir minbər sahibi odlu-alovlu moizə edirdi. Dedi ki, "xanım Fatimə (ə) evdən çıxanda üst-üstə 7 çadra geyinirdi". Bunu da aksiom kimi qəbul edib başladı müasir qadınları haqqa çağırmağa...Bu iddianı əvvəl də minbərlərdən eşitmişdim. İndi beynimdə bir sual fırlanır: "Əcəba, bu 7 çadra söhbətini edənlər bir müddət sonra da Xanımın cehizi haqqında, toy günü verdiyi sədəqə haqqında danışanda sözlərində bir uyğunsuzluq onları narahat etmirmi?" Yəqin ki, etmir. Amma bu sual məni narahat edir. Axı onlar elə həmin minbərdən başqa bir söhbətlərində deyirlər ki, Xanım vəfat edəndə cəmi 1 çadrası qal...Yox e, fikrimdən daşındım. Bu sualı verməyəcəm. Elə bilin ki, heç oxumadınız. "Niyə"sini artıq izah etdim.

islam.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.