Cəmiyyət

Bacısı zorlanan kişinin cənnətə inamı

29 Dekabr 2014 00:35
7 Şərh     Baxış: 8 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Görmə qabiliyyətim getdikcə daha çox zəifləyir. Gözlüyün köməyi olmadan uzaq məsafələri görə bilmirəm. Ancaq gözlükdən imtina etmişəm. Ona görə yox ki, hansısa kompleksim var. Sadəcə, belə daha rahatdır. Bəzən görməmək, zəif görmək daha sərfəlidir, rahatdır. Gözlükdə olanda yaşadığım şəhərin çirkliliyini, toz-torpağını, gündə yüz dəfə gördüyüm adamların, əslində, mən düşündüyüm qədər də gözəl olmadıqlarını görürəm. Bu elə bir növ hələ heç kimin görmədiyi çəhrayı gözlüyə bənzəyir. Taxırsan gözünə, türkün məsəli, heç nəyi "tak"mırsan. Adamların əsl üzünü, çirkinliyini görmək axı nəyinizə gərəkdir? Bu, sizə ağrıdan başqa nə verə bilər? Özünü aldatmaq da hesab edə bilərsiniz. Ancaq hər çirkini bir az gözəl görmək heç kimə zərər vermir.

Sovet yeniyetmələrinin sevimlisi olan "Səma qaranquşu" filminin baş qəhrəmanı, Odri Hepbernin bənzəri İya Ninidze öz həyatı haqqında danışır: "Gürcüstanda vətəndaş müharibəsi gedirdi. Həyat yoldaşım pul qazanmaq adı ilə bizi tərk edib Amerikaya getmişdi. İki azyaşlı övladımla bomboş bir otağa sığınmışdıq. Nəinki yemək, hətta təmiz içməli su belə tapmaq çətinləşirdi. Kartofdan başqa dünyada hansısa qida məhsulunun olduğunu unutmağa başlamışdıq. Hamı bir-biri kimi idi. Binanın girişində ocaq qalayır, bazarda tör-töküntü kartofları bişirib uşaqlara yedirirdim. Ağır, soyuq, ac-susuz payız axşamı idi. Həmişəki kimi tavandan uşaqların üstünə yağış düşməsin deyə onları selofana büküb yerlərinə yatırmışdım. Özümü yuxululuğa vurur, uşaqların yatmağını istəyirdim. Çox keçmədi ki, altı yaşlı Nino səkkiz yaşlı Georgini səslədi:

"Mən acmışam. Çox acmışam. Yata bilmirəm".

"Nino, yat. Yatanda aclıq keçir".

İya deyir ki, o anda özümü yaşadığımız yox, üçlükdə aclıqdan ölümü gözlədiyimiz evin pəncərəsindən atmaq istədim. Ancaq Georgidən utandım. O, səkkiz yaşında yatınca hər şeyin, hətta aclığın da keçdiyinə inanırdı".

İyirmi il əvvəl ölmüş əri haqqında hələ də indiki zamanda danışan qadınlar tanıyıram. Sanki, ölməyib. Ancaq şəkilçini keçmiş zamanda desə, öləcək. "İndiki zaman" şəkilçisi ilə ölən qayıtmasa da, hərdən ölməmiş hesab edilir. Bir şəkilçi ilə ərini geri qaytarır.

"Ağdamın filan kəndi işğaldan azad olundu" xəbərlərinə biz hamımız inanırdıq, inanmaq istəyirdik. Xəbərlərin yalan olduğundan adımız kimi əmin olsaq da, inanırdıq.

Uşağa, böyüyə görülməyən iş, tutulmayacaq söz üçün "sabah"a söz verin. İnanacaqlar. Olmayacağını bilə-bilə inanacaqlar. "Sabah"dan çox heç nəyimiz yoxdur. "Sabah"lara ancaq yaşlılar inanmaz.

Şərq həmişəki kimi alışıb yanır. Vəziyyət o qədər ağırdır ki, xristian "Euronews" xəbər spikeri Şərq ölkələrindəki vəziyyəti tamaşaçıya çatdırdıqdan sonra xəbərlərin ağırlığına, vəhşətə görə üzr istəyir. Müsəlman isə ümidlidir. Hər gün qarışqa kimi tapdanmağına, yarpaq kimi başı üzülməyinə, yandırılmağına, bombalanmağına rəğmən cənnətə inanır. İçməyə suyu olmayan səhra adamı süd çaylarına inanır.

Anası-bacısı gözü önündə zorlanır, o isə nar məməli qızlarla bül-bül cəh-cəhi altında cənnətdə kef edəcəyinə inanır. İnanır.

Türk erkəyi on bir ildir ki, kişilər üçün nəzərdə tutulmuş cizgi filminə baxır. On bir ildir, özünü inandırıb ki, boyu 1 metr 50 sm olan Polad Ələmdar dünyanı idarə edir. Suya girir saçının teli islanmır, əlli kişini maqazini səkkiz güllə tutan tapança ilə al-qana bulayır. Tamaşaçının özü də yaxşı bilir ki, artıq dünya xəritəsini qarşısına qoyub "Hamısı mənimdir!" deyən kişilər çoxdan Şərqdən inciyib gedib.

Vəziyyət qəlizdir. O qədər qəlizdir ki, artıq bir milyon spermatazoiddən yeganə uğurlu dənəcik olmağımız bizi sevindirir.

Mən hələ də Şaxta babaya inanıram. Onun mənə gətirəcəyi hədiyyəni bir ay əvvəldən alıb paketləmişəm. Santa Klaus bir də bizə gəlməz...

Günay Arda

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.