Cəmiyyət

Sakinlər ağacların kəsildiyini, rəis isə parkın təmir olunduğunu deyir - FOTO

21 Dekabr 2014 16:44
1 Şərh     Baxış: 1 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bilmirik bu, nə məsələdir. Ancaq parkın hər tərəfini hasara alıb, ağacları kəsirlər".

Bu sözləri musavat.com-un redaksiyasına şikayət məktubu ünvanlayan Binəqədi rayon sakinləri deyiblər.

Sakinlərin sözlərinə görə, Ayna Sultanovanın heykəlinin arxasındakı parkın ərazisində ağaclar naməlum şəxslər tərəfindən kəsilib: "Ayın 16-dan söküb, dağıtmağa başlayıblar. Ağacları kəsib, harasa aparırlar. Bilmirik ki, bunu kim və nə məqsədlə edir. Əgər təmir edirlərsə, ağaclarımızı niyə kəsirlər?"

Bu şikayət əsasında adıçəkilən əraziyə yollandıq. Parkın hər tərəfi hasara alınaraq, təmir işləri aparılırdı. Təmir işləri aparan işçilərin rəisi ilə danışdıq.

Onun sözlərinə görə, ərazidə heç bir ağac kəsilməyib: "Sakinlər, yəqin ki, məlumatsızdırlar. Çünki Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilən göstəriş əsasında, uzun zamandır ki, bərbad halda olan Ayna Sultanova parkını təmir edirik. Biz parkda təmir və yenidənqurma işləri aparırıq. Burada heç bir ağac kəsilməyib. Əksinə, parkda yeni ağaclar əkiləcək, dekorativ güllər gətiriləcək. Sakinlər çürümüş ağacların kəsilməsini görüb, yanlış anlayıblar. Biz sadəcə, yaşlı ağacların qurumuş budaqlarını kəsmişik ki, ağaca ziyan dəyməsin və gələcəkdə çürüyərək, kiminsə üzərinə düşməsin.

Bundan əlavə, yerə döşənmiş olan köhnə və artıq istismar müddətini başa vurmuş tametlər qoparılır. Onların yerinə ən müasir standartlara cavab verən yeni tametlər döşənəcək. Köhnə skamyaları yeniləri ilə əvəz edəcəyik. Fontan da sökülür. Daha müasir fontan quraşdıracağıq. Bir sözlə, burada yeni park salınır. May ayına qədər parkın təmiri başa çatacaq. Və sakinlər daha yaxşı parkda istirahət edəcəklər".

Parkdan uzaqlaşaraq, ərazidə yaşayan bir neçə rayon sakini ilə söhbətləşdik: "Mən qoca kişiyəm. Arada nəvələrimlə bu parkda istirahət etmək istəyirəm. Əvvəllər skamyalarda oturmaq olmurdu. Çünki yararsız hala düşmüşdü. İndi yeni park tikirlər. Əgər hasarlara vurduqları şəkildə olduğu kimi park düzəltsələr, əla olar. Mən də nəvələrimlə birlikdə rahat dincələrəm".

Parkın yaxınlığında yaşadığını deyən Ramil Əsədov bildirdi ki, park təmir edilərkən məsuliyyətsizlik ucbatından bəzi ağaclar kəsilib: "Təmir işləri yaxşıdır. Amma işlərinin ustası deyillər. Təkcə burada yox, ümumiyyətlə, köhnə parkların təmiri zamanı bir çox ağaclar məhv edilir. İşlərinə məsuliyyətsiz yanaşırlar. Düzdür, elə olur ki, ağacın olduğu yer yeni parkın dizayn formasına uyğun gəlmir. Bu zaman ağacı kökündən çıxarıb, yerini dəyişmək lazımdır. Amma buna çox vaxt əməl etmirlər. Rahat üsula əl atırlar. Ağacı kəsib, aparırlar. Bu parkda da bir neçə ağacı o cür kəsdilər. Amma yaxşı ki, qalanlarına dəyməyiblər. Ümid edirəm ki, işlərinə məsuliyyətli yanaşacaqlar və bizim də normal dincəlmək üçün parkımız olacaq".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.