Cəmiyyət

Anasını itirən deputat: "Onun etdiklərinin qarşısında heç nə edə bilmədim"

21 Dekabr 2014 13:07
0 Şərh     Baxış: 2 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın tanınmış şairəsi Nurəngiz Gün 76 yaşında vəfat edib. 1938-ci ildə Bakı şəhərində anadan olan Nurəngiz Gün orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsilini davam etdirib. Şairənin qızı millət vəkili Jalə Əliyeva APA TV-yə bildirib ki, mərhumla vida mərasimi dekabrın 21-də baş tutacaq. Nurəngiz Günlə vida mərasiminə isə mərhumun yaxınları, dostları və onu sevənlər gəlmişdi. Nurəngiz Nurun sözlərinə bəstələnmiş mahnıların ifaçılarından Aybəniz Haşımova bu itkini çox ağır olduğunu deyib:
 

"Nurəngiz xanımın yeri hər zaman ürəyimizdə olacaq. Elə insanlar var ki, o insanlar varlığı ilə əbədi bir iz qoyub gedir. Nurəngiz xanım o insanlardan idi. Bu gün həyatdan bir ana köçüb. Hələlik o, qonaqdır. Sonra bu həyatdan əbədi ayrılacaq".

"Mən anamla nəfəs alırdım, o, mənim üçün əvəzsiz idi. Mən onun həyatda olmamasını, qızım deyərək başımı sığallamayacağını təsəvvür edə bilmirəm", - deyən yeganə övladı Jalə Əliyeva anasının həm xəstəliyi, həm də son arzusu qarşısında gücsüz olduğunu söyləyir:

"Nurəngiz xanımın 65 illik yubileyində demişdim ki, anamla mənim daha çox bir yerdə olmağım, onun nəfəs almasını daha çox görməyim üçün Tanrıya gecə-gündüz dua edirəm. Düz 11 il əvvəl bu duanı etdim. Çox təəssüf ki, onu itirdim. Mən onun həyatda qalması üçün heç nə edə bilmədim. Onun üşüməsinin qarşısını almaq, onu isitmək, xəstəliyi, son arzusu qarşısında gücsüz oldum. Mənə deyirlər ki, sən bacardığın hər şeyi etdin. Mən bununla razı deyiləm. Mən onun etdiklərinin qarşısında heç nə edə bilmədim".

Şerlərində "mən şöhrət adamı deyiləm" deyən Nurəngiz xanımı şöhrət özü gəlib tapmışdı. Prezident İlham Əliyev 2006-cı ildə şairəni prezident təqaüdü ilə təltif edib. Oxucularla ilk görüşə 1981-ci ildə "Ulduz" jurnalında dərc edilən "Tanrı" povesti ilə gələn şairənin daha sonra "Ağ qanadlar" və "Günəşə dua" kitabları nəşr olunub. "Quzey Qıbrız" və "Xocalı simfoniyası" poemaları Nurəngiz Günə daha çox məşhurluq gətirib.

"Günəş, mənə soyuqdur...

Mənə yerdə yaman soyuqdur.

Günəş, məni apar yanına -

Bu yerdə mənə çox soyuqdur".

Bu misraları isə Nurəngiz xanım ölümündən bir neçə gün öncə yazıb. Hər gün bir neçə dəfə təkrarlayaraq, sanki bu dünyadan gedəcəyinə yaxınlarını, övladını hazırlayırdı. Bu da son! 76 ildən sonra işıqlı dünyaya gözünü əbədilik yumdu. Geridə qoyduqları isə onu sevənlərin sevgisi və bir də acılı-şirinli günlərində yazdığı sətirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.