Cəmiyyət

"Bu gün Azərbaycan artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib"

20 Dekabr 2014 12:09
Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az "Azərbaycan" qəzetinə istinadən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin müsahibəsini təqdim edir.

- Ziyad müəllim, qlobal sarsıntılar şəraitində Azərbaycanın bugünkü iqtisadi durumunu necə qiymətləndirirsiniz?

- Bəşəriyyət XXI əsrin 15-ci ilinə daxil olur. Azərbaycan dövlətinin güclənməsi və iqtisadi qüdrətinin möhkəmlənməsində mühüm dövr kimi qiymətləndirilə bilən bu 15 il ərzində ölkənin iqtisadiyyatı dünya və Avropa ölkələri ilə müqayisədə daha sürətlə artmış, sosial-iqtisadi inkişafı xarakterizə edən əsas göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Ölkəmizin inkişafı davamlı xarakter almış, eləcə də icra olunan əzəmətli layihələr Azərbaycanı dünyaya yeni, sivil formada təqdim etməyə imkan vermişdir. Bütün bu müsbət dəyişikliklər ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının həyatiliyini bir daha sübut edir.

Regionumuzda və dünyada baş verən dəyişiklikləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəldən, bu məqsədlə praqmatik, rasional qərarlar qəbul etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlayan Prezident İlham Əliyev ölkəmizin dinamik və keyfiyyətli inkişafına nail olmaqla yanaşı, dünya birliyində mövqelərini də xeyli dərəcədə gücləndirməyə nail olmuşdur.

Bu il noyabrın 11-də Budapeştdə Azərbaycan-Macarıstan Biznes Forumunda Macarıstanın Baş naziri Viktor Orban belə bir fikir işlətdi: "Bəzi ölkələr bu gün çətinliklər yaşayır, öz milli maraqlarını aydın şəkildə vurğulaya, milli təsisatları qura bilmir, bununla da dost və tərəfdaş ölkələrdən məhrum olurlar. Digər ölkələrdən yardım istəyən ölkələr də var. Xanımlar və cənablar, bu ölkələrin gələcəyi yoxdur. Bütün bəşəriyyət bu gün çox çətin və mürəkkəb dövr yaşayır. Münaqişə regionlarına diqqət yetirsəniz, bu gün bunları hesablamaq üçün əlimizdəki barmaqlar çatmaz. Bu gün xəbərlərə baxanda görürük ki, dünyanın müxtəlif yerlərində insanlar əzab-əziyyət, iztirab içindədirlər. Çünki bəzi dövlətlərdə səriştəli rəhbərlik yoxdur".

Bəli, lideri olmayan dövlətin, xalqın taleyi həmişə sual altında olmuş və olacaq. Ətrafımızda baş verənlər bu deyilənləri bir daha təsdiq edir. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu. Çünki o, xalqın əsl lideri idi. 1994-cü ilin sentyabrında XX əsrin müqaviləsi adlandırılan "Əsrin müqaviləsi" imzalandı. Bununla da irimiqyaslı işlərə start verildi. Ölkədə ictimai-siyasi sabitlik təmin edildi, Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan dövlətinin fundamental əsasları yaradıldı, yeni iqtisadi sistem formalaşdırıldı, iqtisadi islahatlar aparıldı, sosial-iqtisadi nəticələrin yaxşılaşmasına nail olundu.

Bu gün xalqa, dövlətə liderlik missiyasını Prezident İlham Əliyev yerinə yetirir. Son 11 ildə Azərbaycan dövlətinin uğurları o qədər miqyaslı, əzəmətlidir ki, bu nailiyyətlərə çoxsaylı dövlətlər neçə-neçə onilliklər ərzində nail ola bilməyibdir. Belə bir dinamik inkişafın başlıca səbəbi odur ki, Azərbaycan müstəqil, milli maraqlara cavab verən siyasət yeridir, bir sıra beynəlxalq qurumların ölkənin iqtisadi təhlükəsizlik prinsiplərinə cavab verməyən tövsiyələrini qəbul etmir, özünün ilk növbədə davamlı və keyfiyyətli inkişafını təmin etmək, xaricdən asılılığa yol verməmək, malik olduğu insan kapitalı, zəngin təbii resurslardan səmərəli istifadə etməklə inkişaf etmiş ölkəyə çevrilmək siyasəti yeridir. Bu siyasətin uğurları dünyanın aparıcı ekspertləri, siyasi liderləri tərəfindən etiraf edilir.

Azərbaycan XXI əsrin ötən dövründə, qeyd etdiyiniz kimi, kataklizmlərlə müşayiət olunan proseslərə, bəzən qloballaşmanın doğurduğu mənfi fəsadlara baxmayaraq, siyasi, iqtisadi, sosial və digər sahədə böyük nailiyyətlər əldə edib, regionun, Avropanın, dünyanın iqtisadi-siyasi həyatında fəal iştirak edən, beynəlxalq aləmdə mövqeyini ildən-ilə möhkəmləndirən dövlətə çevrilmiş, özünün inkişafının yeni mərhələsinə qədəm qoymuş, gələcəyə hədəflənmiş inkişaf strategiyasının prioritetlərini müəyyənləşdirmişdir.

- Ölkənin maliyyə ehtiyatları və dövlət büdcəsinin gəlir mənbəyində nə kimi meyllər müşayiət olunur?

- Son 15 ildə neftin satışından daxil olan gəlirlərin artması, qeyri-neft sektorunun sürətli inkişafı ölkənin maliyyə resurslarının, dövlət büdcəsinin gəlirlərinin sürətli artımını təmin etmişdir. Qlobal maliyyə sarsıntılarına baxmayaraq, Azərbaycan özünün maliyyə resurslarını artırmış, müəyyən edilmiş sosial-iqtisadi, ölkənin müdafiəsi ilə bağlı vəzifələrin həyata keçirilməsində heç bir maneə, sıxıntı hiss etməmişdir. Çünki ölkədə milli maraqlara, ölkənin iqtisadi qüdrətinin artmasına xidmət edən səmərəli maliyyə-vergi, gömrük siyasəti həyata keçirilir. Son 10 ildə olduğu kimi, 2015-ci ildə də büdcə gəlirlərinin artması nəzərdə tutulmuşdur. Müsbət meyl ondan ibarətdir ki, qeyri-neft sektorundan daxilolmalar daha sürətlə artır. 2015-ci ildə Dövlət Neft Fondundan transfertlər nəzərə alınmadan Vergilər Nazirliyi xətti üzrə vergi daxilolmaları büdcə gəlirlərinin 78 faizini təşkil edəcək. Vergi sisteminin təkmilləşdirilməsi, vergi mədəniyyətinin, vergi inzibatçılığının yüksəldilməsi, müasir informasiya texnologiyalarından istifadə vergi daxilolmalarının yığım əmsallarının artmasına, bütövlükdə büdcə proqnozlarının yerinə yetirilməsinə öz müsbət təsirini göstərməkdə davam edir. Büdcə zərfinə daxil olan materiallar göstərir ki, görülən tədbirlər nəticəsində maliyyə intizamı möhkəmlənmiş, vergi borcları azalmışdır. Bir faktı qeyd edək, 2015-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirləri ölkəmizin 2003-cü, 2004-cü və 2005-ci illər cəmi büdcəsindən 1,4, qeyri-neft gəlirlərindən 4 dəfə çox olacaqdır.
Onu da nəzərə almaq lazımdır ki, ÜDM-in strukturunda ayrı-ayrı vergi növləri səviyyəsində tətbiq edilən güzəştlər və azadolmalar, yaradılan sənaye və texnologiya parklarının rezidentləri üzrə uzunmüddətli vergi güzəştlərinin tətbiqinə başlanılması, fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi və ölkə ərazisində mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi üzrə vergidən azad olunan vergitutma bazalarının ümumi həcminin artması vergi daxilolmaları ilə bağlı proqnozlara xeyli təsir edir.

Azərbaycanın iqtisadi uğurlarının mühüm amillərindən birini xarici iqtisadi əlaqələrinin inkişafı, tədiyyə balansının müsbət saldosu təşkil edir. İxracın həcmi artıq neçə illərdir ki, idxalın həcmini əhəmiyyətli dərəcədə üstələyir. Təbii ki, burada neft amilinin rolu yüksəkdir və bu da müəyyən dövr üçün obyektiv zərurətdir. Lakin yaxın gələcəkdə ixracyönümlü istehsalın genişləndirilməsi istiqamətində görülən işlər ixracın strukturunun xeyli dərəcədə təkmilləşməsini təmin edəcəkdir.

Müntəzəm olaraq gömrük daxilolmaları üzrə proqnozlar da yerinə yetirilir. Dövlət Neft Fondundan transfertləri nəzərə almadan onun dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi 22 faiz təşkil edir. 2015-ci il proqnozuna görə, Dövlət Gömrük Komitəsi üzrə büdcəyə daxilolmaların həcmi 2003-2006-cı illər üzrə bu sistem üzrə büdcə daxilolmalardan 4 dəfə çoxdur. Əlbəttə, gömrük rüsumlarının həcminə təsir edən obyektiv amilləri nəzərə almaq lazımdır. Hesablamalar göstərir ki, idxal rüsumları üzrə azadolmalar vergitutma bazasında cəmi idxalın 50 faizini təşkil edir. Buraya neft konsorsiumu, nizamnamə fondu, qrantlar, humanitar yardım, təkrar idxal, lizinq, azad ticarət sazişləri ilə bağlı və s. digər azalmalar daxildir.

Ümumiyyətlə, gömrük rüsumlarından, eləcə də ƏDV-dən azadolma ancaq qanunvericiliklə tənzimlənən müstəsna hallarda olmalı, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına, innovasiyalı iqtisadiyyatın inkişafına xidmət etməlidir.

2015-ci il üçün dövlət büdcəsinin xərcləri 25,2 milyard manat təşkil edəcəkdir ki, bu da 2005-ci illə müqayisədə 10 dəfə çoxdur. Əgər 2005-ci ildə əhalinin hər nəfərinə 250 manat büdcə xərci düşürdüsə, indi bu rəqəm 2200 manat təşkil edir. Belə bir dinamikaya nə Avropa, nə də MDB məkanında heç bir ölkə nail olmayıb. Dövlət büdcəsinin strukturunda müsbət dəyişikliklər baş vermiş, strateji proqramlar, məqsədli layihələr üzrə büdcə vəsaitlərinin əhatə dairəsi genişlənmişdir. Təsadüfi deyildir ki, dünyanın ən aparıcı qurumları, ekspertləri ölkəmizin maliyyə sistemində baş verən dəyişiklikləri konkret faktlara, ölkələr üzrə müqayisəli təhlilin nəticələrinə əsaslanaraq yüksək qiymətləndirirlər.

- Hazırda ən aktual məsələlərdən biri də xam neftin qiymətində baş verən dəyişikliklərdir. Azərbaycan hökuməti beynəlxalq qurumların proqnozlarına istinad edərək neftin 1 barelinin qiymətini gələn il üçün büdcədə 90 ABŞ dolları ilə hesablayıb.

- Ümumiyyətlə, qlobal dünya iqtisadiyyatında risklərin artması, demək olar ki, son illər tez-tez müşahidə olunur. Əsas məsələ odur ki, ölkəmizdən asılı olmayan qlobal risklərə biz hazır olmalıyıq, qabaqlayıcı tədbirlər görməliyik. Bu, inkaredilməz faktdır ki, neft dünya siyasətinin tərkib hissəsidir. Harada neft varsa, orada böyük dövlətlərin marağı var, deməli, böyük siyasət var. XIX əsrin sonu XX əsrin əvvəllərində neftə sahib olmaq üçün dünya ölkələri arasında gizli və açıq mübarizələr başlandı və belə siyasət bu gün də davam edir. Uzun illər mühacirətdə yaşamış görkəmli Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin ötən əsrin 30-cu illərində çap olunmuş "Maye qızıl" kitabında neftin dünya siyasətində rolu və gələcəkdə oynayacağı rolu barədə uzaqgörən baxışları demək olar ki, bu gün də superdövlətlərin neftlə bağlı apardığı siyasətə tam uyğun gəlir: neft resurslarına sahib olmaq, bunun üçün mövcud olan bütün vasitələrdən istifadə etmək, neftlə zəngin olan ölkələrdə iğtişaşlar törətmək, dövlətləri sarsıtmaq, onları vətəndaş müharibəsinə cəlb etmək və s. Son illər Yaxın Şərqdə baş verən hadisələr, dünyada tarazlığın pozulması, qarşıdurma hallarının səngiməməsinin başlıca səbəbi enerji resurslarına sahib olmaq və hökmranlıq etməkdir. Bizim yaxın tarixə nəzər salaq: müstəqil Azərbaycan dövlətinə 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində nə qədər təhlükəli təzyiqlər oldu. Bir müddətdən sonra Azərbaycanı istəməyən qüvvələr Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə salınmaması üçün var qüvvələri ilə çalışmırdılarmı?

Yuxarıda qeyd edildiyi kimi, 2015-ci ilin dövlət büdcəsində neftin qiyməti 90 ABŞ dolları müəyyən edilib. Bu, son illərin orta illik ixrac qiymətləri ilə müqayisədə aşağı olsa da, reallığı, dünya neft siyasətində baş verən prosesləri əks etdirir. Əlbəttə, bu rəqəm tez-tez həm yuxarı, həm də aşağı düşə bilər. Bizim hər birimizə aydındır ki, neftin qiymətində baş verən dəyişikliklər dövlətimizdən asılı olmayan, qlobal dünya siyasətində baş verən səbəblərlə bağlıdır.

Neftin qiyməti 90 dollar olduqda azalma 1,9 milyard dollar gözlənilir ki, bu da ölkənin valyuta ehtiyatlarının 3,4 faizidir. Rusiya iqtisadiyyatında baş verən proseslər, Qərbin Rusiyaya sanksiya tədbirləri, neftin qiymətinin aşağı düşməsi, Qərbin maliyyə institutlarının Rusiyanın üzünə bağlanması bu ölkədə ciddi iqtisadi, sosial çətinliklər yaratmışdır. Bunu Belarus, Ermənistan və Qazaxıstan da hiss edir. Azərbaycan bu kimi risklərdən uzaqdır. Çünki Azərbaycan hökuməti qabaqlayıcı tədbirlər gördü, bu gün də milli maraqlara cavab verən siyasət yeridir.

Konkret araşdırmalar göstərir ki, Azərbaycan dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə bağlı yaranacaq itkilərini örtmək üçün kifayət qədər valyuta ehtiyatları və inkişaf imkanlarına malikdir.

Nəzərə almalıyıq ki, ölkənin maliyyə resurslarının formalaşması real sektorun inkişafı ilə bilavasitə bağlıdır. Son illər aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində ölkənin maliyyə resurslarının formalaşması real sektorun inkişafı ilə bilavasitə bağlıdır. Fəaliyyət göstərən müəssisə, firma və şirkətlərin maliyyə vəziyyəti yaxşılaşmışdır ki, bunun da nəticəsində büdcə daxilolmaları üzrə tapşırıqların yerinə yetirilməsi təmin olunur.

- Növbəti sual dünyanın hər yerində aktual iqtisadi müzakirələrə səbəb olan dövlətin borclanması ilə bağlıdır. Təbiidir ki, borcu olan və onu ödəmək imkanı olmayan ölkə bütün hallarda ağır vəziyyətə düşür, siyasi və iqtisadi təzyiqlərə məruz qalır. Bu barədə fikirləriniz?

- Azərbaycan müstəqillik əldə etdikdən sonra borclanma ilə əlaqədar olaraq bir neçə mərhələdən keçib. Müstəqilliyimizin ilk illərində Azərbaycanın maliyyə vəsaiti yox idi. Ölkəmizə borc da vermirdilər, çünki siyasi, iqtisadi sabitlik təmin edilməmişdi, makroiqtisadi göstəricilərimiz aşağı və iqtisadiyyatın gəlirlilik dərəcəsi yox dərəcəsində idi. Ona görə də ölkədə investisiya mühitinin yaxşılaşması, özəl sektorun, beynəlxalq iqtisadi münasibətlərin inkişafı ilə bağlı irimiqyaslı işlər görüldü. Bütün bunlar öz müsbət nəticəsini verdi. Azərbaycana investisiya axını başladı, təklif edilən layihələrin ən münasibini seçmək imkanı yarandı. Bu gün Azərbaycan artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib.
Azərbaycan dövlətinin borclanma siyasəti ölkənin milli maraqlarını əsas tutmaqla iqtisadi müstəqilliyinin daha da güclənməsinə, qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafına xidmət edir. Xarici borcun həcminin ÜDM-ə nisbəti 8-9 faiz arasında tərəddüd edir. Bu, bir çox ölkələrdəki borclanmadan dəfələrlə azdır. Bəli, bir nəfərə düşən borcun miqdarı əvvəlki illərə nisbətən artıb. Amma ÜDM-in bir nəfərə düşən miqdarı ondan dəfələrlə sürətlə artıb. Dövlət Neft Fondunun və Mərkəzi Bankın kifayət qədər valyuta ehtiyatları var ki, bu da baş verə biləcək risklərin mənfi təsirini azaltmaq üçün kifayət qədər güclü mənbədir.
Azərbaycan dövləti xarici borclanma siyasətinə həssaslıqla yanaşır. Dövlət başçısının mövqeyi ondan ibarətdir ki, müvafiq strukturlar alınan borc vəsaitlərindən səmərəli istifadə etməli, borclanma siyasətində yalnız strateji, innovasiyalı rəqabətədavamlı iqtisadiyyatın qurulmasına xidmət edən layihələrə üstünlük verməlidirlər.

Beynəlxalq təşkilatlar hökumətə kifayət qədər kreditlər təklif edirlər və bu barədə dövlət başçısının mövqeyi ondan ibarətdir ki, biz elə layihələrlə bağlı kredit almalıyıq ki, həmin layihələr də öz növbəsində milli gəlir gətirsin və bunun hesabına Azərbaycanın büdcəsi dolsun. Bu istiqamətdə görülmüş işlər təqdirəlayiqdir.

- Bəzi mətbuat səhifələrində ölkə iqtisadiyyatının neftdən çox asılı olduğu göstərilir. Bu kimi fikirlərə münasibətinizi bilmək istərdik.

- İlk növbədə demək istəyirəm ki, xalqımızın böyük zəhməti hesabına yaradılmış yanacaq kompleksi bu gün və gələcəkdə də Azərbaycanın inkişafı üçün vacibdir. Yanacaq kompleksi hər bir ölkənin iqtisadi təhlükəsizliyini qorumağa xidmət edən strateji sahədir. Ölkələr var ki, yanacaq resursları yoxdur, amma güclü yanacaq kompleksi yaratmaq üçün bütün imkanlardan istifadə etməyə üstünlük verirlər ki, digər ölkələrdən iqtisadi cəhətdən asılılıqlarını azaltsınlar.

Proqnoz hesablamalara görə, Azərbaycan hələ xeyli müddət dünyanın zəngin neft ehtiyatlarına malik olan bir regionu kimi qalacaqdır. Azərbaycan dövləti tarixin ölkəmizə verdiyi bu şansdan uğurla istifadə edir. Ona görə də tam məsuliyyətlə bildirmək istəyirəm ki, neçə-neçə onilliklər boyu formalaşmış yanacaq kompleksinin Azərbaycanın müasir iqtisadiyyatında mühüm rolunun sürətlə azaldılmasına çağırış heç bir məntiqə sığmır.
Təsadüfi deyil ki, son illər ölkədə sənayenin srtrukturunun təkmilləşməsi, emal müəssisələrinin sürətlə inkişafı istiqamətində miqyaslı tədbirlər həyata keçirilir.

- Çox maraqlı olardı ki, siz bütövlükdə sənayedə baş verən dəyişikliklər barədə bir qədər ətraflı danışardınız. Axı ölkədə sənayenin inkişaf imkanları çox böyükdür.

- Razıyam. Müstəqilliyimizin bərpasının ilk illərində baş verən proseslər iqtisadiyyatın bütün sahələri kimi, sənayenin də tənəzzülünə səbəb olmuş, vaxtilə yaradılmış sənaye potensialını ağır vəziyyətə salmışdı. Məhz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı və uzaqgörənliyi ilə iqtisadiyyatda tənəzzülü dayandıra, aradan qaldıra və makroiqtisadi proseslərə təsir edə bilən tədbirlərin həyata keçirilməsinə başlanıldı. Azad bazar münasibətlərinə söykənən təsərrüfatçılıq sisteminin yaradılması, sənaye müəssisələrinin özəlləşdirilməsi istiqamətində ciddi tədbirlər görüldü. Sabitliyin bərqərar olunması, normativ-hüquqi bazanın formalaşdırılması, əlverişli biznes mühitinin yaradılması, iqtisadi islahatlar Azərbaycana xarici kapitalın axınını sürətləndirdi. Bunun da nəticəsində sənayedəki tənəzzül tədricən aradan qalxmağa başladı. Kimya, metallurgiya, elektroenergetika, emal sənaye sahələrində artım müşahidə olundu.

Ötən 11 ildə isə ölkə iqtisadiyyatının neft sənayesi ilə yanaşı, dayanıqlı inkişafının təmin edilməsi üçün aparılan dövlət siyasəti, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ölkədə qeyri-neft sahələrinin, xüsusilə emal sənayesinin inkişafına güclü zəmin yaradıb. Hazırda yeni məhsul növlərinin istehsalı, innovasiya xarakterli texnologiyaların tətbiqi, yeni müasir müəssisələrin istifadəyə verilməsi sənayenin inkişaf imkanlarını xeyli genişləndirib.

Bəzən belə fikir səsləndirirdilər ki, azad bazar münasibətləri şəraitində heç bir sənaye siyasətinə ehtiyac yoxdur. Guya bazar hər şeyi həll edir. Dünya maliyyə böhranı, qlobal iqtisadi sarsıntılar göstərdi ki, bu kimi köhnəlmiş nəzəriyyələr, baxışlar bugünkü qloballaşan dünyada effekt vermir. Ona görə Azərbaycan müstəqilliyini qorumaq, iqtisadi təhlükəsizliyini təmin etmək üçün təkmil sənaye siyasətinin həyata keçirilməsini ön plana çəkmiş, 2014-cü ili "Sənaye ili" elan etmişdir.

Təbii ki, həyata keçirilən müvafiq proqramlara uyğun olaraq növbəti illərdə də yeni yerli xammal resursları bazasına əsaslanan müəssisələr işə salınacaq, iqtisadiyyatın strukturunun şaxələnməsi istiqamətində ciddi addımlar atılacaq. Müasir maşınqayırma zavodları tikilib istifadəyə veriləcək, texnoparkların salınması, regionlarda kənd təsərrüfatı, onun xammalına əsaslanan emal müəssisələrinin yaradılması, tikinti materialları istehsalının inkişafında baş verən müsbət dəyişikliklər ölkənin iqtisadi potensialının möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir edəcək, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi prosesini sürətləndirəcək. Unutmamalıyıq ki, sənayenin inkişafı yeni iş yerləri, yüksək əməkhaqqı, ixtisaslı kadrların rolunun artması, cəmiyyətin keyfiyyətli inkişafı deməkdir.

Bütövlükdə son illər əldə etdiyimiz mühüm uğurlardan biri ondan ibarətdir ki, Azərbaycanda sənayeləşmə prosesi sürətlənir, dövlət büdcəsində iqtisadiyyatın diversifikasiyalaşması üçün kifayət qədər vəsait nəzərdə tutulur. Yeni sənaye müəssisələrinin tikilib istifadəyə verilməsinə dövlət dəstəyi artır, sahibkarlara güzəştli kreditlər verilir.

Təbii ki, rəqabətədavamlı məhsul istehsalını artırmaq, innovasiyalı iqtisadiyyat qurmaq, yeni bazarlara çıxmaq, bütövlükdə investisiya mühitinin daha da yaxşılaşdırılması, biznesin idarə edilməsi, yeni iqtisadi təfəkkürün formalaşması kimi məsələlərə daha çox diqqət verilməsini zəruri edir.

- 2015-ci ilin dövlət büdcəsini sosial və ya investisiyayönümlü adlandırmaq olarmı?

- Sosial sahəyə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin həcmi və istiqamətləri ildən-ilə artır. ÜDM-in 32-33 faizi dövlət büdcəsi vasitəsilə bölünür. Bu, dövlətin funksiyalarını uğurla həyata keçirməyə şərait yaradır.

Ölkədə ipoteka institutunun inkişafında müsbət meyillər özünü göstərir. Sosial ipotekanın tələbinin genişləndirilməsi üçün 50 milyon manat ayrılmışdır. Biz gələcəkdə ipoteka kreditlərini daha da artırmalıyıq. Bir iqtisadçı, Azərbaycanın sosial-iqtisadi problemlərini uzun illər tədqiq edən bir insan kimi arzu edərdim ki, bu kreditlərin əksər hissəsi regionlara paylansın. Çünki regionlarda urbanizasiya prosesləri təkmilləşdirilməlidir. Gənclərin bölgələrdə yaradılan obyektlərdə işləməsi, ailə qurması, əhalinin təkrar istehsal göstəricisinin yaxşılaşmasına, regionlararası sosial-iqtisadi inkişafda olan fərqlərin daha da yumşaldılmasına kömək edər, bütövlükdə respublikamızın daha keyfiyyətli inkişafına səbəb olar.

Təbii ki, əsas amil dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərdən səmərəli istifadə olunmasıdır. Bunun üçün ilk növbədə vətəndaşları narahat edən, düşündürən məsələlər dərindən öyrənilməli və araşdırılmalıdır. Bununla belə, kəndlərdə iri müəssisələrin yaradılmasına diqqət artırılmalıdır. Kooperasiyaların inkişafı, iri kəndli təsərrüfatların yaradılması diqqət mərkəzində olmalıdır. Rəqabətə dözümlü aqrar sektor yaratmaq üçün xırda müəssisələr əsasında mülkiyyət hüquqlarını qorumaqla tədricən iri təsərrüfatların formalaşması aqrar sektorun səmərəlilik göstəricilərinin yaxşılaşması, xaricə çıxma imkanlarının genişlənməsi üçün vacib amildir.

Eyni zamanda, kəndlinin yetişdirdiyi məhsulun bazara çıxarılması məsələsinə də diqqət artırılmalıdır. Bu, çox vacib məsələ kimi iqtisadi mexanizm vasitəsilə, o cümlədən dövlət sifarişi amilindən səmərəli istifadə etmək yolu ilə tənzimlənə bilər. Bir sözlə, kəndlinin əməyinin son nəticələrdə maraqlı olmasına xidmət edən iqtisadi mexanizmlərə üstünlük verilməsi qarşıda duran mühüm məsələlərdən biridir. Bu məsələdə aqrar iqtisadçı alimlərimiz daha fəal iştirak etməlidir. Dövlət büdcəsində dövlətin yeni çağırışlarına adekvat olaraq Azərbaycan dövlətinin Konstitusiyasında müəyyən edilmiş funksiyaları əvvəlki illərə nisbətən daha yüksək və keyfiyyətli səviyyədə yerinə yetirmək üçün tələb edilən vəsaitlər nəzərdə tutulmuşdur.

İqtisadi inkişaf ilə sosial inkişaf arasında qarşılıqlı əlaqə və asılılıq onda özünü göstərir ki, hər iki sahə tarazlı inkişaf edir. Müasir Azərbaycan dövlətinin məqsədini iqtisadi inkişafa, güclü iqtisadiyyata əsaslanan sosial siyasəti uğurla həyata keçirmək, eyni zamanda sosial inkişafın iqtisadi tərəqqiyə təsirini, gücünü artırmaq təşkil edir. Bu prosesin davamlı olması üçün əlverişli investisiya mühitinin yaradılması, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi çox vacibdir. Ona görə də dövlət büdcəsini təkcə bir istiqamətə görə qiymətləndirmək çətin məsələdir.

Onu da əlavə edim ki, dövlət büdcəsində ölkə Konstitusiyasında nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi üçün tələb olunan pul vəsaitlərinin miqdarı öz əksini tapır. Dövlət büdcəsi ölkənin iqtisadi, ali maliyyə sənədi hesab edilir. Əgər 15 il bundan əvvəl maliyyə imkanlarımızın az olduğu üçün dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun cəmi 13-14 faizini təşkil edirdisə, bu gün həmin rəqəm 32-33 faizdir. Bu, kifayət qədər böyük rəqəmdir və Azərbaycanın gələcək inkişaf perspektivlərinin müəyyən edilmiş hədəflərinə uyğundur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.